Xəbər lenti

Kanada və ABŞ arasında
Dünya 19:00 19.03.2025

Kanada və ABŞ arasında "porno saytı böhranı" yaşanacaq?

Kanada və ABŞ arasındakı ticarət müharibəsi qeyri-adi təkliflərlə gündəmə gəlməyə davam edir. Bu təkliflərdən biri də Kanadada yerləşən "PornHub" platformasının ABŞ-dakı fəaliyyətini dayandırmasıdır.

Qaynarinfo xəbər verir ki, iki ölkə arasındakı ticarət gərginliyi artdıqca, Kanadanın vəziyyətdən faydalanmaq üçün fərqli strategiyalar müzakirəyə çıxarılır. Bunlardan biri Kanadanın ABŞ-ın əqli mülkiyyət qanunlarını qəbul etməyərək "jailbreak" (kilid açma) ixrac edən bir ölkəyə çevrilməsi, digəri isə Kanadada yerləşən "PornHub" platformasının ABŞ-də qadağan olunmasıdır. Bu təkliflər həm iqtisadi təsirləri, həm də innovativ və mübahisəli yanaşmaları ilə diqqət çəkir.

ABŞ prezidenti Donald Trampın Kanadaya tətbiq edəcəyi yeni tariflər 2 aprel tarixində qüvvəyə minəcək. Bu tariflər tətbiq olunarsa, həm Kanada, həm də ABŞ iqtisadiyyatlarında ciddi problemlər yarana bilər. 

Kanadanın Ontario əyalətinin baş naziri Doq Ford ötən həftə ABŞ-yə elektrik ixracına 25% əlavə vergi tətbiq edəcəyini açıqlamışdı. Lakin bu qərar, tarif müzakirələri davam edərkən müvəqqəti olaraq dayandırıldı. Bu hadisələr, iki ölkə arasındakı ticarət münasibətlərinin nə qədər həssas olduğunu bir daha nümayiş etdirir.

Kanadalı elm fantastika yazıçısı və texnologiya jurnalisti Kori Doktorou Kanada Siyasət Alternativləri Mərkəzi üçün yazdığı məqalədə Kanadanın ABŞ-lı texnologiya şirkətlərinin əqli mülkiyyət hüquqlarını qorumaqdan imtina etməli olduğunu irəli sürüb. Onun fikrincə, bu yanaşma Kanadaya iqtisadi üstünlük qazandıra bilər.

Məsələn:

Tətbiq mağazaları: "Amazon", "Apple" və "Google" kimi şirkətlər hər əməliyyatdan 30%-ə qədər komissiya alır. Kanada, bu şirkətlərin hüquqlarını qorumaqdan imtina edərsə, yerli tərtibatçılara üstünlük verən və daha aşağı komissiya tələb edən öz tətbiq mağazalarını yarada bilər.

Avtomobil proqram təminatı: "John Deere" və "Tesla" kimi şirkətlərin nəqliyyat vasitələrində müəyyən funksiyaları aktivləşdirmək üçün yüksək ödənişlər tələb etdiyi məlumdur. Kanada, bu cür proqramları inkişaf etdirən bir sənaye quraraq bu sahədə üstünlük qazana bilər.

Doktorou "Amerikan inhisarçılarının qazanc marjlarını azaltmağa yönəlmiş Kanada sənaye siyasətinin qarşısını alan nədir?" sualı ilə bu təklifini əsaslandırır.
Kanadalı komediyaçı Metyu Pujitski "Instagram"da paylaşdığı bir üskizdə Kanada hökumətinin ABŞ-yə qarşı "PornHub"ı qadağan etməli olduğunu irəli sürüb. Eskizdə siyasətçilər "PornHub"ın Monreal şəhərində yerləşən bir şirkət olduğunu kəşf edir və bu qadağanın ticarət müharibəsində Kanadanın lehinə ola biləcəyini düşünürlər.

Digər tərəfdən, "PornHub" artıq ABŞ-ın 17 ştatında qadağan edilib. Bu qadağalar, bəzi ştatlarda yetkinlər üçün məzmun platformalarına giriş üçün şəxsiyyət təsdiqi tələb edən yeni qanunların nəticəsidir. "PornHub" bu tələblərə uyğunlaşmaq əvəzinə, həmin ştatlarda fəaliyyətini tamamilə dayandırmağa qərar verib.

Kanada və ABŞ arasındakı ticarət müharibəsi yalnız iqtisadi deyil, eyni zamanda siyasi və mədəni aspektləri ilə də diqqət çəkir. Kori Doktorounun təklifi, Kanadanın texnologiya sahəsində daha müstəqil bir yol izləyə biləcəyini göstərsə də, Metyu Pujitskinin satirik yanaşması ticarət münaqişələrinin kreativ həll yolları ilə ələ salınmasını ortaya qoyur. Lakin bu təkliflərin nə dərəcədə reallaşa biləcəyi və nəticələrinin necə olacağı zamanla bəlli olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->