Xəbər lenti

Kılıçdaroğlundan İlham Əliyevə məktub
Ölkə 19:14 20.10.2020

Kılıçdaroğlundan İlham Əliyevə məktub

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Azərbaycanın dövlət başçısı İlham Əliyeva məktub ünvanlayıb.

Qaynarinfo həmin məktubu təqdim edir:

"Azərbaycanın Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,


Sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücumları ilə başlayan, işğal altındakı ərazilərinizin azad edilməsinə yönələn hərbi əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirəm.

Təqribən otuz ildir işğal altında olan Vətən torpaqlarınızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində hissə-hissə azad edilməsini məmnunluqla izləyir, haqlı mübarizənizdə Sizi dəstəkləyirik. Vətən torpaqlarınızın işğaldan azad olunması münasibətilə Sizi indidən təbrik edirəm.
Beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin illərdir işğal altında qalmasına, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından qovulmasına həll yolu tapa bilmədi. Dədə-baba torpağında doğulmayan, o yerləri görməyərək böyüyən nəsillər bu gün Azərbaycanın ərazilərinin tamamilə işğaldan azad ediləcəyi günləri həyəcanla gözləyir.

Moskvada əldə edilən müvəqqəti humanitar atəşkəsin münaqişənin həlli üçün yeni imkan yaradacağına ümid edir, Ermənistanın işğal altında saxladığı torpaqlardan tamamilə və qeyd-şərtsiz çıxmasının vacibliyini vurğulayırıq. Əldə olunan atəşkəsin əksinə olaraq, Ermənistanın müharibəni Azərbaycanın bütün ərazisinə yaymaq üçün Gəncə, Bərdə, Mingəçevir kimi yaşayış məntəqələrinə raket hücumları təşkil edərək, mülki vətəndaşların ölümünə səbəb olmasını şiddətlə qınayırıq.

Tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatiya sahəsində də üstünlüyünü davam etdirəcəyinə, haqlı mübarizəsini sonadək davam etdirərək Dağlıq Qarabağın yenidən ölkənizin tərkibinə daxil olmasını təmin edəcəyinə inanırıq.
Qəlbimiz Azərbaycanla döyünür. Ulu öndər Mustafa Kamal Atatürkün də vurğuladığı kimi, "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->