Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı keçirilən növbəti tədbir zamanı paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyev xüsusi karantin rejimini pozmaqda şübhəli bilindikləri üçün Bakı şəhərində saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, E.Səfərəliyev və Ə.Şalıyev epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronovirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhəri istiqamətində hərəkət ediblər. Bu məqsədlə E.Səfərəliyev Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan təxminən 1 kilometr aralıda özünə məxsus "Mercedes” markalı avtomobili idarə etməyi 50 manat müqabilində razılığa gəldiyi paytaxt qeydiyyatında olan tanışı Ə.Şalıyevə həvalə edib. E.Səfərəliyev isə nəqliyyat vasitəsinin yük yerində gizlənməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən postu keçib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakini Kərim Kərimov və İmişli rayon sakini Elxan İbrahimov xüsusi karantin rejimi qaydaları pozaraq Bakı şəhərinə gəldikləri üçün saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, K.Kərimov idarə etdiyi "Daewoo” markalı, E.İbrahimov isə idarə etdiyi "Mersedes” markalı nəqliyyat vasitə ilə Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan qanunusz keçməklə karantin rejimi qaydalarını pozublar.
Əsgər Şalıyev və Elşən Səfərəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Ə.Şalıyev və E.Səfərəliyev tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Elxan İbrahimov və Kərim Kərimov isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs ediliblər.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.
Şərhlər