Kobudluq edən şagirdlərin islahı: buna bizim təhsil sistemimiz icazə vermir – Nə etməli?

Kobudluq edən şagirdlərin islahı: buna bizim təhsil sistemimiz icazə vermir – Nə etməli?

"Əgər normal tədris mühiti pozulursa, buna görə mütləq cəzalar olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Suraxanı rayonunda 282 nömrəli məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüdən danışarkən deyib.
 
Ekspert bildirib ki, mövcud fakt məktəbdə idarəetmənin normal olmadığını, şagirdlərlə işin düzgün qurulmadığını göstərir:

"Son günlər məktəblərdə baş verən hadisələri təhlil edəndə qaydaları pozan, sinifdə zorakılıq edənlərin oğlanlar olduğunu görürük. Nə müəllim, nə də məktəbəqədər müəllim onun öhdəsindən gələ bilir. Amma onlara hansısa cəzanı vermək mümkün deyil, buna bizim humanist təhsil sistemimiz icazə vermir. İdarə olunmayan şagirdi psixoloqa göndərmək də qeyri-mümkündür, çünki bunun üçün mütləq valideynlərin razılığı lazımdır. Normal uşaqlar problemli uşaqların girovuna çevrilirlər. Buraxılış sinfinə kimi kobudluğa dözməli olan və uşağı sinifdən qovmağa belə haqqı olmayan müəllimi demirəm. Və belə çıxır ki, zorbanın "həyatı və sağlamlığı” müəllimin və ya sinif yoldaşlarının həyat və sağlamlığından daha vacibdir”. 

Kamran Əsədov əlavə edib ki, hər birimiz insanların bir-biri ilə davranışlarında sərtlik, aqressivlik müşahidə edirik:

"İstər Bakı, istərsə də regionlarda zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır. Aqressiyalar, demək olar ki, cəmiyyəti öz ağuşuna alıb. Təəssüf ki, bunu biz təhsil müəssisəlrində orada işləyənlərə qarşı da hiss edirik. Aqressiya ailədən qaynaqlanır və ardınca orta məktəbdə inkişaf edir. Təhsildə aqressiya, şagird–müəllim münasibətləri cəmiyyətin durumuna mənfi təsir göstərir. Müəllimlərin düzgün tərbiyə metodundan çox şey asılıdır. Məktəbdə böyüyən uşaqda aqressiya sadəcə məktəb daxilində olmur, yavaş-yavaş əhatə dairəsi genişlənir. Son dövrlərdə ali məktəblərə qəbul, buraxılış imtahanlarındakı uğursuzluqlar bilavasitə cəmiyyətin müəllimə, məktəbə, təhsilə münasibətini dəyişir. Müəllimlərin repititor kimi pul yığması, bəzi məktəblərdə idarəetmədəki boşluqlar təhsil üçün ciddi problemlər yaradıb”. 

Qeyd edək ki, bu gün sosial şəbəkədə paytaxtın Suraxanı rayonunda 282 nömrəli məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı video yayılıb. Videodakı iddiaların yoxlanılması məqsədilə DİN-də araşdırmalar aparılır.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X