ABŞ prezidenti Donald Trampın İraqdakı ABŞ əsgərlərini İranı izləmək üçün orada saxlayacağını açıqlamasının ardından İraq Parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılması üçün qanun layihəsi hazırlamağa başlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İraq Parlamentinin sədr müavini Həsən Əl-Xaabi Trampın sözügedən açıqlamasını qınayıb.
"Bu gün də başqa bir provokasiya ilə çıxış edərək, qoşunların İranı izləmək üçün İraqda qalacağını söylədi. İraqda ABŞ-ın varlığını sonlandırmaq üçün hər kəsə çağırış edirik", - deyə o, bildirib.
Digər millət vəkilləri də bu addımı alqışlayıb və ABŞ-ın İraqdan çıxmasının artıq milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıblar.
"İraq atanın ferması deyil", - deyə millət vəkili Həsən Sari Trampa cavab verib.
Qeyd edək ki, Tramp CBS-yə açıqlamasında İraqdakı bazanı saxlamaq istəməkdə məqsədinin xüsusən İranı izləmək olduğunu, çünki İranı real təhlükə kimi gördüyünü demişdi.
Xatırladaq ki, artıq ABŞ qüvvələri 15 ildir ki, İraqa nəzarət edir.
Şərhlər