“İrəvanın bu şansdan istifadə edəcəyini söyləmək çətindir...

“İrəvanın bu şansdan istifadə edəcəyini söyləmək çətindir..." - Politoloq

"Əlbəttə, Lavrovun "mərhələli həll” planı ilə BMT qətnamələrini xatırlatması, o cümlədən deyilənlərin bölgənin statusuyla əlaqələndirilməməsi Azərbaycanın maraqlarına cavab verir. Ancaq Lavrov bu fikirlərini dəyirmi masada dilə gətirib".

Qaynarinfo xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya Xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi son açıqlamasından danışarkən qeyd edib. Onun sözlərinə görə, Sergey Lavrovun son açıqlaması həm Azərbaycanda, həm də Ermənistanda ciddi rezonansa səbəb olub:

"Lavrov Moskvada "Qorçakov” fondunda keçirilən dəyirmi masada deyib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini ehtiva edən Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, o cümlədən Kazan sənədi, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 2019-cu ilin aprelində qəbul etdiyi ortaq sənəd var. "Münaqişənin mərhələli həlli nəzərdə tutulur. İlk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur”, – deyən Lavrov BMT-nin 1990-cı illərdə qəbul etdiyi qətnamələri də xatırladıb.

Əlbəttə, Lavrovun "mərhələli həll” planı ilə BMT qətnamələrini xatırlatması, o cümlədən deyilənlərin bölgənin statusuyla əlaqələndirilməməsi Azərbaycanın maraqlarına cavab verir. Ancaq Lavrov bu fikirlərini dəyirmi masada dilə gətirib. Yəni sabah Lavrov başqa bir dəyirmi masada fərqli fikirlər də söyləyə bilər. Lavrovun "mərhələli həll” planı və BMT qətnamələrini haqqındakı fikirlərinin Rusiya Xarici İşlər Nazirliyinin xüsusi bəyanat formasında yayınlanmasına ehtiyac var. Bu halda həm Lavrovun, həm də Kremlin münaqişənin "mərhəlli” şəkildə həlli üçün ciddi niyyətdə olduğu aşkarlanar".

Politoloq qeyd edib ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Lavrovun təkliflərini dərhal rədd edib: 

"O deyib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilməz, həmin rayonlar separatçılar üçün təhlükəsizlik zonası sayılır. Əslində Zöhrab Mnatsakanyan yalan deyir. Ermənistanın indiki və keçmiş xarici işlər nazirləri, o cümlədən prezidentləri rəsmi Bakı ilə danışıqlarda hər zaman Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mövzularını müzakirə ediblər. Rayonların boşaldılması qarşılığında status məsələsini ortaya atıblar. Aydındır ki, Zöhrab Mnatsakanyanın açıq şəkildə Lavrovun sözlərini təkrarlaması problematikdir. Əks halda Ermənistanın indiki hakimiyyəti "Qarabağ klanı” və digər millətçi qrupun hücumları ilə üz-üzə qalacaq. Ancaq əgər Lavrov açıqlamasında səmimidirsə, Ermənistan hakimiyyətini "mərhələli həll” planına razı salmaq Kreml üçün çətin olmamalıdır.

Ermənistan Rusiyanın təsiri altındadır. Koronavirusun yayıldığı indiki ağır məqamda Ermənistanın Rusiyanın yardım və dəstəyinə daha çox ehtiyacı var. Əslində indiki ağır zamanda "mərhələli həll” planı Ermənistan üçün şansdır. Onsuz da koronavirusa görə Ermənistan ağır iqtisadi duruma sürüklənib, sərhədlərinin tamamı bağlıdır və nə zaman açılacağı bəlli deyil. Ermənistanın Azərbaycan və Türkiyə ilə barışığa hazır olması bu dövlətin qorxduğu müharibədən qurtulması və regional əməkdaşlığa qoşulması perspektivi yaradır. Ancaq İrəvanın bu şansdan istifadə edəcəyini söyləmək çətindir".

Elxan Şahinoğlu bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüş keçirdilər: 

"Görüş zamanı tərəflər koornavirus pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər. Bu o deməkdir ki, vasitəçilər tərəflərə koronavirus təhlükəsi olduğu müddətdə atəşkəsə ciddi riayət etmələrini istəyirlər. ATƏT həmsdərlərinin əl-qolları bağlıdır, onlar nə bölgəyə səfər edə bilir, nə də əvvəlki kiçik razılaşmaları həyata keçirə bilirlər. Buna görə də vasitəçilər qorxurlar ki, bu şəraitdə bölgədə toqquşma ehtimalı arta bilər. Nazirləri onlayn görüşdürmək məhz onların ideyasıdır. Ancaq əgər Zöhrab Mnatsakanyan deyirsə ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq, onlayn görüş danışıqların imitasiyasından başqa heç nə deyil. Əslində bu imitasiyanın davamındansa həmsədrlərin Lavrovun "mərhələli həll” planı və BMT qətnamələri barədə dediklərini təkrarlamasına ehtiyac var idi. Həmsədrlər isə onlayn görüşdən sonra ənənəvi və heç bir əhəmiyyət kəsb etməyən növbətçi bəyanatlarını yayınlayıblar".

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR