Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist İlham Hüseynov teatrdan çıxarılması məsələsinə münasibət bildirib.
Qaynarinfo-ya danışan aktyor teatrdan onun işdən çıxarılması ilə bağlı verilən açıqlamanın ağ yalan olduğunu deyib. İ.Hüseynov həmçinin bildirib ki, Azərpaşa Nemətov teatra direktor gəldiyi gündən onu bir aktyor kimi bəyənməyib və komandada görmək istəməyib:
"Teatrın işdən çıxarılmağımla bağlı göstərdiyi səbəblərin hamısı ağ yalandır. Mənim işdən çıxarılmağımın birinci səbəbi odur ki, Azərpaşa Nemətov gəldiyi gündən məni sevmir, aktyor kimi bəyənmir və bildirir ki, "mən səni bu komandada görmürəm". Yoxsa işə gəlməməyim barədə dediklərinin hamısı bəhanədir. Düzdür, son vaxtlar işə seyrək gedib-gəlmişəm. Amma bu da yayda əməliyyat olunduğum üçün 6 ay bülletendə olmağımla əlaqəli olub. O gələndən sonra mənə heç bir rol verilməyib. Bu mənim problemim deyil. Gedib özüm-özümə rol alası deyiləm ki? Rolum olan tamaşalar da repertuardan çıxarılıb. Dediyim kimi, əsas səbəb odur ki, o, məni komandada görmək istəmirdi. Digər məsələlər də var ki, hələlik onları qabartmıram. Amma məni özümdən çıxarsalar, hər şeyi açıqlayacam".
Qeyd edək ki, aktyorun işdən çıxarılması xəbərini ilk olaraq Ölkə.az saytı yayıb.
Çingiz Səfərli
Şərhlər