Kərəm Həsənovun bacısının 1 milyonunu mənimsəyən baxıcı ev dustaqlığına buraxıldı (YENİLƏNİB)

Kərəm Həsənovun bacısının 1 milyonunu mənimsəyən baxıcı ev dustaqlığına buraxıldı (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Reyhan Ağarzayeva dələduzluğun qurbanı olmuşdu. R.Ağayevaya 1 milyon manata yaxın maddi ziyan vurmuş Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

Fala baxmaq adı ilə xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şəfəq İsmiyeva ev dustaqlığına buraxılıb.

Bu barədə "BakuPost"-a Ş.İsmiyeva özü məlumat verib:

"Baş Prokurorluğun qərarı əsasında yoldaşım həbsdə qaldı, hamilə olduğum üçün isə məni buraxdılar. İndi məhkəmələrə çöldən-çölə gedirəm. Təxminən 10 günə ana olmalıyam, ondan sonra bilmirəm, hökmə qədər çöldən-çölə məhkəmələrə gedib-gəlməyimə icazə veriləcək, yoxsa yox. Təbii ki, hökm veriləndən sonra həbs olunacağam. Ağır Cinayətlər Məhkəməsində açılış məhkəməsi oldu, amma bununla bağlı heç bir söz demədilər”.
 
11.39

Prezidentin köməkçisi Kərəm Həsənovun bacısına qarşı 1 milyon manata yaxın dələduzluq etmiş şəxslərin məhkəmə iclası başlayıb.

Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə, hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslər ər-arvad olublar. Məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, bu ilin fevral ayında 31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Rəna Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. 

İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində "İnstagram” sosial şəbəkəsində "baxıcı” adlı səhifə açıb.

O, özünü "Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.

Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi  xüsusilə külli miqdarda pulunu ələ keçirib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4. (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddə 500 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur. 

Xatırladaq ki, Rəna Ağarzayeva Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısıdır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR