Yazıçı dostlarla messincerdə yazışdıqlarımızı, yəni "el” diliylə desək, çatlaşmalarımızı bir layihə kimi təqdim etməyi çoxdan düşünmüşdüm. İki dəfə Aqşin Yeniseylə (böyük aralarla) bu işi gördük, reaksiyalar pis olmadı, düşündüm, davam etdirim. Kənan gəldi ağlıma. Üstəlik burda bir qurmaca da yoxdu, əvvəldən məqsəd bu olur, həmsöhbətimə də deyirəm ki, işini bilsin. Beləcə, üçüncü çat da alındı. Həm bir az dərdləşdik, həm nəfəs aldıq, həm də nəfəsimiz kəsildi. Yoldaş olun:
- Salam, qardaş. Necəsən?
- Var ol, sən necəsən?
- Elə səndən onu soruşmaq istəyirdim ki, səncə, mən necəyəm? Bir də vaxtın varmı, bir az sayt üçün dərdləşməyə?
- Həə, söhbət üçün məni qəfil yaxaladın. Roman üzərində işləyirdim, təsadüfən baxdım ki, görüm feysbuk xanəsində kimlərin işığı yanır, gördüm, səndən mesaj gəldi.
- Demək, bir az vaxt var?
- Hə, burdayamsa, bir az var.
- Bəs pulun nə qədər var?
- Artıq pulsuz yaşamağa öyrəşmişəm.
- Bunu başqalarına da öyrədə bilərsən?
- Rəva görmürəm. Çox ağır işdir. Dözə bilməyəcəklər. Gedib pullarını qazansınlar. Mən yazılarımla qazanıram, yazıya da pul verməyə tövbə ediblər bu məmləkətdə. Deyirlər, canın çıxsın, get karfof sat!
- Bir tərəfdən pulsuz yaşamağa öyrəşmişik, deyirik, bir yandan da onun sirlərini öyrənməyə çalışırıq. Bu, necə olur?
- Burda sən deyən elə sirr yoxdur ki, abi. Özün öz yağında bişirsən də. Pulsuz adam həmişə vaxtsız gələn qonaq kimidir. Daim öz kisəsindən yeyir. Vay o gündən, kisə də boş ola.
- Yaxşı onda biz niyə yazırıq axı?
- Küləyə necə deyək ki, niyə əsirsən? Mən bu sualı özümə, yalan olmasın, min dəfə vermişəm. Ən optimal variant odur ki, özümüzü ovutmaq üçün. Mən yazmasaydım, ya dəli olardım, ya "pijon".
- Axı külək təbiət hadisəsidir. Özündən əsmir. Yazmaq da təbiət hadisəsidir ki?
- İnsan da təbiətin bir parçasıdır da. Toxum düşür beyinə, söz də yarpaq kimi cücərir, tumurcuqlanır, meyvə gətirir.
- Onda niyə hamı yazmır? Halbuki külək dünyanın hər yerində əsir.
- Hamıda istedad var, sadəcə, o, ölü hüceyrə kimidir, hərəkətə gətirmək lazımdır. Görünür, bu da bir sirri-xudadır ki, Tanrı hər adama o şansı vermir. Hər kəs öz içindəki xəzinədən xəbərdar olsaydı, inan ki, hamı yazardı. Belə baxanda indi hamı yazır da, abi.
- Deyirsən, xəzinədi yazmaq?
- Xəzinəni xırıd eləmək kimi bir şeydi. Xərcləyirsən, xərcləyirsən, bir də ayılırsan ki, ömrünü xərcləmisən. Sən demə, xərclədiyin ömür imiş...
- Nə əcəb oliqarxlar, biznesmenlər bu xəzinələrindən istifadə etmir? Nə əcəb o xəzinəni bizə buraxırlar?
- Onlar üst qatda yaşayanlardır, gözlə görünənə inanırlar. Yəni seyf gözlərinin qabağında olmalıdır. Açarı da gizli yerdə. Biz alt qatın adamlarıyıq.
- Səncə, bizim iztirablarımızın perspektivi var?
- Əlbəttə, var. Amma bizim ömrümüz o perspektivə çatmayacaq. Sənət həmişə öz yaradıcısını yola salandan sonra ona şöhrət bəxş edir. Fəridəddin Əttarın risaləsindəki kimi, "bu da keçər" deyib, həyatımıza davam edək...
- O şöhrətlə yaşamaq gülməli deyil? Yəni öləndən sonra. Tutaq ki, yazıçının övladı o şöhrətlə nə qədər doyura bilər qarnını?
- Əslində, bu şöhrət sözündən zəhləm gedir. Yazıçıya şöhrət lazım deyil, yazıçı sözlə işləyir və bu söz ona normal yaşamağı üçün pul gətirməlidir. Yazıçının özündən sonra övladı onun şöhrətini xərcləyir sadəcə. Bu da bekara şeydir. Sənin dediyin kimi, gülməlidir, əlbəttə.
- Onda sırf eqo üçün dəyərmi bu qədər işgəncəyə, zülmə, iztiraba? Üstəlik, bu eqo üçün həyatımıza yoldaş etdiklərimizi, dünyaya gətirdiklərimizi bədbəxt edirik...
- Məsələ burasındadır ki, eqo insanın mahiyyətidir. Bu eqo da olmasa, ədəbiyyat yaranmaz. Bu qədər sənət əsərləri yaranır, romanlar, şeirlər yazılır. Eqo katalizator rolunu oynayır. Nəticədə bir xalqın ədəbiyyatı inkişaf edir. Çox mürəkkəb məsələdir.
- Başqalarını diktatorlar, tiranlar, qatillər, nə bilim, Hitler, Stalin kimi öz eqosuna qurban vermək? Humanizmi təbliğ edən yazıçı-şair nə qədər səmimidir yekunda?
- Abi, yazıçı diktator deyil axı. Yazıçının boynuna hansısa bir missiyanı yükləmək də doğru deyil. Ədəbiyyat ən azad sahədir və humanizmlə məsələ həll olunmur. Torpaqları işğal altında olan yazıçı müharibəyə də səsləyə bilər. Məğlub ölkənin yazıçısı humanist ola bilməz. Humanist olarsa, bu, bəri başdan məğlub olmaq deməkdir.
- Mən başqalarının həyatını zəhər etməyimizdən danışırdım...
- Hə... Bu diktator-zad söhbəti bir az fikrimi yayındırdı. O barədə şəxsən mən heç cür özümə bəraət qazandıra bilmirəm. Ən böyük günahım dünyaya gəlməyimdi, o da özümdən asılı olmayıb, məndən asılı olsaydı, inan ki, doğulmazdım. Abi, geriyə yol yoxdur e. Biz gecikmişik.
- Məni bir şey təəccübləndirir bu ölkədə. Biz, Yafəsin sözü olmasın, çörək pulu üçün başqa yazıçıların əsərlərini tərcümə, başqa mətnləri redaktə edirik, qəpik-quruş da olsa, alırıq. Ancaq özümüz roman yazırıq, qəpik də almırıq. Bu, necə olur? Sirrini çözə bilərsənmi?
- Görünür, bizim üçün həmişə başqalarının fikri önəmli olub. İmport mal həmişə keyfiyyət göstərici olub bizim üçün. Bu, natamamlıq kompleksindən doğur. Ağlıma gələn ilk fikir bu oldu.
- Sən hələ də nəyəsə təəccüblənə bilirsən?
- Vallah, hər gün o qədər təəccüblənmişəm ki, təəccüb hissim çox işlənməkdən sıradan çıxıb.
- Ama yenə də yaza bilirsən? Məni təəccübləndirdin, vallah…
- Yəqin mən manyakam da. Sən suallarınla məni diksindirdin.
- İnan, indi mənə ancaq bir şey təəccüblü gəlir: biz haçansa necə də səmimi-qəlbdən təəccüblənə bilirmişik!..
- Çox dəhşətli hissdir. Hələ deyirlər, beynimizə aparat qoyacaqlar, əvəzimizə düşünəcək, təəccüblənəcək, roman-zad yazacaq… Sintetik varlıqlara çevrilirk tədricən.
- Bəlkə onda yaxınlarımıza zərər verməkdən əl çəkək, hə?
- Deyirsən, yazmayaq? Gərək düşünəm e bu barədə. Sənin "Məryəm surəsi" romanını oxuyub bitirim, qəti qərara gələcəm.
- Mən bu məqamda ancaq Kənan Hacıdan soruşan statusundayam. Nə demək, nə etmək onun müstəsna hqququdur bu anda.
- Burda vaxtımı dondurmaq istəyirəm. Çünki romanım yarımçıq qalıb.
- Bəs eşq hissi necə, o qalıb?
- Ara-bir közərir...
- Romanına yeni enerji hasil edirik burda.
- Bədbəxtlikdən enerji içkiləri də içə bilmirəm. Yorulanda özüm-özümü "zaryadka”ya qoşuram. Amma səninlə bu söhbət doğrudan da mənə qəribə bir enerji verdi.
- Yaxşı, bitirək, ancaq sən lap əvvəl verdiyim sualı cavabsız qoydun...
- Əvvəlki sual yadımdan çıxdı axı... Görürsən, huş da qalmayıb. Eşq hissi?
- Yox, sən kefimi soruşdun, mən də dedim ki, elə səndən bunu soruşmaq istəyirdim, mən necəyəm?
- Sən möhtəşəmsən, abi! Tam səmimi deyirəm!
- Sayt üçündü a bu?
- Olsun. Sənin "Öləngi"ni oxuyanda nəsr mənə qorxulu meşə kimi görünürdü. Oxudum, gördüm necəsən. Onda necəydinsə, elə indi də o cürsən. Zərrə qədər də dəyişməmisən.
- Bu cür yüksək sözləri öz söhbətimdə oxuculara olduğu kimi çatdırsam, nə deyərlər, ayıb deyilmi?
- Elə bu sualı da saxla.
- Baş üstə. Neynəyək, bizim də bir-birimizə sualdan başqa verəcəyimiz heç nə yoxdu...
Pərviz Cəbrayıl
Şərhlər