Xəbər lenti

“Kimə şikayət edirsiniz, edin” deyən xırda məmur böyük problem yaradır
Ölkə 17:59 06.12.2019

“Kimə şikayət edirsiniz, edin” deyən xırda məmur böyük problem yaradır

Paytaxtda mənzillərin istiliklə təminatında ciddi nöqsanlar var. Qışa hazırlıqla bağlı yaydan verilən nikbin açıqlamaların əksinə olaraq qış aylarında müşahidə edilən çatışmazlıqlar havaların soyuduğu bu günlərdə özünü daha qabarıq şəkildə göstərir.

Bununla bağlı Sfera.az-ın redaksiyasına müraciət edən bir qrup Yasamal sakini durumun olduqca acınacaqlı olduğunu iddia edirlər. Belə ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 36 ünvanında yaşayan sakinlər evlərinin içində soyuqdan donduqlarını deyir: "Havaların kəskin soyumasına baxmayaraq mənzillərin istiliklə təhzicatında irəliləyiş yoxdur. Sanki elə bu cür də olmalıdır. Mənzillərimizi istiliklə təmin etməyə borclu olan "Azəristiliktəchizat" ASC-nin Bakının Yasamal rayonundakı 8 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin 206 saylı istilik qazanxanasına etdiyimiz şikayətlərin isə heç bir faydası yoxdur. Adıçəkilən qazanxananın Kamran adlı rəisi nəinki problemləri həll etmək, heç sakinləri dinləmək istəmir. Elə bircə söz əzbərləyib ki, "məndən asılı deyil, hara şikayət edirsinizsə edin”.

Xatırladaq ki, bu "Azəristiliktəchizat" ASC-nin Bakının Yasamal rayonundakı 8 saylı İstilik Sistemlərinin İstismar Sahəsindən olan yeganə şikayət faktı deyil. Demək olar ki, hər ilin qış aylarında bu qurumun adı mətbuatda mənfi mənada müntəzəm olaraq hallandırılır.

Maraqlıdır, görəsən qışın "oğlan çağında” sakinləri soyuqdan dondurmaqda maraqlı olan qurum bununla nə etmək istəyir. Axı "kimə şikayət edirsinizsə, edin” açıqlamasını verən Kamran adlı qazanxana müdürü də bilməmiş deyil ki, bu ölkə sahibsiz deyil və hüququ pozulan hər bir vətəndaşın arxasında onun Prezidenti dayanıb. Bu Kamran adlı qazanxana müdirü dünyadan o qədərmi xəbərsizdir ki, ölkə boyunca aparılan kadr islahatlarından, yerində olmayan məmurların sərt şəkildə cəzalandırılmasını da bilmir?

Hər halda ümid etmək istərdik ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 36 ünvanının istilik problemi yaxın zamanlarda müsbət həllini tapacaq. Əks halda mövzuya yenidən qayıdacaq və "Qazanxana imperatoru”na ölkənin sahibsiz olmadığını xatırlatmağa məcbur olacağıq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->