Hüseynbala Səlimov
Desəm ki, bu ölkədə bayramlar vaxtı ən axırıncı yerdə sevinmək, şənlənmək gəlir, sözümü qəribçiliyə salmayın.
Hər şeydən əvvəl "nə edim, necə edim və haradan bir az pul tapım məsələsi” gəlir.
Tərslikdən də iki əsas bayramımız ayın axır günlərinə təsadüf edir– bizimsə əlimizə pul yalnız ayın ilk günlərində dəyir; bəli, ayın əvvəlində böyük mücadilə ilə müdirlərdən qopardığımız pul heç on gün keçməmiş qurtarır və başlayırıq növbəti maaşa qədərki günləri saymağa...
Amma bu da hamısı deyil. Bayramlar vaxtı biz bir millət və ümmət olaraq necə var, olduğumuz kimi görünürük; daha sakit və qayğısız, adi günlərdə mərhəmət və şəfqət haqqında deyilən boğazdan yuxarı sözlər tamam- kamal yaddan çıxır, dükan-bazarda qiymətlər kəllə-çarxa vurur, idarə edənlər də, idarə olunanlar da, satanlar da, alanlar da daha səmimi və daha təbii olurlar; hamının yadına düşür ki, hələ böyük Mövlana əmi deyibmiş ki, ya göründüyün kimi ol, ya da olduğun kimi görün.
Qərəz, ilin 365 günündə üzümüzə taxdığımız milli maskaları bir tərəfə tullayır, dönüb özümüz oluruq.
Bayramlar həm də kasıb-kusubun ən çox qınandığı çağlar olur. Bazara gedirsən, çalışırsan ki, alacağın bayram nemətlərinin qiymətini bir az aşağı salasan, amma əvəzində danlanırsan, hətta söyülürsən ki, kasıbsan, qaxıl, otur komanda, sənin bazarda-dükanda nə işin var?!.
Bunu tək bazar-dükan adamları desəydi, yenə də bir təhər dözmək olardı. O gün baxıram, həmkarlarım bir deputatın, yəni ki, millət vəkilinin bayram vaxtı dediyi sözləri çözürlər. Bəli, bu adam deyibmiş ki, kasıbın supermarketdə nə işi var?..
Doğrusu, şəxsən mənimçün belə "açıqlama”lar heç də yenilik deyil. Bir neçə il bundan əvvəl "Azadlıq” radiosunda bir xalq şairi "Kasıba kömək etməyin mənası yoxdur, çünki kasıb ona görə kasıbdır ki, Allah özü onu kasıb yaradıbdır” deyəndə, dəhlizə çıxıb siqareti siqaretə calamışdım...
Hətta istədim ki, içəri keçib həmin o xalq şairinə deyim ki, bəyənmədiyin o kasıblarda elə bir keyfiyyət var ki, o, şəxsən səndə yoxdur və onun adı ləyaqətdir və sən bunu başa düşməzsən, çünki ləyaqətini itirməklə, yaltaqlıq-yalaqlıq etməklə ev-eşik, maşın, vəzifə, "ad-san” sahibi olmusan!..
Odur ki, növbəti açıqlama da mənə təəccüblü görünmədi. Təəccüblüsü tamam başqa məqam idi.
Niyə biz hələ də bəzi məsələlərdə "gecikirik”, axı uşağa da bəllidi ki, "millət vəkili” sözü boş epitetdən başqa bir şey deyil bu ölkədə, odur ki, gəlin başqa adlardan istifadə edək, məsələn, deputat, parlamentari və s. deyək, çünki bir daha ərz edim ki, millətin vəkili heç bir vaxt "Kasıbın supermarketdə nə işi var?” deməz.
O ki qaldı "bayram məsələsi”nin digər tərəflərinə, biz hamımız istehlakçıyıq, istehsalçılar deyilən təbəqə, yəni ki, bizim iş adamlarımız, çox maraqlı bir yol tutublar: onlar əhalinin 30-35 faizinə işləyirlər – bəli, bu təbəqəni qiymət–filan maraqlandırmır, lap kilosu 700 manata alça nədir, hətta istəsələr, təyyarə alıb Laflandiyaya göndərərlər ki, Şaxta baba özü durub Bakıya gəlsin və onların uşaqlarını, ya nəvələrini Yeni il gecəsində əyləndirsin...
70 faiz isə... Bəli, bunların hamısına ucdantutma kasıb demək mümkün olmasa da, hər halda, onların 30 faizlə ayaqlaşmaq imkanı yoxdur– bunu artıq birmənalı şəkildə demək olar.
Rəhm, mərhəmət məsələsinə gəldikdə, bu da din adamlarının məclislərdə, mərasimlərdə insanların başını qatmaq üçün danışdıqları əfsanələrdir - ən azı bu ölkədə belə şey olmayıb və güman ki, gələcəkdə də olmayacaq. Onlar var, amma haradasa, çox uzaqlarda – buralara isə sorağı hələ gəlib çatmayıbdır.
Amma kasıbları tamam ümidsiz də buraxmaq istəməzdim. Əvvəldə dedim ki, onlarda elə bir keyfiyyət var ki, o, varlıların böyük hissəsinin hətta yuxusuna da gəlmir – bəli, bu, ləyaqətdir.
Fəqət, bilmirəm, bu sətirləri yazarkən niyə L.Tolstoyun "Sergiy ata” əsəri yadıma düşdü? İnsan içindəki məğrurluğu, bir az da iddialılığı, şöhrətpərəstliyi tamam bitirmək, yox etmək istəyir və özünü daha ağır sınaqlara məruz qoyur. Yaxşıdırmı bu? Vallah ki, bilmirəm, çünki qoca Tolstoy özü bu sualların cavabını tapa bilmədi...
Amma mənə qalsa, yerdə sürünən bir kol-kos yox, ayaq üstə duran, göylərə tuşlanan ağac olmaq daha yaxşıdır - düzdür, küləyi, yağışı, qarı var bu Dünyanın. Olsun. Bütün hallarda bu kol-kos olub ayaqlar altında qalmaqdan daha yaxşıdır – ağacları kəsirlər, kol-kosu isə ayaqlayırlar...
Şərhlər