Xəbər lenti

Kennedi sui-qəsdinin pərdəarxası: KQB, Kuba, yoxsa öz köməkçisi? (GİZLİ TARİX)
Foto 13:29 28.10.2017

Kennedi sui-qəsdinin pərdəarxası: KQB, Kuba, yoxsa öz köməkçisi? (GİZLİ TARİX)

ABŞ-ın gizli arxivləri açılır...

"Qaynarinfo" BBC-yə istinadən xəbər verir ki, ABŞ rəhbərliyi prezident Con Kennedinin (JFK - John Fitzgerald Kennedy) 22 noyabr 1963-cü il tarixdə sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı bu vaxta qədər gizli saxlanılan 2800 sənədi ictimaiyyətə açıqlayıb.

Bu, hazırkı prezident Donald Trampın bir çox sui-qəsd nəzəriyyələri haqqında ictimaiyyətin bütün məlumatlara giriş haqqının olması barədə çıxışından sonra gerçəkləşdirilib. Buna baxmayaraq bəzi sənədlər rəsmi qurumların müraciəti əsasında hələ də gizliliyini qorumaqdadır. 

İctimaiyyətə açıqlanan sənədlərdə nələr qeyd olunub?

FTB (ABŞ Federal Təhlükəsizlik Bürosu) ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qatili Li Harvi Osvaldın həyatının təhlükədə olması ilə bağlı məlumat verib. FTB-nin o vaxtkı rəhbəri Edqar Huverin imzasını daşıyan sənəddə sui-qəsdlə bağlı saxlanılan qatilin həyatının təhlükədə olması barəsində Dallas polis idarəsinə məlumat verildiyi qeyd olunub.
 
 
Huver 24 noyabr 1963-cü il tarixli məktubunda belə yazır:

"Dünən gecə Dallasdakı şöbəmizə zəng vuran sakit səsli bir şəxs Osvaldın öldürülməsini planlayan təşkilatdan olduğunu bildirdi. Biz də bu barədə dərhal Dallas polis rəisinə məlumat verdik və o da bizə təhlükəsizlik tədbirlərini artıracağı ilə bağlı təminat verdi. Bu səhər yenə ona zəng vurub Osvalda qarşı sui-qəsd olacağı ilə bağlı xəbərdarlıq etdik. O, yenə təhlükəsizliyi təmin edəcəyinə dair söz verdi, amma yerinə yetirmədi".


SSRİ-dən Kennedinin ölümünə sərt reaksiya

Kennedi sui-qəsdində KQB izinin olması ilə bağlı iddialara SSRİ-dən sərt reaksiya verilib. Sovetlər Birliyi Osvaldın öz ölkəsinə (ABŞ-a) sədaqətli olmayan əsəbi bir ruhi xəstə olduğunu bildirir. FTB sənədlərinin birində qeyd olunur ki, SSRİ sui-qəsddə prezidentin köməkçisi Lindon Consonu ittiham edir və bunun nəticələrinin ABŞ üçün ağır olacağından narahatlığını ifadə edir. Sənəddə həmçinin prezidentin öldürüldüyü bir ölkədə hansısa bir generalın SSRİ-ni hədəfləyən bir raketin düyməsini basacağından ehtiyat edildiyi bildirilir.


Kuba sui-qəsdə sevinir

Kuba lideri Fidel Kastro 1978-ci ildə, JFK sui-qəsdi ilə əlaqədar istintaq üçün ölkəsinə gələn ABŞ Nümayəndələr Palatasının üzvlərinə sui-qəsdlə ölkəsinin heç bir əlaqəsi olmadığını söyləsə də, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Kuba dairələrinin sui-qəsd xəbərini sevinclə qarşıladıqlarını qeyd edib.
 



Osvald KQB-nin nümayəndəsi ilə görüşüb

Bu məlumat 1963-cü ilin sentyabr və oktyabr aylarında Meksikanın paytaxtı Mexikoda CİA tərəfindən aparılan araşdırmalar zamanı üzə çıxıb. Telefon dinləmələri zamanı məlum olub ki, Li Harvi Osvald 28 sentyabr 1963-cü il tarixdə Mexikodakı SSRİ səfirliyində o zamankı konsul Valeri Vladimiroviç Kostikov ilə görüşüb. Daha sonra oktyabrın 1-də səfirliyə zəng edən Osvald ləhcəli rusca ilə danışaraq, özünü təqdim etdikdən sonra səfirlik nümayəndəsindən Vaşinqtona teleqraf olub-olmadığını soruşub. CİA sənədlərində adı keçən diplomat Kostikovun KQB agenti, həmçinin təxribat və sui-qəsdlə bağlı 13-cü şöbənin üzvü olduğu bildirilir.


Sui-qəsddən bir müddət öncə Osvaldın izlənməsi ilə bağlı qərar qəbul edilib

FTB-nin Nyu Orleandakı şöbəsinin arxivindən çıxan sənədlərə görə, 1963-cü ilin oktyabrında, yəni sui-qəsddən öncə FTB Osvaldın izini tapmağa çalışıb. Nyu Orleandakı agentlərdən biri Kubadan gələn gizli məlumatlara əsaslanaraq Osvaldın izlənilməyə dəyər biri olması barədə Dallasdakı rəsmilərə məlumat verdiyini bildirib. Sənəddə qeyd olunur ki, FTB-nin Dallasdakı şöbəsi Li Harvi Osvaldın yerini tapmaq üçün axtarışlara başlayıb.

 


Cek Rubinin Dallas polisi ilə əlaqələri

Kennedi sui-qəsdi ilə bağlı şübhəli Osvaldı öldürən Cek Rubi ilə bağlı da yeni məlumatlar var. Rubinin Osvaldı öldürməsindən bir neçə gün sonra FTB agentinin tapdığı gizli məlumatlara görə, onun qadın alveri ilə məşğul olduğu və polisin də buna müdaxilə etmədiyi ortaya çıxıb. Bu məlumatlar onun polislə əlbir işlədiyinə işarə edir. Agent Rubinin Osvaldı yaralaya biləcəyi halda nə üçün öldürdüyünü anlamadığını da qeyd edib.

 
Sui-qəsddə SSRİ izi? 
 
FTB sui-qəsdlə bağlı fərziyyələrə əvvəldən şübhə ilə yanaşıb. 24 noyabr 1963-cü il tarixli yazışmada FTB rəhbəri Edqar Huver sui-qəsdlə bağlı fərziyyələrlərin artacağına görə narahatlığını bildirib. Sənəddə qeyd olunur ki, Huver qatilin Osvald olmasını ictimaiyyətə açıqlamağın tərəfdarı olduğunu söyləyir, əks halda bununla bağlı fərziyyələrin ABŞ-SSRİ münasibətlərini daha da korlayacağından narahatlığını ifadə edir. O, Osvaldın Mexiko və Vaşinqtondakı SSRİ diplomatları ilə görüşünün sui-qəsdlə əlaqəli olmadığına inandığını bildirir.

 


Sui-qəsddən sonra CİA başqa ölkələrin liderlərini aradan götürməyi planlaşdırıb

Gizliliyini itirən arxiv sənədlərində Kuba lideri Fidel Kastro da daxil olmaqla bəzi ölkələrin liderlərinin aradan götürülməsinin planlaşdırıldığı qeyd olunur.

1975-ci ildə yazılan 84 səhifəlik sənəddə CİA-nın sui-qəsd planı hazırladığı liderlər siyahısında Konqonun rəhbəri Patris Lumumba və İndoneziya lideri Sukarnonun da olduğu məlum olub. Məlumatda həmçinin bununla bağlı sərf olunacaq maliyyə vəsaitləri, sözügedən ölkələrdə kommunizmə qarşı olan qruplaşmalara yatırılan dollarlar və silahlar da yer alıb.


İngiltərədəki yerli qəzetlərin birinə sui-qəsddən 25 dəqiqə öncə zəng daxil olur

CİA sənədlərinə görə, Kennedinin öldürülməsindən 25 dəqiqə öncə İngiltərənin yerli mətbu orqanı "Cambridge Evening News" qəzetinə sui-qəsdlə bağlı informasiya daxil olur. Özünü təqdim etməyən şəxs jurnalistə böyük bir xəbər üçün ABŞ səfirliyinə zəng etməsini söyləyir. CİA-nın rəhbər müavinlərindən biri FTB rəhbərinə yazdığı məktubda bunları yazıb:

"Zəng vuran şəxs jurnalistə böyük bir xəbər üçün Londondakı ABŞ səfirlinə zəng vurmalı olduğunu deyib və dərhal telefonu söndürüb. Kennedinin öldürüldüyünü öyrəndikdən sonra polisə zəng vuran jurnalist bununla bağlı məlumat verib. Maraqlısı budur ki, İngiltərənin xüsusi xidmət orqanı zəngin sui-qəsddən 25 dəqiqə öncə edildiyini qeyd edib".


ABŞ prezidenti Donald Tramp çoxsaylı sənədin isə hələ də gizli saxlanıldığını, həmin sənədlərin ictimaiyyət üçün açıqlanmasının sadəcə onun əlində olmadığını, təhlükəsizlik üçün CİA və FTB-dən də razılığın alınmalı olduğunu bildirib. Tramp hər iki xüsusi xidmət orqanına gizli sənədləri yenidən araşdırmaları üçün 180 gün vaxt verib. Arxivdəki gizli sənədlər açıqlanacaqsa, bu, 25 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim olunacaq.

Çingiz Səfərli
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->