Dünya 13:38 04.08.2020

KİV: Çin jurnalistlərinin hamısı ABŞ-ı tərk etsə, Pekin qisas alacaq

Çin hakimiyyəti bütün Çin jurnalistlərinin ABŞ-ı tərk etməli olacağı "ən pis ssenariyə" hazırdır. Belə olacağı halda Pekin, o cümlədən Honq Konqda işləyən amerikalı jurnalistlərlə bağlı cavab tədbirləri görəcək. 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Global Times"ın baş redaktoru Hu Sitzin "Twitter"də bildirib.

Koronavirus pandemiyasının yayılması ilə bağlı mübahisələr ABŞ və ÇXR arasında media məsələsinin kəskinləşməsinə səbəb olub. Birləşmiş Ştatlar bir sıra Çin dövlət mediasından Ştatlardakı jurnalistlərinin sayının azaldılmasını tələb edib, bu da 60 jurnalistin ölkədən çıxarılmasına səbəb olub.

Öz növbəsində Çin "New York Times”, "Wall Street Journal” və "Washington Post” qəzetlərinin Çində işləyən ABŞ vətəndaşlarından jurnalist vəsiqələrini təhvil vermələrini tələb edib ki, bu da amerikalı jurnalistləri ölkəni tərk etməyə məcbur edib.

Bundan əlavə, hər iki ölkə işçilərinin sayı, maliyyəsi və öz ərazilərindəki jurnalist bürolarının fəaliyyətinin digər aspektləri barədə hesabat tələb etməklə KİV-lərin işinə qarşılıqlı tələbləri sərtləşdirib.

Alpər