Dünya 12:07 26.02.2020

"Karantin"in tarixi: Yer üzünün cəhənnəmi, Qara Vəba adası, on minlərlə cəsəd...

Çində ortaya çıxan və sürətlə dünyaya yayılan koronavirus səbəbindən bir çox ölkədə epidemiyaya yoluxanlar karantin altına alınır. Bu da öz növbəsində karantin rejiminin əhəmiyyətini gündəmdə saxlayır. Bəs bu sistem ilk dəfə harada və hansı xəstəlik üçün tətbiq edilib?

Qaynarinfo xəbər verir ki, karantin rejiminin tətbiq edildiyi məlum olan ilk xəstəlik cüzamdır. Məsələn, Tövratda İsrail oğullarının cüzam xəstələrindən uzaq durmaları əmr edilib. İncildə də bu xəstəlik detallı şəkildə təhlil edilib. Cüzamın yaralara və bədənin formasının pozulmasına səbəb olması əsrlər boyunca bu xəstəliyin asan şəkildə yoluxduğuna dair inancın formalaşmasına gətirib çıxarıb.

Nəhayət 1873-cü ildə cüzama səbəb olan bakteriya (Mycobacterium leprae) tapılıb. Lakin sadəcə tanrılar deyil, tibb mütəxəssisləri də buna qarşı müəyyən tədbirlərin görülməsini tövsiyə edirdilər.


Tibbin atası hesab edilən Hippokratla Antik Romanın ən önəmli həkimlərindən olan Beqamalı Qalen vəba xəstəlikdən can qurtarmaq üçün o yerdən dərhal uzaqlaşmaq və mümkün olduğu qədər gec qayıtmamaq kimi məsləhətlər görüblər.

1300-cü illərin ortalarında Asiya, Avropa və Afrikanın bəzi yerlərində qara vəba yayılarkən belə tibbin ən yaxşı tövsiyəsi bu idi. Amma həmin vaxtlarda karantin kəlməsinə rast gəlinmirdi.

Bəs bu kəlmə müasir dilə necə daxil olub?

Bu sualın cavabı Avropada yayılan vəba xəstəliyində gizlənib. XIV əsrin ortalarından etibarən vəba xəstəliyi dalğa şəklində Avropaya yayılıb. 1347-ci ildə cənubi Avropaya çatan epidemiya 1350-ci ildə sürətlə İngiltərə, Almaniya və Rusiyaya keçib. Bu xəstəlikdən Avropanın əhalisinin üçdə birinin öldüyü ehtimal edilir.

Epidemiyanın belə ağır nəticələrə yol açması ona qarşı güclü tədbirlərin alınması zərurətini də ortaya çıxarıb. Məsələn, 1374-cü ildə Milan lordu Barnabas Viskonti vəbaya yoluxanların şəhərdən çıxarılaraq kənar bir bölgəyə yerləşdirilmələrini, orada müalicə olunmalarını və ya ölmələrini gözləməyi əmr etmişdi. Aralıq dənizinin ən sıx limanlarından olan Raqusada isə  (Xorvatiyanın Dubrovnik şəhəri) şəhərin baş həkimi Yakobo de Padua müalicə üçün xaricdən gələn xəstələrə şəhər sularından uzaqda bir yer ayrılmasını tövsiyə etmişdi.


Lakin bu tədbirlər lazımi səviyyədə olmadığından epidemiyanın yayılmasının qarşısını almaq üçün daha ciddi tədbirlər görülməsinə ehtiyac yaranmışdı.

Beləliklə, 1377-ci ildə Ali Şura "Terentino" tətbiqi üçün qanun qəbul edir. Bu qanuna əsasən, vəbanın təsirinə məruz qalan bölgələrdən şəhərə daxil olmaq istəyənlər 30 gün nəzarətdə saxlanılmalı idi. Bundan sonra 80 il boyunca Marsel, Cenova və Venesiyada oxşar qanun layihələri qəbul edilib. Lakin Venesiya 1423-cü ildə daha da irəli gedib.


Belə ki, XII və XIII əsrlərdə şərqlə ticarətin mərkəzi hesab edilən Venesiya Lazaretto Veccio adı verilən adada tarixdəki ilk karantin xəstəxanasını qurub. Vəba xəstəliyinə yoluxduğu ehtimal edilənlər şəhərdən dərhal çıxarılaraq bu adaya aparılırdı. Hətta bir dəfə xəstəxananın çökmüş divarının altından yüzlərlə insan skeleti tapılıb.

Məlumatlara görə, Qara Vəba Adası adlandırılan bu adada on minlərlə insan ölüb. Bura yer üzünün cəhənnəmi hesab edilirdi. Lakin bunun sayəsində yüz minlərlə insanın da həyatı xilas edilib. Nəhayət yarım əsrdən sonra Venesiya xəstəliklə mübarizə çərçivəsində daha bir addım atıb.


1468-ci ildə Venesiya rəsmiləri şəhərə gələn bütün gəmilərin 6,5 kilometr uzaqlıqda yerləşən bir adada 40 gün saxlanılması haqda əmr veriblər. Əmrə əsasən, bütün sərnişin və ekipajın enməsi, yüklərin boşaldılaraq adanın ortasındakı anbarlara daşınması, sirkə, qaynar su və şəfalı otlarla dezinfeksiya edilməsi tələb olunurdu.

Lazaretto Nuovo adı ilə tanınan bu binalar sadəcə venesiyalıları deyil, bütövlükdə şəhəri qorumaq məqsədilə Venesiya dövləti tərəfindən tikilmişdi. Çünki ticarətin sonu şəhərin də məhv olması demək idi. Beləliklə Venesiya dünyada karantin sistemini quran ilk dövlət olub.

Nəzarət müddətinin 30 gündən 40 günə çıxarılması səbəbindən də "Terentino" adı "Quarantino" adı ilə dəyişdirilib. Quaranta italyanca 40 deməkdir.


Nəzarət müddətinin nə üçün uzadılmasına dair isə məlumat yoxdur. Bəzi mütəxəssislər xəstəliyin yayılmasının qarşısının alınması üçün 30 günün az olduğunu hesab edirlər. Bəziləri isə bunu dinlə əlaqələndirirr. Belə ki, Yəhudi-Xristian müqəddəs kitablarında 40 ədədinə tez-tez rast gəlinir. Rəvayətə görə, Musa Peyğəmbər Tövratda və Quranda adı keçən Midianda 40 il yaşayıb, çöldə qəbiləsi ilə 40 il dolaşıb, 10 əmri alana qədər Sina dağında bir o qədər qalıb. İsa Peyğəmbər də çöldə 40 gün ac qalıb və s. Bir başqa nəzəriyyəyə görə isə 40 ədədi 4 rəqəminin xüsusi məna daşıdığı Pifaqor teoremi ilə bağlıdır. Bəziləri isə bunu yoluxucu xəstəliklərin özünü 40 gün ərzində göstərməyə başladığını irəli sürən Yunan inancları ilə əlaqələndirir.

Camal
Mənbə: BBC