Hüseynbala Səlimov
Siyasət 20:18 27.01.2020

İvanişvilinin dəstəsinə qarşı ABŞ özü səfərbər olur?..

Hüseynbala Səlimov

Bir ABŞ "Gürcüstana dəstək aktı” qəbul edəndə, bir də hakim "gürcü arzusu” koalisiyasının kardinalı B.İvanişvili vədinə əməl etməyəndə qərara aldıq ki, qonşu Gürcüstanda bu il baş tutacaq seçkilər gərginliksiz sovuşmayacaq.

Bu yaxınlarda məlum oldu ki, daha bir neçə ABŞ konqresmeni B.İvanişvliyə onun ötən ilin yazında insanlara, xüsusən də etirazçılara verdiyi vədi xatırladıbdı.

Düşünmürük ki, İvanişvili bu vədini tamam unudubdur. Yox, onun bəhanəsi belə oldu ki, proporsional sistemə keçidi heç də koalisiyanın bütün üzvləri dəstəkləmir və əgər o, keçidə qərar versə, onda koalisiya sıralarında ciddi parçalanma olacaq.

Bəs əks təqdirdə nə olacaqdır? Bax, bunu İvanişvili hələ də açıqlamayıbdır. Müxalifətə gəldikdə, onlar İvanişvlinin bütün dəstəsini bu dəfə hakimiyyətdən tamam silib-süpürmək fikrindədirlər. Fəqət, bunu etmək asan olacaqmı?

Bunun da cavabını dəqiq bilmirirk. Müxalifətin arqumenti budur ki, konqresmenlər onlara açıq dəstək verirsə, Gürcüstanın özünə dəstək ifadə olunursa, ən nəhayət, ABŞ-ın buradakı maraqları çılpaq bir forma alırsa, onda demək olar ki, ən azı Qərbin dəstəyi onlara bu vaxtadək özünün geosiyasi təmayülünü müəyyənləşdirməmiş "Gürcü arzusu”na da qalıb gəlməyə imkan verəcəkdir. 

Bəli, burada müəyyən qədər həqiqət var. Birincisi, Gürcüstan ABŞ üçün artıq həm də Qara dəniz deməkdir. Bundan başqa, Türkiyə ilə sərinləşən son münasibətlərin fonunda mütəmadi olaraq səslənən təkliflərdən biri də budur ki, Türkiyədəki hərbi bazalar Gürcüstana köçürülsün və güman ki, Ağ Evin strateqləri gələcəkdə bu perspektivi tamam istisna etmirlər...

O ki qaldı hakim "Gürcü arzusu” ilə əməkdaşlığa, bu illər ərzində B.İvanişvili və komandası özlərini nə rusiyapərəst, nə də  "qərbpərəst” siyasi qüvvə kimi təsdiq edə bilmədilər və yaxud da istəmədilər. İlk illərdə, hələ hakimiyyətə gəlmək ərəfəsində İvanişvili Rusiya ilə bağlı da həmvətənlərinə çox vədlər vermişdi. Amma iki ölkə arasında diplomatik münasibətlər belə hələ də yoluna qoyulmayıb! Niyə belə oldu? Hamı bu adama – İvanişviliyə Rusiyanın adamı kimi baxır, onun biznesinin guya Rusiyayla bağlı olduğu deyilir, amma bunların hamısını həqiqət kimi də qəbul etmək olmur.
Birincisi, sovetlərin qürubundan sonra milyardçı olmuş B.İvanişvili əlbəttə, sovet adamı – homosoveticus ola bilməz. Sovet adamı olmadan isə o, heç bir halda, ideyalı rusiyapərəst siyasi qüvvə də ola bilməz.

Mümkündür ki, B.İvanişvili elə həqiqətən də Rusiya ilə anlaşa biləcəyinə inanırdı, amma zaman göstərdi ki, bu elə də asan məsələ deyil və Rusiyaya qarşı neqativ, özü də kəskin dərəcədə neqativ bir münasibəti Qamsaxurdiyaların, Saakaşvililərin xarakterində, subyektiv münasibətlərində axtarmaq lazım deyil –axtarsan, çox şey səbəbsiz deyil və hətta adlarını çəkdiyimiz millətçi-radikallar da ən azı Rusiyanın yeni qüvvələrilə anlaşa biləcəklərini düşünürdülər. Amma zaman göstərdi ki, dəyişən daha çox forma, maneralardır, dərinlikdəsə qətiyyən dəyişməyən məqamlar vardır ki, bu, da neoimperializmdir...

Odur ki, B.İvanişvili xarici siyəsəti M.Saakaşvili kursu ilə davam etdirəndə buna da təəccüblənmədik – bu istiqamət yeganə bir yol idi ki, harasa aparırdı, qalan yollar isə üzü məchulluğa doğru idi. Amma "gürcü arzusu” öz geosiyasi möhürünü tapa bilmədi, çünki gürcü seçicisi tamam yaddaşsız da deyildi və İvanişvili hakimiyyətinin hansı şüarlarla hakimiyyətə gəldiyini yaxşı xatırlayırdı. Nəticə də nə oldu? İvanişvili və dostları nə Kremldə yerlərini tuta bildilər, nə də Brüsseldə və bu gün bu adamlar ABŞ konqresmenlərini M.Saakaşvilinin "qızışdırdığını” desələr də, özləri də çox yaxşı bilirlər ki, tamamilə belə də deyil –qərblilər gürcü yürüşünü kiminlə başlamışdılarsa, onunla da davam etdirmək istəyirlər...
Elə bu səbəbdən də B.İvanişvilinin seçkiləri saxtalaşdırmaqdan savayı yolu qalmayıb, çünki yenə də amerikalıların, daha doğrusu, ABŞ Milli Demokratiya İnstitununun (NDİ) keçirdiyi sorğulara görə, hakimiyyətin vəziyyəti qətiyyən ürəkaçan deyil – belə ki, rəyi soruşulanlar onları qəti olaraq dəstəkləmirlər. 

Amma saxtakarlığın da arxasında dayanmağı və bunu qəbul etdirməyi də bacarmaq lazımdır. 
İvanişvili bunu bacaracaqmı? Hər halda, bunu istəməzdik, çünki bu halda bir suala cavab vermək heç də asan olmayacaqdır: Gürcüstanla digər Qafqaz ölkələrinin daha nə fərqi oldu ki? ABŞ-la Avropanın yanında olamaqla Rusiyanın yedəyində olmağın daha nə fərqi oldu ki?.