Ölkə 15:58 23.10.2020

İşğal edilmiş sərhəd 27 il sonra Azərbaycan sərhədçilərinin tam nəzarətinə keçir

Ötən gün prezident İlham Əliyev Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edildiyini və bununla da Azərbaycanın İranla dövlət sərhədinin on illərdir düşmən nəzarətində olan 132 kilometrlik hissəsinin tamamən sərhədçilərimizin nəzarətinə keçdiyini elan etdi. Bu, Qarabağda müzəffər Azərbaycan ordusunun əldə etdiyi daha bir strateji qələbədir və şübhəsiz ki, olduqca mühüm hərbi, iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaq.

Azərbaycanın İranla 765 kilometrlik dövlət sərhədinin 132 kilometri 1993-cü ildə Ermənistanın Zəngilan və Cəbrayıl rayonlarını işğal etməsi nəticəsində "itirilmişdi”. O vaxtdan etibarən onillər ərzində Azərbaycan-İran sərhədinin həmin hissəsi işğalçılar tərəfindən həm Qarabağdan talan etdikləri metal konstruksiyaları İrana daşıyıb satmaq, həm oradan qaçaqmalçılıq yolu ilə müxtəlif mallar, o cümlədən yanacaq daşımaq üçün istifadə olunurdu.

Sonradan isə Azərbaycan-İran sərhədinin işğal altına düşən hissəsi beynəlxalq narkomafiyanın da diqqətini cəlb etdi. Nəticədə sərhədin Azərbaycanın dövlət nəzarətində olmayan hissəsindən narkokuryerlər də istifadə etməyə başladı və oradan işğal altındakı ərazilərə heroin xammalının daşınması başladı.

Azərbaycan hökumət strukturları ölkənin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin bir hissəsinin işğal altına düşməsi nəticəsində Qarabağın beynəlxalq narkomafiyanın istifadə etdiyi "boz zonaya” çevrilməsi təhlükəsi, nəticədə regional təhlükəsizlik üçün yaranan risklər haqda müntəzəm olaraq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırırdı. Əvvəlcə bu məsələ diqqəti cəlb etmirdi, amma sonradan ABŞ Dövlət Departamenti narkotiklərə qarşı mübarizə illik hesabatlarında Azərbaycan-İran sərhədinin nəzarətsiz qalmış sahəsindən istifadə olunmaqla qurulan narkotrafik marşrutu barədə bəhs etməyə başladı.

Son illər isə Azərbaycan-İran sərhədinin həmin hissəsi həm də regiona keçmək istəyən terrorçu qrupların diqqətini cəlb etdi. Təsadüfi deyildi ki, Ermənistan Qarabağda yeni hərbi avantüraya hazırlıq görəndə İraq və Suriyadan PKK terrorçularının regiona daşınması üçün məhz həmin nəzarətsiz zonadan yararlanmışdı. PKK terrorçularının bir qismi məhz İran-Azərbaycan sərhədinin işğal altına düşmüş hissəsindən Qarabağa keçirilmişdi.

İndi Azərbaycan ordusunun bir aydan da az müddətdə dövlət sərhədinin həmin hissəsinə nəzarəti bərpa etməsi mühüm tarixi hadisədir, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi istiqamətində daha bir strateji qələbədir. Bu qələbə Azərbaycan-İran qonşuluq münasibətlərinin də tamamilə yeni mərhələyə keçməsinə səbəb olacaq. İşğaldan azad edilmiş Arazboyu ərazilərin gələcəkdə bərpa edilməsi ilə İranla Azərbaycan arasında qarşılıqlı ticarət-iqtisadi əlaqələr də genişlənəcək. Həmin ərazilərdə İranla Azərbaycan arasında yeni sərhəd-keçid məntəqələri qurulacaq. Bununla  həm İran üzərindən Azərbaycana yükdaşımalar üçün tamamilə yeni, əlverişli marşrut da açılacaq, sərhədboyu ticarət genişlənəcək. Bu isə hər iki ölkə üçün mühüm iqtisadi perspektivlər vəd edir.

Xatırladaq ki, bir neçə gün əvvəl ordumuz tarixi Xudafərin körpüsünü və ardınca "Xudafərin” su anbarının sahilboyu ərazilərini də düşməndən təmizləyib.  Bundan sonra hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından bir neçə il əvvəl imzalanmış hökumətlərarası saziş çərçivəsində  daha səmərəli istifadə edəcək, artıq "Xudafərin” hidroqovşaq bəndinin tikintisinin 90 faizi  tamamlanıb. Ordumuzun döyüş meydanında  qazandığı qələbə sayəsində Araz çayının su ehtiyatlarından istifadə imkanları da Azərbaycan üçün genişlənir.
 
Mənbə: virtualaz.org