Pərviz CƏBRAYIL
Ölkə 11:34 08.06.2021

Kitab oğurlamaq olarmı?

Pərviz Cəbrayıl

Dərhal özümüzə bir sual verək: xoş, xeyirxah məram cinayət törətməyə, suç işləməyə haqq qazandırırmı? Hərə dərindən düşünsün və özü üçün bu suala cavab tapsın.

Yəqin "Cinayət və cəza”nı, Dostoyevskinin psixoloji dramını, Raskolnikovu, onun insani məramını hər birimiz xatırlayırıq. Kitabı oxuyanlar, hətta kitab haqda bir qədər məlumatlı olanlar da bunu bilməmiş olmaz. Kitabın verdiyi cavab konkret və dəqiq idi: Olmaz! Heç nə cinayətə əsas vermir. Affekt hallarının buraya dəxli yoxdur.

Söhbətin nədən getdiyini ona görə hələ yazmamışam ki, yazının başlığından məsələ və mövzu aydındır.
Nə baş verdi?

İki gənc kitab oğurladığına görə polisə verildi. O gənclərdən biriylə şəxsən tanış olmasam da, yaxın dostlarımın təqdimatında o birini xeyli tanıyıram. Yaradıcı ruhlu gəncdi, necə deyərlər, kitab əhlidi, əlbəttə, xeyli də kitabı var. 

Yadımdan çıxmamış bunu qeyd edim: əlində (kitabxanasında) xeyli kitabın olması bir-iki kitab oğurlamağın məsuliyyətini azaldırmı? Tutaq ki, iqtidarda təmsil olunan ucdantutma, az qala bütün məmurların korrupsiya ilə qazanılmış bir dünya malı-mülkü var. Belə deyək, milyonları. O zaman onların – o milyon sahiblərinin hansısa bir "əmillaytda” 5-10 min oğurlamasına necə haqq qazandırmaq olar? 

(Mən bu yazını qətiyyən ittiham ladında yazmıram, sadəcə məntiqlə suallara cavab axtarıram. Qanunla məsələ aydındı). 

Məsələni korrupsiya, əyri yollar kontekstindən çıxarıb tamamilə halal yolla, alın təri və çevik zəka sayəsində milyonlar sahibi olanlara da tətbiq edə bilərik. Hətta onları çox xeyirxah, vətənpərvər adamlar kimi təsəvvür edək. Onların başqasının 3-5 quruşluq əmlakını oğurlamasına haqq vermək nə qədər doğrudur?

Bunu niyə yazdım? Çünki dostlar əsasən öz məntiqlərini bunun üstündə qurmuşdular ki, bu gənclərin xeyli kitabı, zəngin kitabxanası var.
Bütün müdafiə kampaniyasına fikir verdim. Əsas məntiq bu deyimin üzərində qurulmuşdu: Kitab oğurluğu oğurluq deyil. Bu sözü heç atalar sözü kimi də qəbul etmək olmaz. Çünki 20-ci əsrin ortalarına kimi atalarımızın heç kitabı, kitaba meyli də olmayıb ki, deyəsən kitabla bağlı nəsə bir söz də deyib gediblər. Ümumiyyətlə, atalarımız Qurandan başqa kitab tanıyıbmı ki? Quranı – oğurluğu yasaq buyurmuş kitabı oğurlamağa haqq qazandıran bir deyimin yaranması da çox az inandırıcıdır.

Bütün kitab əhli o gəncləri müdafiə edir, ancaq o baxımdan bu müdafiəyə haqq qazandırmaq olar ki, neynəyək, insanımız o qədər kitabdan uzaqdır ki, hətta kitabla bağlı cinayət tərkibli bir əmələ də sevincdən gözümüz yaşarır, sevinirik. Ancaq bu, məsələnin psixoloji və sentimental-romantik tərəfidi. Mənə çatmayan bir məqam da budur: kitab əhli atalar sözü olmayan həmin sözü nəyə əsasən alibi kimi qəbul edir və ən əsası da onu hərfi mənada başa düşürlər? Bu sözdə dişə dəyəsi alt məna varsa, o da kitabın nə qədər müqəddəs olmasına işarədir. Müqəddəs şeylərə isə əyri əllə toxunmaq olmaz!
 

 

Bir var kitabı oxumaq, bir var özüyçün kitabxana (şəxsi əmlak) düzəltmək. Ayrı şeylərdi. Yəni oxumaq üçün kimdənsə kitab götürmək olar, hətta müvəqqəti oğurlamaq da. Qaytarmaq şərtiylə. Ama sən artıq özünçün mal yığırsansa, bunun kitaba sevgiylə əlaqəsi yoxdu. Oğurluq ediriksə, bəhanəsiz edək...


Ümumiyyətlə, sosializmin şinelindən çıxmış bizlər bir şeyi heç cür anlaya bilmirik ki, inkişafının əlçatmaz mərhələsinə çatmış dünya dövlətləri həm də ona görə bu səviyyəyə çatıb ki, oralarda xüsusi mülkiyyət müqəddəsdir. İstər maddi, istər mənəvi. Xüsusi mülkiyyət toxunulmazdır, ona göz dikmək olmaz. Ona nə dövlət göz dikə bilər, nə fərd!

Təsəvvür edək ki (onsuz da bütün müdafiə kampaniyasından elə bu məntiq də hasil oldu), kitab oğurlamaq halal işdir, heç bir mənəvi, hüquqi məsuliyyəti yoxdur, çünki nəsli-nəcabəti bəlli olmayan hansısa neo-atalar deyib ki, kitab oğurluğu oğurluq sayılmır.

O zaman bizim qarşımızı nə kəsə bilər? Xüsusi mülkiyyət olan kitab dükanlarında, ictimai kitabxanalarda, şəxsi kitabxanalarda olan bütün kitabları oğurlaya bilərik. "Hərəyə bir kitab oğurlayaq” şüarıyla işə başlayaq, görək, yerdə nə qalır? Təsəvvür edək: ictimai kitabxanalarda hamının istifadə edə bilməsi üçün nəzərdə tutulmuş kitabı öz şəxsi kitabxanan üçün dədə malı kimi oğurlayırsan, doğru işdirmi? Hələ o da ayrı məsələdir ki, oğurlanan hər kitab kitabxana işçisinin, kitab dükanı satıcısının cibindən oğurlamaqdır, ailəsinin, övladının boğazından kəsməkdir!

Bir daha xatırladıram: mən bu yazıda qətiyyən o gəncləri sorğulamıram, sözüm onları müdafiə edənlərə, yanlış alibi sərgiləyənlərədi. 

Vallah, elə kitab əhli tanıyıram, gözünün nuru gəlsə, sevdiyi, əzizlədiyi, yığıdığı kitablardan birini də ona vermir, hələ oğurluq faktı olsa, adamın ciyərini çıxarar. O ki qaldı, adamın biznesinə göz dikəsən. Daha sənin oğru vergi məmurundan, ondan-bundan nə fərqin qaldı? 

Kitabı oğurlamaq yox, oxumaq lazımdı. Satın al oxu, dostdan götür oxu, internetdən tap oxu. Kampaniyanı bunun üstündə qurmaqdansa, oğurluğa haqq qazandırmaq üstündə qururlar. Bir də daşlaşmış azərbaycanlı yanaşması var: nə olay baş verdisə, ona müqayisəli yanaşma şəklində haqq qazandırmaq. Məsələn, filan şey haqda danışmaqdansa, gedin milyonları oğurlayanlardan danışın. Sizin namusunuza mənəvi təcavüz edənlər haqda heç nə deyə bilmirsiz, ancaq bir qızı açıq-saçıq gəzdiyinə görə linç edirsiz və s. 

Qardaşlar, bacılar, hər toğlunu öz ayağından asırlar və hər əməlin də öz cəzası var. Cinayətlər, günahlar, nöqsanlar müqayisəli şəkildə yox, əlahiddə müzakirə edilməlidir. Heç bir suç başqa suça haqq qazandırmır. 

Yeri gəlmişkən, heç "qanuni oğru” da cibgir demək deyil. Yaxşı kitab oxuyan adamın da kitab oğurlaya bilməsi mənim ağlıma batmır.