Ölkə 12:59 25.11.2020

Kəlbəcər Azərbaycan üçün nə deməkdir: Qayıdan xəzinə torpaq...

"İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollar ziyan dəyib”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Ermənistanın bu rayona vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyan məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq:
 


"Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır! Kəlbəcər rayonu öz doğma sahibinə qayıtdı. Artıq 27 illk həsrətə son qoyuldu. Kəlbəcər bizimdir! Təxminən 27 il öncə 60 mindən artıq Kəlbəcər sakini soyuq qış günündə öz doğma evlərini tərk etmək məcburiyyətində qaldılar. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 ha meşə sahəsi işğalçı Ermənistan tərəfindən məhv edilib dağıdıldı”.

Deputat qeyd edib ki, sahəsi 3050 km² olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir:

"İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qız ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatı mövcuddur. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir”.

Vüqar Bayramov vurğulayıb ki, 27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal olunub. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur. Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib”.

Bahar Rüstəmli