"Kəpəz" rəhbərliyi fubol ictimaiyyətinə söz verdi

AFFA-nın İcraiyyə Komitəsinin iclasında Gəncədə Futbol Akademiyasının inşa olunması ilə bağlı qərar rəsmiləşib.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, layihəyə əsasən, şəhər stadionunda, "Kəpəz”in nəzdində Nizami yurdunda uşaq futbolunun inkişafı ilə bağlı köklü işlər həyata keçiriləcək. Klub rəhbərliyi ictimaiyyət nümayəndələri ilə görüş keçirərək görüləcək işlərlə bağlı açıqlama verib.

Futbol Akademiyasının fəaliyyət göstərəcəyi Gəncə şəhər stadionunda keçirilən görüşdə futbol veteranları, azarkeşlər və media nümayəndələri iştirak edib. "Kəpəz” klubunun icraçı direktoru İlqar Nadiri gəncəli futbolsevərlərin çoxdan arzusunda olduqları akademiyanın nəhayət ki, reallığa çevriləcəyini bildirib. Görüləcək işlərlə bağlı məlumat verən klub rəhbəri futbol akademiyasının 1 il müddətində tikilərək istifadəyə veriləcəyini diqqətə çatıdırıb. İlqar Nadiri onu da qeyd edib ki, akademiya binası ilə paralel olaraq stadionun ərazisində təbii ot örtüyünə malik iki böyük və bir kiçik ölçülü süni meydanın salınması planlaşdırılır.

Görüşdə iştirak edən Gəncə Futbol Veteranları Birliyinin üzvləri də akademiyanın şəhərdə futbolun inkişafına böyük təkan verəcəyini vurğulayıblar. Futbol məktəbinin fəaliyyətə başlamasından bir neçə il sonra əvvəllər olduğu kimi gəncəli futbolçuların çox sayda müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış edəcəklərinə inandıqlarını bildiriblər.
 
Gəncəli fanatlar da futbol akademiyasının inşası xəbərini böyük sevinclə qarşılayıblar. Uzun illər bu anı gözləyən azarkeşlər məktəbin açılmasının yeni istedadların yetişməsinə böyük kömək edəcəyini deyiblər. 
 
Futbol akademiyasının layihəsi artıq mətbuata da təqdim edilib. Həm fotolardan, həm də verilən məlumatlardan belə aydın olur ki, Gəncədə akademiya üçün inşa olunacaq bina ölkədə görünüşünə və imkanlarına görə ən gözoxşayan, müasir şəraitli idman tikililərindən olacaq. 
 
Bu arada AFFA tərəfindən Nizami yurdunda digər bir meydançanın inşası işlərinə də başlanılıb. Söhbət Konstantin Abramenkonun uzun illər məşq keçdiyi "Lokomotiv” stadionundan gedir. Meydançanın yenidən qurulması üçün ərazidə söküntü işlərinə start verilib.
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X