Hüseynbala Səlimov
Siyasət 09:43 15.04.2019

İslahatlar nədir və nə deyil?...

Hüseynbala Səlimov

Haradasa ən müasir məktəbin və yaxud uşaq bağçasının açılması, əhalinin müxtəlif kateqoriyaları üçün müavinətlərin artırılması, hətta şəhid ailələrinə yardımların verilməsi və yaxud da yolların tikilməsi hələ islahatlar demək deyil. 

Bunlar çox ciddi sosial proqramlar və ya infrastruktur layihələridir. İnanın, bununla biz zərrə qədər olsun belə həmin layihələrə kölgə salmaq istəmirik, onları yüksək dəyərləndirir və təqdir edirik, amma yenə də qeyd etməyi vacib bilirik ki, hətta zərər çəkmiş sahibkarlara da ziyanın dövlət tərəfindən ödənilməsi islahat deyil, ciddi sosial layihədir. 

İslahat o, olardı ki, ölkədə ciddi, işlək sığorta sistemi yaradılsın və sahibkarlar bu və ya digər səbəbdən ziyan çəkəndə durub dövlətin üstünə qaçmasınlar, sığorta şirkətlərinə üz tutsunlar. Bilirəm, soruşacaqsınız ki, o halda bəs islahatlar daha nə deməkdir və yaxşı işlərin necə adlanmasının doğrudanmı bu qədər önəmi vardır? Hətta oxucuların bir hissəsi qeyzlənəcək ki, bununla nə demək istəyirsiniz?

Ona görə də bircə-bircə izah etməyə çalıaşacam. Siyasi və iqtisadi islahatlar elə işlərə deyilir ki, onlar ölkə siyasətinin və iqtisadiyyatının birbaşa strukturunu, məzmununu dəyişir. 

O ki qaldı məsələnin "niyə”sinə, güman edirik və hətta ümidliyik ki, bəzi deyilənlərə və yaxud yazılanlara rəğmən ölkədə çox ciddi siyasi islahatların aparılacağı haqdakı xəbərlər heç də Avropa Birliyilə (AB) münasibətləri yeni bir mərhələyə qaldırmaq ərəfəsində aparılan adicə taktiki təbliğat deyil, bunun arxasında çox qətiyyətli siyasi niyyətlər və planlar dayanır, ən azı ona görə ki, prezident İlham Əliyev özü Novruz təbrikində islahatların, xüsusən də siyasi islahatların anonsunu vermişdi.

Amma ciddi niyyət ciddi də proqrama əsaslanmalıdır, dəqiq və konkret şəkildə müəyyən edilməlidir ki, haradan başlamaq və nələləri dəyişmək lazımdır. Ən əvvəl isə məsələlərə baxış, siyasi fəlsəfə və dünyagörüşü dəyişməlidir, çünki islahatçı düşüncəsinə yiyələnmədən islahat aparmaq olmur. 
O siyasi qüvvələr ki, bunu məcbur olaraq, könülsüz edirlər, onların işi bir qayda olaraq arzulanan nəticəni vermir, uzağı siyasi dekorasiya xarakteri daşıyır və ictimai narazılıqları bir az da artırır – Dünyanın çox ölkələrinin təcrübəsində bunlar sübut edilibdir.

Biz nahaq yerə siyasi dünyagörüşündən və yaxud da fəlsəfədən başlamadıq. O gün baxırıq, "tanınmış” yazarlardan biri yazır ki, ölkədə ciddi narazılıq olmadığından mitinqlərə, aksiyalara ehtiyac yoxdur və elə hökumət də çox düzgün olaraq onların keçirilməsini icazə vermir...

Bilirsiniz, bu cür iddialar, "nəzəriyyələr” istər-istəməz hətta ümidli insanları da belə düşünməyə yönəldir ki, elə bəziləri həqiqətən çox düz deyirlər ki, əslində heç kimin əsl islahat aparmaq fikri yoxdur, deyilənlər sadəcə, bir təbliğatdır. 

Çünki haradasa aksiyalara ona görə icazə vermirlər ki, ölkədə böyük narazılıq var və yaxud da yoxdur. Ona görə icazə verilir ki, bir qrup ölkə vətəndaşı narazıdır və onlar narazılıqlarını aksiya keçirnəklə ifadə etmək istəyirlər.

Bu, məsələnin yalnız bir tərəfidir. İkincisi, etiraz aksiyalarına icazə vermədən, onlar üçün normal şərait yaratmadan kimsə deyə bilərmi ki, ölkədə həqiqətən də narazılıq var, ya yox? Harada görünübdür ki, ölkədə narazılığın olub-olmamasını da hökumət özü müəyyən etsin?..

Əlbəttə, bir "tanınmış” yazarın mövqeyi belə heç də cəmi hakimiyyətin mövqeyini əks etdirmir, üstəlik, bəzi hakimiyyət təmsilçiləri özləri üstüörtülü şəkildə, hakimiyyətə yaxın qüvvələrsə açıq mətnlə bildirirlər ki, heç də bütün məmurlar və siyasətçilər islahatların zəruriliyi qənaəti ilə razı deyillər. 
Çoxu istərdi vəziyyət dəyişməsin, elə əbədi olaraq belə qalsın, çünki belə olması sərf edir; sağa – sola yaltaqlanırsan, altdan - altdan da talan edirsən. Nə vecinə? Sən ki, Qurana və ya Konstitusiyaya əl basmamısan ki...        
             
Odur, ciddi islahatlar, xüsusən də siyasi islahat planları mütləq məmurların müəyyən müqavimətilə qarşılaşacaqdır. Bu, bizim üçün elə bir yenilik deyil, çünki islahatlar bilavasitə məmurların hakimiyyətinin azaldılmasına, onların əsassız imtiyazlarının götürülməsinə, iqtisadiyyata müdaxilə imkanlarının maksimum dərəcədə aradan qaldırılmasına yönələcəkdir – təbii ki, ciddi islahat niyyətlərimiz varsa...

Qarşıda duran bir nömrəli vəzifə də elə siyasi hakimiyyətlə biznesin birdəfəlik biri-birindən ayrılması, məmur - nomenklatura kapitalizminə son qoyulmasıdır. Bizim iqtisadiyyatımız demək olar ki, məmurların və siyasi hakimiyyətin əsiridir. 

Hər dəfə yüksək çinli bir məmur vəzifəsindən gedəndə elə faktlar açıqlanır ki, adam lap donub qalır ki, əcəba, biz hansı ölkədə, hansı əsrdə yaşayırıq? Bu oğurlanan vəsaitlər haradandır? Halbuki cavab elə də gizlin deyil: bunların böyük hissəsi büdcə vəsaitlərini oğurlamaq, vəzifədən istifadə edib müəyyən biznes sektorunda məmurların özləri  üçün inhisarlı mövqe təmin etmək və bir də, əlbəttə ki, açıq reket yolu ilə əldə edilir...

Son vaxtlar məmurlarla cəmiyyətin bilavasitə kontaktlarını azaltmaq səhəsində böyük işlər görülübdür. Amma ki, məmurların adi vətəndaşlarla kontaktları minimuma endirilbdir, iqtisadiyyat, biznes adamları isə özlərini məmur müdaxiləsindən qorumaq üçün hələ zəruri immunitetə malik deyillər. 

Başa düşürəm, iş adamlarına dəyən ziyanın belə dövlət tərəfindən ödənildiyi bu günlərdə (bunu bir daha vurğulamağa dəyər) belə fikirlər bir az şişirtmə kimi görünür, amma hətta yanan ticarət mərkəzinin sahibi kimi mətbuatda vəzifəsindən getmiş yüksək çinli məmurlardan birinin adı hallandı... 

Heç sözsüz, biz bunun nə dərəcədə həqiqət olduğunu bilmirik və təsdiqedici iddiada da bulunmaq fikrimiz yoxdur. Amma o da var ki, çox böyük və hətta nəhəng biznes strukturlarının bu və ya digər nazirlə, yüksək çinli məmurla bağlı hallanması çox təəssüf ki, birinci dəfə baş vermir.

Odur ki, siyasi islahatlardan da söz düşəndə biz hətta demirik ki, mediayaya filan hüquqlar verilsin və yaxud da "Siyasi partiyalar haqqında qanun”a filan dəyişikliklər edilsin, ya da mitinqlər, aksiyalarla bağlı qanuneviricilik sadələşdirilsin – halbuki bunlar da çox vacibdir, ona görə ki, mövcud siyasi reallıqlar çərçivəsində inkişaf artıq doyuma halına çatıb və inkişafın yeni impuls alaması üçün ölkədəki siyasi və iqtisadi mühitin kardinal şəkildə dəyişməsinə ehtiyac vardır. 

Amma yenə də ilk öncə deyirik ki, gəlin iqtisadiyyatı, biznesi məmurların əsarətindən qurtaraq. Dövlət büdcəsi hesabına öz biznesini qurmağın yolu artıq hamıya məlumdur – iqtisadçılar dəfələrlə məsələyə işıq salmağa cəhd ediblər. 

Nazirlərin hamısı olmasa da, çoxu büdcənin vəsaitlərini öz biznes strukturlarına yönəldir, dövlət sifarişlərini onlara verirlər və yaxud da ki, büdcə ayırmalarına görə "şapka” alırlar – iqtisadçılar bu məqamlara artıq dəfələrlə diqqət yönəltməyə çalışıblar.       

İslahatların bir incə tərəfi var. İstənilən siyasi islahat konkret siyasi qüvvənin, ümumiyyətlə, hansısa hakimiyyətin səlahiyyətlərinin azalması, onun üzərində nəzarətin artırılması deməkdir. Razılaşın ki, bu, psixoloji cəhətdən heç də asan məsələ deyil və bunu etmək adamdan həqiqətən də ölkəyə, cəmiyyətə qarşı böyük bir sevgi və sayğı tələb edir ki, "Bəli, mən bu işləri ölkəm, millətim üçün gördüm” deyə biləsən...

Odur ki, biz də prosesləri süni şəkildə sürətləndirməyə, qabaqlamağa çox da cəhd etməməliyik, hakimiyyətə şans verməliyik, hətta ona dəstək olmalıyıq ki, nəzərdə tutduğu islahatları apara bilsin. İslahatların ən çətin tərəfi bilirsinizmi nədir? 

Hakimiyyətdə təmsil olunmuş müəyyən təbəqə hiss edəndə ki, imtiyazları azalır, mövqeləri zəifləyir, başlayırlar vəziyyəti qarışdırmağa və stabilliyi pozmağa. Belə hallar başqa ölkələrin təcrübəsində çox olub və islahatların uğurla başa çatmasına imkan verməyib. 

Azərbaycanda da son aylarda buna bənzər proseslərin əlamətlərini sezmək olar.Azacıq siyasi mülayimləşmə olan ki, nəinki bir illik AXC hakimiyyətinin, ümumiyyətlə, 80-ci illərin sonlarından başlayan azadlıq və demokratiya hərəkatının gözdən düşməsində müstəsna "xidməti” olan bir qrup adam dərhal özlərini atırlar ortaya. Bununla da həm hakimiyyəti peşiman edirlər, həm də cəmiyyəti. Odur, diqqətli olmaq lazımdır; bizim başımız o qədər bəlalar çəkibdi ki, daha hər deyilən sözə inanmaq və necə deyərlər, küyə getmək bizə yaraşmaz. Gəlin hakimiyyətə kömək və dəstək verək ki, islahatları həyata keçirə bilsin.   

Burada məmurlarla bağlı bir məqamı da qeyd etmək lazım gəlir. Bizdə artıq belə fikir formalaşıb ki, məmurların iqtisadi maraqları olmasa onlar vəzifələrini ürəkdən icra etməyəcəklər, dövlət bir institut kimi dağılacaq! 

Tamam cəfəngiyyatdır! Birincisi, dövlət qulluqçusunun əlbəttə ki, müəyyən qanuni imtiyazları olmalıdır. İkincisi, ona göstərilən ən böyük etimad elə daşıdığı vəzifədir. 

Bilirsiniz, gərək, dövlət işinin də, siyasətin də aşiqi olasan. Aydın məsələdir ki, dövlət adamları, məmurlar yaşadıqları ölkənin heç də ən varlı adamları olmurlar, çünki siyasi fəaliyyət, dövlət qulluğu bir işdir, biznes tamam başqa. 

Bəli, olur ki, biznes adamları da bu və ya digər vəzifəyə gəlirlər, amma vəzifədə olduqları müddətdə bu adamlar üzərində on qat nəzarət olur ki, tutduqları postdan öz biznes məqsədləri üçün istifadə etməsinlər. Dünyanın qanunu budur,- ya biz də bu qanunla yaşamalıyıq, ya da qəbul etməliyik ki, indi başqa ölkələrin nümunəsində gördüyümüz sosial-siyasi  kataklizmləri biz də yaşamalı olacağıq...