Foto 15:16 07.03.2021

Kitabdan sonra gələn o məktub... – Sonuncü süfrə

2014-cü ildə şeir kitabımı çıxartdırmışdım. Kitab haqqında tənqid də söylədilər, tərif də yazdılar. Qələminə güvəndiyim ədəbiyyat adamlarının bir neçəsi kitabı yüksək qiymətləndirdi. Oxucular tərəfindən də rəğbətlə qarşılandı.


Bütün bu təriflərin, xoş sözlərin fövqündə yalnız bir insanın – anamın rəyi dayanmışdı. Kitab çıxandan bir neçə ay sonra mənə bir məktub yazıb göndərdi. Məktubda daha çox "Xoşbəxtliyin ironiyası” adlı şeirimdən bəhs olunur, köçkün düşdüyümüz günlər xatırlanır, evimiz, həyətimiz, ümumən kəndimiz təsvir edilirdi. İndi həmin məktubu oxucu dostlarıma təqdim etmək istəyirəm. Amma öncə sözügedən şeiri oxuyaq ki, məktubda yazılanlar daha aydın olsun.

 

Qeyd: ən sonda isə "Anama məktub" adlı şeirimi verməyi uyğun bildim.

 

Xoşbəxtliyin ironiyası

 

Yadımdadır

avtobusa doluşub

kəndimizdən köçdüyümüz gün.

Ayrı aləm idi

bir yerdən başqa yerə köçmək sevinci

biz uşaqların.

Böyüklərin üzündəki sarsıntını görmədən

sadəlövhcəsinə sevinməkdi bizimki…

İtirdiyimə görə ağladığım tək şey

əmoğlu Mirzəxanın mənə aldığı

qırmızı oyuncaq maşın idi.

Yadımdadır,

əmoğlunun aldığı maşın

anamın qurduğu hananın

pəncərəyə tərəfki yanında qaldı.

Pəncərədən Şirin dayının evi görünürdü,

Şirin dayının evi göz qoyurdu

oyuncaq maşına.

Yadımdadır,

anam demişdi

at şəkli toxuyacaq xalçaya -

Sadıq babamın kəhər atının şəklini.

Mən də deyirdim

ip də çəksin boğazına, qaçmasın deyə.

Macal vermədilər…

Macal vermədilər

anam o atı o xalçaya hörükləsin.

Yağı qoruğu idi sanki.

Babamın atı perik düşdü,

hanamız qurulu qaldı…

Yadımdadır,

darvazanın qarşısında

çöməlib bizə baxırdı qızıl itimiz.

İki ağız yorğun-yorğun hürdü,

sonra küçənin döngəsinə qədər

arxamızca yüyürdü.

Onu sonuncu dəfə

gözlərimin içinə baxan gördüm

kəndin çıxışında.

Dəhşətlidir ilim-ilim itib-batmaq

tərk edilən bir itin baxışında...

Ağladım

qırmızı oyuncaq maşın üçün,

itimizi

itirdiklərimizi

it yerinə də saymadım.

Uşaq idim, beş yaşım vardı,

Laçın adı keçəndə

ağlına kəndin ortasındakı

transformator gələn uşaqdan

nə gözləyirsən axı!

Yadımdadır kəndimizdən köçdüyümüz gün,

ayrı aləm idi

bir yerdən başqa yerə köçmək sevinci

biz uşaqların...

 

***


Hamının bizə yazığı gəldiyi yerdə

necə də xoşbəxt idim.

Atam demişdi,

qarğıdan özümüzə ev tikəcəyik.

Sevinməmək əlimdə deyildi.

Bezmişdim sanki

ağban-ağban, çılçıraqlı evlərdən.

Lafeti qarı-qamış dolu traktoru görüncə

bağırmışdım: "Evimiz gəldi! Evimiz gəldi!"

Ailəlikcə

qarğıdan "dam" hörməyə çırmandıq.

Anam

tapa bilmədi

hörmədiyi xalçanın təskinliyini.

Qarğıdan "at" düzəldib "çapdım",

xeyri olmadı…

 

***

Sonralar gözümlə gördüm

xoşbəxtliyin yavaş-yavaş

bədbəxtliyə dönüşdüyünü,

qayğının, ehtiyacın

addım-addım arxamızca düşdüyünü.

Yardım maşınlarının ətrafında tələsən

gərgin və əsəbi adamlar

təntiyərək bir-birinə dəyəndə,

yaxın qohumlar növbə üstdə

bir-birinin var-yoxunu söyəndə gördüm

xoşbəxtliyin bizə aid olmadığını

və yanımızdan ötüb

hamımızla oynadığını.

Adamlar "UNİSEF" paketlərini

daşıyanda evinə,

sevinə sevinə

anladım

bizim taleyimizi Tanrının deyil,

"yardımsevər" ölkələrin,

BMT-nin, ATƏT-in yazdığını!

Halbuki

qarğı-qamışdan bir evimiz,

göyərçin yuvasına bənzər

bir daxmamız olduğuna

çox sevinmişdim…

2014

 

Oğluma məktub

 

Əziz və hörmətli oğlum Pərviz! Səni kitabın çıxmağı münasibəti ilə təbrik edirəm. Sənə bu yolda uzun ömür, can sağlığı arzu edirəm ki, daha böyük uğurlara nail olasan. Kitabını oxudum, çox şad oldum ki, mənim belə savadlı, düşüncəli oğlum var. Səninlə fəxr edirəm, qürur duyuram. Oxuduqca kədərləndim, çünki çox qəmli yazmısan. Bir azca da utandım – deyim niyə: biz qaçqın düşəndə sənin 5 yaşın vardı, mənimsə 28 yaşım. 5 yaşında uşağın vətən həsrəti, qaçqınlıq xatirələrini qəlbində yığıb-yığııb bu qədər qəmli şeirlərə çevirməsi, mənimsə heç nə olmamış kimi öz işimdə olmağım utandırır məni. Biz qaçqın düşəndə bir tava da götürməmişdim ki, sizə yumurta bişirəm. Ona görə də əvvəl qazan hayına qaldım, sonra sizi yedirtmək, başımızı salacaq bir dam. Böyüməyiniz, təhsiliniz, Bakıda qalıb universitet oxumaq üçün şəraitiniz və sair qayğılar... Sonra evlənmək vaxtı gəldi, nişan, toy, nəvələr, qayğılar...

Ona görə də məni qınama, oğlum. Atan da mənimlə qayğılar çəkirdi, amma atalar bir pay çəkəndə, analar iki pay çəkir. Atanın aradabir vaxtı olurdu, vətən həsrətli şeirlər yazırdı. Bir yerli alverçiyə şeir yazmışdı:

 

Səni tanıyıram, vicdansatansan!

Mənsə öz vətənin atmış didərgin.

Sən pul dənizində qəvvas kimisən,

Mən qəm dəryasında batmış didərgin.

 

Bu şeir mənə çox təsir eləmişdi. Yenə də üzdən getdim, dərin düşünmək istəmədim. Axı dərin düşünsəydim, pisikərdim, sizi yaşada bilməzdim. Elə ki, kitabın gəldi, mənim savadlı oğlum, bütün qayğıları bir yana qoyub oxumağa başladım. Oxuduqca kino lenti kimi kənd gəlib gözümün önündən keçdi. Yaş məni boğdu.

 

Qoy kəndimizin bircə gününü, qaçqın düşdüyümüz günü sənə təsvir edim. 1992-ci ilin may ayının doqquzuydu. Bir yaz səhəri idi. Mən səhər o başdan durub heyvanları, toyuq-cücəni yerbəyer edəndən sonra evə gəldim. Ev-eşiyi də səliqəyə saldım. İşimi qurtarandan sonra pəncərənin önünə gəlib kəndimizə və həyətimizə baxdım. Kəndimiz nə qədər gözəl imiş. Bir tərəfdə yaşıl dona bürünmüş dağlar, dərələr, çəmənlər, bir tərəfdə həyətlərdə çiçək açmış ağaclar, bir tərəfdə səliqə ilə ləklərə düzülmüş bostanlar. Gözümü çəkə bilmirdim bu mənzərədən. Elə acgözlüklə, elə həsrətlə baxırdım ki, doymaq bilmirdim. Heç vaxt bilməzdim ki, bir neçə gündən sonra bu gözəlliyə həsrət qalacam. Çönüb evin səliqə-səhmanına baxdım, çox xoşuma gəldi. Çox şükür dedim, bu evləri, bu həyət-bacanı min-bir əzab-əziyyətlə başa gətirdik. Evlərin yarısını təmir etdik. Atanla belə bir qərara gəldik: "Evin qalan otaqlarını da uşaqlar böyüyəndə təmir edərik. Hələ onlar orta məktəbi, sonra institutu oxuyanacan, bəlkə yerin başında da bir ev tikdik. İki oğlumuz var, hərəsi birində yaşayar. Qızı da köçürərik, əlimiz də üstündə olar, o da korluq çəkməz”.

 

Deyir, sən saydığını say, gör fələk nə sayır... Belə şirin xəyaldan, çölə baxıb gördüyüm o mənzərədən gözümə sataşan həyətin ortasındakı cığıra tökdüyümüz daşlar ayırdı. Dünən maman uşaqları ilə, mən uşaqlarımla 10 sot deyim, 20 sot deyim, bəlkə hələ çox yeri şum eləyib kartof ləkinə vurduq ayrılığına. Daşları da şumdan seçib aradakı cığıra tökdük. Dedim, uşaqlar, çayımızı içək, gedək o daşlardan götürək, qapı səliqəli görünsün. Atamız bəlkə bu gün gəldi, qoy hər şeyi nizam şəkildə görsün. Səliqə ilə səhər süfrəsi açdım. Heç vaxt bilməzdim ki, bu evdə açdığım axrıncı süfrədir… Səhər yeməyimizi yedik. Süfrəni yığışdırıb hər şeyi yerinə qoydum və yenə də evlərə baxdım, heç bilmirdim bu gün mənə nə olmuşdu, nə evə, nə da ki, həyətə və kəndimizə baxmaqdan doymurdum. Mən sizi götürüb həyətə endim. Ülviyyənin 9, Elvinin 7, səninsə 5 yaşın vardı. Yarım maşına qədər daş olardı, siz onu daşıyıb həyətin ayağında bir qalaq qurdunuz. Mənsə həyətin mənzərəsindən gözümü çəkə bilmirdim. Bir tərəfdə hasarların dibindən papaqlanmış gicitkənlər, torpaqdan qırmızı başını göstərən qırxbığım, sarı, yaşıl başlı şoşan, bir-iki yarpağı görünən xortumlar. Təbiətin bu gözəlliyinə insan baxdıqca valeh olurdu. Birdən cığırın ayağında anam göründü. O tayın-bu tayın səliqə-səhmanına baxa-baxa yaz havasının xoş əhval-ruhiyyəsində yanıma gəldi.

 

- Çox şükür, balam, əziyyət çəksəniz də, işlərinizi nizama salmısınız.

 

- Hə, çox şükür, nənə (biz anamıza nənə deyirik), deyəsən nizama düşürük yavaş-yavaş.

 

Biz evə getdik. Mən çay dəmlədim, bildirdən qalma çiyələk mürəbbəsi vardı, onu götürüb bir ağ fincana tökmək istəyirdim ki, birdən atanız içəri girdi, təngnəfəs, rəngi qaralmış… Atanız Ağcəbədiyə getmişdi, orada eşidib ki, Şuşa alınıb. Təcili gəlmişdi. Rəşid əminiz dedi, tez olun, tez olun! Şuşa alınıb, erməni bura da gələ bilər, qadınları, uşaqları kənddən çıxarmalıyıq, kişilər də qalıb kəndi qorumalıdı. Qəfildən elə bil məni tok vurdu, mən anama baxdım, fikirləşdim ki, anam deyər, qorxmayın, erməni gələ bilməz. Axı analar yalan danışmaz. Mən də anamın sözünə inanıb bu şirin vətənimizi, bu şirin evimizi qoyub getmərəm. Amma anam üzünə dirənmiş nəzərlərimə baxıb çiyinlərini çəkdi. Onda bildim ki, çıxış yolu yoxdu. Mən əlacsız qaldım, əlimdəkiləri stolun üstünə qoydum, anam da getdi evlərinə xəbər verməyə. Mənsə dəli kimi bir neçə saat bundan əvvəl səliqəsinə sevindiyim evi öz əllərimlə bir hala saldım ki, virdi-viran elədim. Atanız dedi bir sənədləri, bir də təzə paltarları götürün, onları axtararkən özümü itirmiş kimi evin hər yerini dağıtdım. Bir çamadan sənəd, bir kisə təzə paltar götürüb, qapıları taybatay açıq qoyub, gedib avtobusa mindik. Atanızın kənddə qalan yaxın qohumları olan bütün qadın və uşaqlar da ordaydı. Rəşid əmin avtobusu işə saldı, biz yola düşdük. Anamgilin evinə yaxınlaşanda gördüm ki, anam dayımgilin hasarının küncündə oturub bizi gözləyir, bizi yola salmaq üçün. Anamı görəndə yaş məni boğdu. Biz gözdən itənəcən arxaya baxdım, anam orda oturmuşdu. Mən evimizdən oracan elə də dərin düşünməmişdim, adi bir sərnişin kimi oturmuşdum avtobusda. Fikirləşirdim ki, qışda da dedilər, ermənilər gəlir, uşaqları göndərdik Qarabağa - Ağcabədiyə. Sonra hamı bir nəfər kimi qayıdıb kəndə gəldi. Dedim, yəqin bir də gedirik, bir azdan heç nə olmaz, qayıdıb gələrik. Amma anamı orda görəndə ağlamağa başladım. "Anam qaldı - vətən qaldı…" - ürəyimdən keçirdim. Bilirdim ki, anam qalası deyil, onu da gətirərlər. Deməli, mən vətən üçün ağlayırmışam. Vətən anadı, deyirdilər. Mən onda bildim ki, adamın iki anası olur. Birindən ayrı düşürdük. Kim bilir, nə vaxta qədər, bəlkə, heç qədəri yoxdu. Avtobus gedir, köç tərsinə düşüb. Yaz açılanda arandakılar dağa gəlirdilər, bizsə dağdan arana gedirdik. Hardan bilərdik ki, bu yolun dönüşü yoxdur. Hansısa vətənə vətəni yoxmuş kimi sığınmağa gedirik, hansısa vətənlidən dil yeməyə gedirik, varımızı, dövlətimizi qoyub, hansısa bir xaricidən dilənçi payı yardım almağa gedirik. Bəlkə buradakı sərnişinlərin də mənim kimi bu gün zəhmətlərinə baxıb, zəhmətlərinin bəhrəsinə baxıb dilləri şükrə gəlmişdi. Neçə illik əziyyətimizi qoyub sıfırdan başlamağa gedirik. Əvvəlcə gələndə bir az ümidimiz var idi ki, vətən verilməz. Çünki könüllülər dəstəsi yaranmışdı. Orda sənin əmin oğlu Möhbalı da, dayın İsmayıl da vardı, kəndin çoxlu cavanları da. Bütün Laçın kəndlərində də yaranmışdı könüllülər dəstəsi. Amma neyləsinlər, kömək getmədi düzəməlli, silah-sursat verilmədi. Onlar da qeyrətlə bir az vurmuşdular. Sonra yol bağlandı, erməni əlinə düşməsin deyə kənddə qalan əlsiz-ayaqsızları qoruya-qoruya Kəlbəcərlə qarı yara-yara gətirib çıxarmışdılar. İsmayıl dayın cavanları atdan düşürdü, iki qoca qadını ata mindirib, cibində olan çörək qırıntılarını onlara verib, gətirib çıxartmışdı. Biri Ağbulaqda yaşayan Gülbəsti, biri də Qarakeçdidən Gərəkməz. Laçın milisləri də çox şücaətlə vuruşurdular. Orda sənin dayın Halay da vardı. Onlar 4 il vuruşdular. Yenə də kömək getmədi, əməlli silah-sursat gəlmədi. Rus ordusunun qabağında, rus tankının qabağında bir-iki avtomatla durmaq olardı?!

 

Mənim əziz balam, qaçqınçılıq həyatını yazmaq mənim işim deyil. Mən nə ədəbiyyatçıyam, nə yazıçı. Öz dilimdə qaçqınçılığın birinci gününün bir neçə görüntüsünü yaza bildim. Vətəni qoruya bilərdi bizim igid oğullar, başbilənimiz olmadı. Onları yazdım. Bu iş sənin kimi savadlı yazıçının işidir. Biz yaşlılar oturub qaçqınlıq həyatından danışaq, sən də roman yazasan. Qaçqınçılığın əzablarından neçə roman da yazsan, qurtaran deyil. Sənə bu yolda başarılar diləyirəm, oğlum.


Hörmətlə anan İltima Axundova

2015

 

Anama məktub

 

Əziz ana, gözəl ana,

nigaranam səndən yana.

Öz ömrünü sərf etmisən bizim üçün,

bir kimsəyə bildirmədən

hər dərdini daşımısan için-için.

Çox da qaçqın, köçkün olduq,

kövrək olduq, küskün olduq,

güclü ikən miskin olduq...

Atam kəndin kattasıydı,

pis deyildi imkanımız.

Çox vaxt razı qayıdardı qapımızdan

həmkəndlimiz, insanımız.

Ömür sürdük illər boyu

qarğı-qamış daxmalarda.

Amma bütün zamanlarda

bir inancım vardı mənim:

anam harda - vətən orda!

***

Yadımdadır,

yeməklərdən Ülüş küftə xoşlayardı,

Elvin xəngəl,

mənsə dovğa.

Hansımızın yeməyini bişirsəydin,

qalanların cırnadardıq lovğa-lovğa.

Yadımdadır,

sən həmişə

payımızı tən bölərdin.

Biz süfrədə çəngəl üstdə,

qaşıq üstdə dalaşanda,

ara yerdə ən çox mənim

üstüm-başım bulaşanda

kənardan baxıb gülərdin.

Uşaq idik, heç bilmirdik

haçan yemək yedin, ana.

Soruşanda acsan, toxsan,

"bayaq yedim" dedin, ana.


***


On üç ildir Bakıdayam,

işim-gücüm, ailəm var.

Kürəyimdə

qayğılardan qalaqlanmış bir şələm var.

Bir qızım var altı aylıq.

Hərdən-hərdən mürgüləyir

atasının qucağında.

Tanrım bəxşiş verib mənə

həyatımın bu çağında.

Ağlayanda hirslənirəm,

gülür, canını qurtarır.

Anasından əmdiyini

mənim üstümə qaytarır.

Zalım elə şirindir ki,

xətrinə dəyə bilmirəm,

sənin adaşındır deyə,

könlümcə söyə bilmirəm.

O gün həkimə göstərdim,

deyir, bir az xəstələnib.

Elə həmin gündən bəri

bağrımda qəm dəstələnib.

İndi-indi anlayıram

bizdən nələr çəkdiyini,

bizə bir şey olar-olmaz

göz yaşları tökdüyünü.

Zaman necə tez ötüşür, elə deyilmi…

Bir zamanlar

sənin bizə söylədiyin laylaları, oxşamaları

indi mən öz qızım üçün oxuyuram

səhər, axşam, lap gecəyarı.


***


İndi burda - Bakıdayam,

işim-gücüm, külfətim var.

Heç bilmirəm nə görmüşəm bu şəhərdə,

Sanki əhdi-peymanım var, ülfətim var.

Bura qürbətimdir mənim,

burda nəfəsim çatmır,

nəfəsim çatsa da, həvəsim çatmır...

Bilirsənmi,

illər sonra bunları dilə gətirmək

təxminən nəyə oxşayır?..

İçəriyə qapıdan yox,

pəncərədən girməyə oxşayır.

Çox da insan püxtələşir,

düşüb-qalxır, mətin olur.

Yenə ata-anadansından uzaqlarda

hər övlada,

üstəlik də

mənim kimi dəymədüşər sonbeşiyə

çətin olur, çətin olur...

Keçən dəfə telefonda atam dedi,

yatırmışsan soyuqdəymədən

və baş ağrısından.

Onda bəlkə düşünmüsən,

balalarım bir gələydi,

qızım umac bişirəydi,

zoğallı çay gətirəydi oğullarım...

Kaş gələydi şirinlərim, noğullarım.

İnan mənə, əziz anam, gözəl anam,

bu minvalla on üç ildir

səndən yaman nigaranam...


04.03.2017

 

Pərviz Axundov