Dünya 09:41 21.01.2020

İŞİD-in yeni liderinin kimliyi açıqlandı

Bağdadinin yerinə keçən yeni İŞİD liderinin kimliyi bəlli olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, İŞİD-in yeni lideri olaraq açıqladığı Əbu İbrahim əl Haşimi əl Qureyşinin gerçəkdə kim olması kəşfiyyat orqanları tərəfindən dəqiqləşdirilib. Onun əsl adının Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Mövla əl Selbi olduğu qeyd edilir.

Daha əvvəl mütəxəssislər İŞİD-in açıqlamasında adı keçən Əbu İbrahim əl Haşimi əl Qureysinin edam edilən İraq lideri Səddam Hüseynin ordusunda hərbi xidmət keçmiş, ABŞ-ın işğalından sonra 2004-cü ildə əsir düşərək, Bucca düşərgəsində Bağdadi ilə birgə həbsdə yatmış türkman Hacı Abdullah olduğunu ehtimal edirdilər.

ABŞ Xarici İşlər naziri yeni liderin tutulması üçün 5 milyon dollar mükafat təyin edib.

Mənbə olaraq Kəşfiyyat Xidmətinin rəsmilərini göstərən Guardian əl-Qureyşi haqqında bunları yazır:

"Terror qruplaşmasının qurucularından biri olan Haşimi İraqda yezidi azlıqların kölələşdirilməsi kampaniyasına və qlobal miqyasda əməliyyatlara liderlik edib".

Yeni liderin Mosul Universitetindən şəriət hüququ sahəsində diplomu olduğu, İŞİD daxilində də təhsilli olduğu üçün yüksəldiyi, "Yezidi Soyqırımı"nı təşfiq edən fətvalar verdiyi və Ninova bölgəsində etnik təmizləməni aparan şəxslərdən biri olduğu bildirilir.
 
Camal