Xəbər lenti

Körfəzdə gərginlik artdı: İki ərəb ölkəsi Yəməndə üz-üzə - Kim hara nəzarət edir?
Dünya 16:12 30.12.2025

Körfəzdə gərginlik artdı: İki ərəb ölkəsi Yəməndə üz-üzə - Kim hara nəzarət edir?

Yəməndə baş verən son hadisələr Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında gərginliyi artırıb. Bu gərginliyi anlamağın əsas açarı isə xəritədədir. Yəməndə kim hansı bölgəni nəzarətdə saxlayır?

Qaynarinfo xəbər verir ki, Yəməndə BƏƏ tərəfindən dəstəklənən separatçı Cənub Keçid Şurası (GGK) ölkənin şərq və şimal-şərqində, Səudiyyə Ərəbistanı və Oman sərhədinə yaxın vilayətləri dekabr ayının ilk günlərində hərbi olaraq ələ keçirib.

GGK rəhbəri Aydarus ez-Zübeydi 9 dekabrda müvəqqəti paytaxt Adendə keçirilən toplantıda Cənub Silahlı Qüvvələrinin Mehra vilayətini ələ keçirdiyini açıqlayıb.

Yəmənin Prezident Şurasının sədri Reşad əl-Alimi isə GGK-dən Hadramevt və Mehra vilayətlərindən çəkilməsini tələb edib.

GGK Hadramevt vilayətinin neftlə zəngin ərazilərində, həyati əhəmiyyətli şəhərlərdə və neft sahələrində nəzarəti təmin etməklə gərginliyi davam etdirir. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökuməti Hadramevt və Mehra vilayətlərini itirdikdən sonra cənubda faktiki olaraq nəzarətdə saxladığı bölgəni də itirmiş olub.

Hökumətin qismən nəzarətdə saxladığı Taiz və Marib vilayətləri isə ölkənin şimalında yerləşir. Aydarus ez-Zübeydi rəhbərliyindəki GGK isə 1990-cı ilin may ayında birləşmə öncəsi Yəmən Demokratik Xalq Respublikasının sərhədlərini əhatə edən bölgələri nəzarətində saxlayır.

Husilər isə paytaxt Sananın da daxil olduğu şimal bölgələrində Zemar, Beyda, İbb, Rayme və Amran şəhərlərinin tamamına nəzarət edir. Eyni zamanda, qərbdəki Hudeyde sahil bölgəsini və Səudiyyə Ərəbistanı ilə sərhədi olan Cevf şəhərinin bir hissəsini nəzarətdə saxlayır. Hacce və Sada isə şəhər mərkəzləri daxil olmaqla böyük ölçüdə Husilərin nəzarətindədir.

Səudiyyə Ərəbistanı BƏƏ-yə Yəmənin tələbi əsasında ölkə ərazisindəki bütün hərbi qüvvələrini 24 saat ərzində geri çəkməyi və heç bir tərəfə hərbi və maliyyə dəstəyi verməməyi tələb edib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən verilən açıqlamada, ölkənin milli təhlükəsizliyinin "qırmızı xətt” olduğu bildirilir və xüsusilə cənub sərhədlərində hər hansı bir təhdidə qarşı bütün tədbirlərin görüləcəyi vurğulanır.

Açıqlamada qeyd olunur ki, BƏƏ Yəmənin şərqindəki Hadramevt və Mehra vilayətlərində, Səudiyyə Ərəbistanının cənub sərhədlərinə yaxın bölgələrdə hərbi əməliyyatlar həyata keçirmək üçün GGK qüvvələrini göndərib və bu təəssüf hissi ilə qarşılanır.

Səudiyyə Ərəbistanı bu əməliyyatları "ölkənin milli təhlükəsizliyinə, həmçinin Yəmən və regionun təhlükəsizliyi və sabitliyinə qarşı bir təhdid” olaraq qiymətləndirir. Həmçinin vurğulanır ki, GGK daxil olmaqla bütün Yəmən qruplarının iştirakı ilə ölkədə geniş siyasi həll yolu üçün dialoq aparılmalıdır.

Yəməndə qanuni hökumətə dəstək verən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Hadramevtdə GGK-nın nəzarətində olan Mukalla Limanında bəzi silah və hərbi texnikaları hədəf alan məhdud bir hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb.

Koalisiyanın sözçüsü Türki əl-Maliki bildirib ki, əməliyyat Yəmən Prezident Şurası sədri Reşad əl-Aliminin Hadramevt və Mehra vilayətlərində mülki əhalinin qorunması üçün bütün hərbi tədbirlərin görülməsini tələb etməsi əsasında həyata keçirilib.

Maliki əlavə edib ki, iki gəmi BƏƏ-dəki Fucayra Limanından Mukalla Limanına Ərəb Koalisiyası Komandanlığından rəsmi icazə alınmadan gəlib.

Aydın
--> -->