Xəbər lenti

Kirayə, nəqliyyat xərcləri, yüksək təhsil haqqıları... - Tələbələrin yükü niyə azaldılmır?
Ekonomiks 14:34 21.02.2019

Kirayə, nəqliyyat xərcləri, yüksək təhsil haqqıları... - Tələbələrin yükü niyə azaldılmır?

Ev pulu, yol pulu, yemək pulu, kitabxanalarda olmayan dərsliklərin alınması, kserekopiya xərcləri, tələbə görüşlərinin çay pulları, illik təhsil haqqıları, kredit borcları, kurslar... Bütün bunları hesablayanda bu gün Azərbaycanda ödənişsiz əsaslarla təhsil alan bir tələbənin illik xərci aşağı-yuxarı 3000-4000 manat, ödənişli təhsil alanlarda isə bu rəqəmin üzərinə 2000-3000 AZN də illik təhsil haqqı əlavə olunduqda 5000-7000 manat olur. Beləliklə, bir tələbənin universitet boyu bakalavr (natamam ali təhsil) təhsili almağa xərclədiyi vəsait təxminən 20-25 min, magistr (tam ali təhsil) xərcləri ilə birlikdə isə 30 min manat edir.

Bu rakursdan baxanda ali məktəblərin bizneslə bağlı verdiyi təhsil olduqca anlaşılmaz görünür. Çünki həmin tələbə universiteti bitirdikdən sonra anlayır ki, əslində elə biznes qurmaq üçün ən vacib amil pul imiş və onu da çoxdan xərcləyib.

Maraqlısı budur ki, ali məktəbi bitirən tələbə gələcəkdə iş üçün müraciət edəndə də bir çox problemlərlə qarşılaşır. Ondan xarici dil tələb olunur, dövlət müəssiələrində çalışa bilməsi üçün imtahanlar verir. Etiraf edək ki, bu gün universitetlərin əksəriyyəti xarici dil öyrətmir və keçirilən dərslər də formal xarakter daşıyır. Bu səbəbdən tələbələrin az bir qismi öz gücü hesabına xarici dil öyrənə bilsə də, bunu bacarmayanlar özəl kurslara, yaxud müəllim yanına gedib, yenə vəsait xərcləməli olurlar.


 
Ali məktəbi bitirən şəxsin dövlət qulluğuna qəbul imtahanlarının xərcləri də bu qəbildən hesab oluna bilər. Nəhayət ən sonda gəncin 500-600 manat civarında aldığı əmək haqqı onun sosial problemlərini qismən təmin edir.

Nəzərə alaq ki, günümüzdə gənclərin ən böyük problemi evlə təin olunmaları və ailə qurmalarıdır. Evlilik yaş həddinin ildən ilə artması və Statistika Komitəsinin bu il boşanmalarla bağlı hesabatında ötən illərlə müqayisədə artım, əslində sadaladığımız bu kiçik amillər toplusunun təzahürüdür.

Belə desək, sosial sıxıntıların təsirindən doğan psixoloji problemlər...

Xarici ölkələrdə təhsil alanlar illik təhsil haqqı ödəyəndə, bəzi universitetlər onları yataqxana və yeməklə təmin edir. Nəqliyyat xərclərinin azaldılmasına yardım göstərilir və s. Bu gün tələbədən külli miqdarda illik təhsil haqqı alan universitetlərimiz bunun müqabilində onlara nə verir?!

Təhsil məsələləri üzrə ekspert Şahlar Əsgərov sadaladığımız bu amillərlə bağlı Qaynarinfo-ya açıqlama verib. O, övladını oxudan valideynlərin üzərinə düşən böyük yükün əslində ali təhsil müəssisələrində yataqxanaların olmamasından və ictimai nəqliyyatda tələbələrə güzəşt olumamasından qaynaqlandığını deyib və bu məsələlərin həllinin olduqca önəmli olduğunu vurğulayıb:


"Mən son zamanlarda bu məsələləri tez-tez qaldırıram. Kitabxanalar qədər yataqxanalar da universitetin vacib hissəsidir. Hətta ondan da artıqdır. Universitetləri kitabxanasız təsəvvür etmək sıravi vətəndaş üçün anlaşılmazdır, amma yataqxananın olmaması asan anlaşılan məsələ deyil. Çox dərindir. Yataqxananın universitet üçün nə demək olduğunu yalnız təhsili idarə edənlər dəqiq bilər. Əgər kitabxana və yataqxananı universitetin ayaqları kimi düşünsək, bu gün bizim ali təhsil müəssisələrimizin əksəriyyəti təkayaqlıdır. Yataqxana təkcə tələbənin yataq yeri, istirahət yeri deyil. Ondan da artıqdır. Belə bir fəlsəfi fikir var ki, bütöv həmişə hissələrin cəmindən böyükdür. 

Əvvəla, yataqxanası olan universitetə xaricdən çoxlu sayda tələbə gələ bilər. Biz özümüzü bu axından məhrum edirik. Həmin tələbə həm universitetə ödəniş edəcək, həm də yaşaması üçün ayda 300-400 dollar xeyir verəcək ki, bu da iqtisadiyyata töhfədir. 10 min adam gəlsə, görün təhsildən nə qədər gələr əldə etmək olar. Dövlət əslində kartof-kələm əkməkdən daha çox universitetlərdən qazana bilər.

Naxçıvan Dövlət Universitetinin yataqxanası

İkincisi yataqxana tələbələri hədsiz dərəcədə sosiallaşdırır. Eyni zamanda tələbə həm universitetin, həm də dövlətin nəzarətində böyüyür. Universitetin nəzarətində ona görə böyüyür ki, yataqxana universitetə tabedir, dövlətin nəzarətində də böyüyür ki, həmin sahədə sahə müvəkkillləri gəzir. Bu gün nəzər salanda görürük ki, nəzarətin olmaması tələbələri yanlış yollara, siqaret tüstüsündən girilməsi mümkün olmayan çayxanalara aparır. Bu olsa, regionlarda valideynlər uşaqlarını daha həvəslə təhsil almağa göndərər. Xüsusilə qız tələbələri. Bununla universitetlərdə, kolleclərdə, texnikumlarda qalan boş yerlər də dolmuş olar, əhalinin savadlı, düşünən hissəsinin sayı artar. Bu gün Azərbaycanda orta məktəbi bitirən hər yüz nəfərin sadəcə 20-si universitetlərə, texnikumlara daxil olur, digər 80 faiz isə belə səbəblərdən oxumur, yaxud iş üçün başqa ölkələrə gedir. 

Üçüncüsü ən vacib məsələ qaçqın və məcburi köçkünlərin köçürülməsi idi. Mən parlamentdə olanda dəfələrlə təklif etmişəm ki, qaçqın və məcburi köçkünlərin köçürülməsi prosesinə ilk növbədə ali məktəblərin yataqxanalarından başlamaq lazım idi. Amma buna getmədilər? Çünki o zaman Qaçqınkom rəhbərliyində müdrik adam yox idi.
 
Dördüncüsü yataqxana universitetlə eyni ərazidə yerləşdiyindən nəqliyyat pulu və nəqliyyat sıxlığı da aradan çıxır. Bir tələbənin nəqliyyat xərci 20-30 manatdır. Bu da tələbənin təqaüdünə baxanda, o qədər az deyil. Avropada və Uzaq Şərqdə tələbənin nəqliyyat vasitəsi velosipeddi. Bizim nə yollarımız, nə də özümüz buna hazır deyilik. Ona görə hökmən ictimai nəqliyyatdan istifadə edirik ki, bu da həm ictimai nəliyyatda dediyim kimi sıxlıq, basabas yaradır, həm də gənclərimiz gözəl idman növü olan velosipeddən məhrum olurlar. Bu baxımdan  müvafiq qurumlar, Gənclər və İdman Nazirliyi bu məsələyə əncam çəkməlidirlər. 

Beşincisi yataqxananın olması tələbənin valideyninə böyük iqtisadi köməkdir. Çünki yataqxana olmayanda, tələbə məcbur yaşamaq üçün ev tutur. Bu da ayda 100-120 manat kirayə haqqı deməkdir. Bütün bunları nəzərə alanda görürsən ki, yataqxana həqiqətən çox vacibdir. Və yataqxananın varlığı cəmiyyətin sağlamlaşmasına böyük kömək edir. Bir neçə nazirliyin görə bilmədiyi işi, təhsil sistemində bir yataqxana ilə həll etmək mümkündür. Bizim təhsilə baxışımız primitiv olduğundan yataqxanaya baxışımız da primitivdir. Biz təhsilin əsasını bünövrədən düz qoya bilmirik. Təhsilə baxış fəlsəfəsi dəyişməlidir. Dəyişməsə, təhsilimizin səviyyəsi də elə olduğu kimi qalacaq".

Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->