Xəbər lenti

Kənar oyunçular sülhə niyə mane olur? (ŞƏRH)
Siyasət 18:21 04.02.2025

Kənar oyunçular sülhə niyə mane olur? (ŞƏRH)

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşü zamanı bildirib ki, region ölkələrinin sərhədlərinin dəyişdirilməsi heç bir halda yolverilməzdir. Bu əsasda o bəyan edib ki, regiondan kənar bəzi ölkələrin bunu etmək cəhdləri bölgə ölkələri arasında birliyin möhkəmləndirilməsini və fikir ayrılıqlarının qarşısını almağı tələb edir. 

Tarixi təcrübə də göstərir ki, hər hansı bir regiona bir-birinə zidd gedən kənar ölkələrin müdaxiləsi əksər hallarda həmin bölgədə gərginlik ocağının yaranmasına gətirib çıxarır. Bu mənada Cənubi Qafqaz regionunda kənar qüvvələrin olması da yolverilməzdir. Çünki gələn kənar qüvvələr ilk növbədə öz maraqlarının təmini üçün gəlir və bu fonda onlar üçün istəklərinə çatana qədər regionda gərginliyin olması sərfedicidir. 

Buna yol verməmək üçün isə bölgə ölkələri arasında birlik olmalıdır və bu birlik sözdə deyil, əməldə özünü göstərməlidir. Amma təəssüf ki, indiki zamanda Cənubi Qafqaz regionunda bu birlikdən əsas əlamət yoxdur. Birliyin əldə olunmasını pozan əsas ölkə həmişə olduğu kimi, Ermənistandır. Bu ölkə Cənubi Qafqazın digər iki ölkəsilə olan problemləri həll etmək əvəzinə, hər vəchlə çalışır ki, regionda sabitlik olmasın. Bunun üçün də regiona kənar xarici qüvvələrin gəlməsində maraqlıdır. 

İrəvanın Fransa başda olmaqla Avropa İttifaqı və ABŞ-la hərbi və digər sahələrdə sıx əməkdaşlığa getməsi, sərhədə Aİ müşahidə missiyasını gətirməsi onu göstərir ki, bölgəyə kənar qüvvə gətirən ölkə məhz Ermənistandır. Lakin məsələ ondadır ki, kənar qüvvələrin gəlməsinə düşmən gözü ilə baxan İran nədənsə Ermənistanın bu istiqamətdə hərəkətlərinə göz yumur, ona "gözün üstə qaşın var" demir. Bu da Tehranın əslində yuxarıda qeyd etdiyi məsələlərdə səmimi olmadığından xəbər verir. 

Əslində İran və Rusiya Cənubi Qafqaza özlərindən başqa digər kənar qüvvələrin gəlməsinə ona görə aqressiv yanaşırlar ki, bu vəziyyət onların regionla bağlı maraqlarının təmin olunmasına əngəl yarada bilər. Yəni Moskva və Tehran məsələyə heç də birmənalı olaraq Cənubi Qafqaz ölkələrinin maraqları baxımından yanaşmırlar. Deməli, bu mənada, Pezeşkianın yuxarıda qeyd etdiyi açıqlaması da heç də Cənubi Qafqazın maraqlarına cavab verən bir açıqlama deyil. 

Məsələ ondadır ki, onun dediyi kənar qüvvələr, yəni ABŞ, Aİ və İsrail regiondan uzaqlaşan kimi İran və o cümlədən digərləri bölgəyə münasibətdə öz aqressiyasını daha da şiddətləndirəcəklər. Bu isə region ölkələrinin daha kəskin formada həmin dövlətlərin təsiri və təhdidi altına düşməsi anlamına gələcək. Ona görə də mövcud vəziyyətdə region ölkələri üçün çıxış yolu üç Cənubi Qafqaz ölkəsinin kimliyindən asılı olmayaraq bütün kənar qüvvələri kənara atıb, Qafqaz Evi formasında birgə fəaliyyəti təmin etməkdən keçir. Lakin o da var ki, indiki halda Ermənistanın tutduğu mövqe üzündən bu birliyin təmin edilməsi də mümkünsüzdür. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->