Sənət 17:00 23.02.2021

İş adamı olan gənc yazıçı: “Hətta Gürcüstanda ruhi dispanserdə qalmışam”

Qaynarinfo yazar, ADO teatrının aktyoru, gənc biznesmen Kamal Akenlə müsahibəni təqdim edir. 

- Kamal, bir neçə il əvvəl Aken təxəllüsü ilə roman yazmışdın. Kitab təqdimatın olmuşdu, yazıçı kimi iddian böyük idi, amma sonra görmədik səni. Niyə yaza bilmədin?

- Bu qədər ciddi giriş gözləmirdim. Kim deyir, ondan sonra yazmadığımı?(gülür) Azərbaycandan köçməyimə səbəb də, elə daha ciddi yaradıcılıqla məşğul olmaqdır. 3-5 inşa yazanın yazıçı olduğu bir cəmiyyətin yazıçısı olmaq istəmədim.

- 3-5 inşa yazan yazıçı deyəndə, məsələn, kimlər? Ad çəkə bilərsən?

- Döydürtmək istəyirsən məni onlara? (gülür) Ad çəkmək kimi bir fobiyam var, amma göz qarşısındadır da hər şey.

- Amma kitabın da rezonans doğurmadı. "Qaranlıqda sən" idi adı. Adətən kitab çıxandan sonra ədəbi mühitdə reaksiyalar olur. Bəlkə sənə olmadı deyə, heç kimi yazıçı kimi qəbul etmirsən?

- O vaxt ilk kitabım olmasına rəğmən, geniş oxucu auditoriyası qazandığını özün də şahidi olmuşdun. Ədəbi mühitdə reaksiya olmasa da, oxuyan, bəyənən çox idi. Təbii ki, sonradan bir neçə müsahibəmdə də o kitabdan imtina etdiyimi demişdim, o kitabla yadda qalmaq istəmirəm. Ümumiyyətlə, Azərbaycanda bütün yazıçılar bir-biri ilə dost-tanışdır və həmişə də şanlarına təriflər yağdırıblar, mənim isə heç vaxt onlarla əlaqəm olmadığı üçün mənə daha çox eqoist kimi yanaşırlar. Əgər mən də onlar kimi bir başqasına "gəl, məndən bir yazı yaz" desəm, nə fərqim oldu ki?

- Sonradan yazdığın roman var? Əslində, o kitabdan sonra psixoloji bir roman yazdığını da demişdin. Amma görmədik. Nə vaxt çap edəcəksən?

- Hazırda "Şizofreniya palatası" adlı kitab üzərində işləyirəm. Artıq 4 ildən çoxdur ki, bu romanı tamamlaya bilmirəm, təkcə araşdırmasına 2-3 il vaxtım gedib, hətta Gürcüstanda araşdırma məqsədi ilə ruhi dispanserdə qalıb müşahidələr aparmışam. Kitab çap etmək çox asandır, önəmli olan ortaya qoyulacaq işdir. Bu il hazır olacağını düşünürəm. Kitab Tiflis, ya da İstanbulda çap olunacaq.

- Kamal, səni bir müddət də ADO teatrında gördük. Aktyor idin, tamaşalarda rol alırdın. Amma sonra fəaliyyət göstərmədin. Ötəri həvəs idi, ya necə?

- Heç kəs ötəri həvəsi üçün 5 ilini xərcləməz. Teatr mənim keyfiyyətli bir həyat yaşamağım üçün çox vacibdir. ADO aktyor kimi yetişmək üçün çox ciddi bir teatrdır, bildiyin kimi, paralel bizneslə məşğul olduğum üçün işlərim çox artdı və günün iş yorğunluğunu teatrdakı fəaliyyətimə təsir etməməsi üçün bir müddətlik aktyorluq fəaliyyətimi dayandırdım. Buradakı işlərimi yoluna qoyduqdan sonra yeni bir teatr yaratmağı düşünürəm.

- Biznes demiş, sən eyni zamanda təhsil sahəsində oldun. Kurs yaratdın, sonra turizmə keçdin. Ümumiyyətlə, özünü axtarmaqdır bu, yoxsa sadəcə, sıradan bir insanın hər işlə məşğul olmaq istəyi?

- Özümü dərk edəndən bəri haradasa maaşlı işdə işləyə bilməyəcəyimi bildiyim üçün bizneslə məşğul olmağa məcbur idim. Ayrıca sahələrin artması özünü axtarmaq yox, şirkətin böyüməsi deməkdir. Təhsil sektorunda bu 4 ildə çox böyük nəticələr əldə etdik, oradan qazandığımızı turizmə, aqrar sektora yatırdıq, mağazalar açdıq. İndi isə İstanbulda qardaşımla tekstil və otelçiliyə başlayırıq. Əgər bizneslə məşğulsansa, daim axtarışda olursan və yeni sahələrə can atırsan. Gələcəkdə də yeni sahələrin olacağı isə istisna deyil.

- Türkiyədə biznesi davam etdirəsi olsan, bəs bura qayıtmaq necə? Həm də teatr qurmaq istəyirsən. İşlərin artdıqca, vaxtın da azalacaq. Səncə, yaradıcılıqla bu bir arada olacaqmı?

- Son il yarımda yaxşı bir komanda qurduq, işlərimizi o komanda həyata keçirir. Türkiyədəki işlərdə də bir neçə ay özüm başında durduqdan sonra həmin komanda işin başına keçəcək. Azərbaycana qayıtmağı, orada hər hansı böyük bir sektora girməyi düşünmürəm. Ümumiyyətlə, həyatımı bir ölkədə yaşamaq kimi bir fikrim yoxdur. Karantin vaxtı düşünməyə çox imkanım oldu, anladım ki, hər şey iş, biznes demək deyilmiş, məhz ona görə də hər ölkədə bir neçə il yaşamaqla tez-tez yerimi dəyişməyi planlaşdırıram. Vaxtım indi də azdır, amma yaradıcılıqla məşğul olmaq üçün kifayət qədər vaxt tapa bilirəm.

- Özünün də yaradıcı adam olduğunu nəzərə alsaq, bəlkə ədəbiyyat üçün də nəsə edəsən? Xaricdə bunun nümunələrini görürük. İş adamları ədəbiyyat üçün böyük işlər görür.

- Bəli. Böyük iş adamları şirkətinin nüfuzunu artırmaq üçün bir miqdar vəsaiti bu kimi işlərə ayırır. Biz isə hazırda maddiyyat olaraq qarşılığını görməyəcəyimiz bir işə pul ayıracaq gücdə deyilik. Gələcəkdə biz də o duruma çatsaq, niyə də olmasın?

- Yəni, deyirsən, sadəcə, nüfuz artırmaq üçün edərsən bunu? Axı özün də yazırsan, bunu təmənnasız etmək olmazmı? Aydın məsələdir ki, biznes bunu tələb etmir, bəs, fərd olaraq özün? Məsələn, özünün dediyi kimi, teatr yaradıb imkansız, amma bu işi bacaran adamlara meydan vermək, yaxud da kitablarla bağlı işlər, layihələr və s.

- Xeyr, nüfuz üçün edirəm demədim, sənin az öncə qeyd etdiyin iş adamları əsasən nüfuz üçün edir bunu. Bizim isə nüfuz üçün və ya sadəcə xeyriyyə məqsədi ilə olsa da, bu tip layihələrə yatırım etməyə imkanımız yoxdur. Çünki biz hələ ki, kiçik və ya orta sahibkar sayılırıq. Amma kitabını çap edə bilməyən, istedadlı şəxslərə kitabının çapı ilə bağlı yardım edə bilərik və ya tamaşa hazırlayıb səhnəsi olmayan şəxslərə məkan götürməyə yardım edə bilərik. Lakin böyük çaplı yatırımları etməli olan şəxslər məncə, başqalarıdır.

- Kamal, bizim yazarları bəyənmirsən, amma ümumi olaraq əksəriyyəti ilə eyni düşünürsən. Məsələn, müharibə vaxti azərbaycanlı yazıçıların çoxunu qınadılar ki, ermənilərə tərəfsiniz, müharibəyə "yox” deyirsiniz və s. Sənin fikrin də belə idi. Ümumi olaraq nə düşünürsən bu barədə?

- Müharibəyə qarşı çıxan yazıçı görməmişəm. Hansının yazdıqlarına baxsan, qələbədən danışırlar. Müharibəyə qarşı çıxan bir ovuc insan vardı, onlar da artıq ölkədə deyil. Mən özümü dərk etdiyimdən bəri savaşa, qan tökülməsinə qarşı olmuşam. Hər şeyin həlli sevgi və sülhdür. Bu otuz ildə hərbə, silaha bu qədər edilən yatırımlar barışa, sülhə edilsəydi, bu qədər insan canından keçməz, bu qədər qan tökülməzdi. Savaşı dəstəkləməmək hər-hansı tərəf tutmaq demək deyil. Mənim üçün insan insandır, irqi, dini, milliyəti önəmli deyil.

- Axı, biz ermənilərə sülh üçün çox şans verdik, onlar hər səfərində Qarabağın bizim yox, ermənilərin olduğunu dedi. Belə halda isə müharibə qaçılmaz olurdu. Fikrin nədir, sülh üçün torpaqları verməli idik?

- Müharibə vaxtı Gürcüstan Ermənistana aparılan hərbi sürsatlar üçün tranzit yol vermişdi. Hazırki prezident Salome Zurabişvili dedi ki, Azərbaycan iqtisadi müttəfiqimiz, Ermənistan isə qonşumuzdur. Eks prezident M. Saakaşvili bununla bağlı açıqlama verdi ki, Gürcüstan hakimiyyətinin atdığı addımlar gürcü xalqının istəyi ilə üst-üstə düşməyə bilər, bu, gürcü xalqının yox, hakimiyyətinin fikirləridir. Bunu niyə dedim? Ermənilərin də, bizim də mövqelərimizin aparıcı qüvvələrin mövqeyi ilə üst-üstə düşməməsi normaldır. Amma atılan addımları xalqın ayağına yazmaq olmaz. Ermənilərin də qatı milliyyətçiləri olduğu kimi, azərbaycanlıların da var. Bütün millətlərdə qatil var.
Bu otuz ildə "erməni düşməndir” təbliğatı aparılmasaydı, indi rahatlıqla bir erməni ilə sevgili ola bilərdin.

- Amma görünən odur ki, onların da, bizim də ümumi insanlarımız sülh istəmirdi. Dediklərinə qalsa, hər şey siyasətdir. Ortada iki yol var, ya müharibə edib torpağı almalısan, ya da sülh deyib torpağı verməlisən. Hansı?

- Dediyim kimi, hər şey təbliğatdan asılıdır. Uşaq vaxtı babam həmişə ən güclü silahın sevgi olduğunu öyrətmişdi mənə. Amma insanlar nəyi istədiyini bilmir. Soruşsan ki, niyə Qarabağa bu qədər can atırsan, amma Zəngəzura yox, cavab verə bilməyəcək. Səhv etmirəmsə, 1950-ci ildə III Dünya müharibəsinin qarşısını almaq məqsədilə Cenevrədə bağlanmış sazişə əsasən, heç bir dövlət başqa dövlət qarşısında ərazi iddiasında buluna bilməzdi. Bununla da bütün dövlətlərin ərazi xətləri müəyyənləşdi, SSRİ də dağılandan sonra yaranan dövlətlər BMT-yə üzv olmaqla o konvensiya ilə razılaşmış olur və ərazi bütövlüyü dünya tərəfindən tanınırdı. Diqqət etsən, rus işğal etdiyi hər yerə sülhməramlı ordusunu göndərib, həmin yerə müstəqillik verir. İstər Gürcüstanın Abxaziyası olsun, istər Ukraynanın Kırımı. Ermənistan da Qarabağa "Artsax" adını verməklə qondarma respublika qurmağa cəhd edirdi. Yəni, buna görə Azərbaycan Zəngəzura qarşı ərazi iddiasında buluna bilməz. Əlbəttə, hamımız zamanında edilmiş bütün vəhşiliklərə qarşıyıq, ermənilərin günahsız insanları öldürməsini heç kəs unuda bilməz. Mən torpaq alaq, ya torpaq verək demirəm. Çünki mənim o torpaqlarda heç bir əməyim olmayıb və bunla bağlı hər hansı bir fikir bildirməyim doğru olmaz. Hər kəsin ideologiyasına sayğı ilə yanaşmaq lazımdır. Sadəcə, üzülərək, kaş qan tökülmədən alınardı deyirəm...

Orxan Saffari