Azər
Turan
Bir dəfə
sübh azanının səsinə İstanbulda oyandım...
Azan səsi
Süleyman Qanuninin tikdirdiyi Şahzadə camesinin minarəsindən yayılırdı.
Səhər.
Cemal
Süreyanın "Üvercinka"da dünyaya doğru getdiyi Laləli.
Mən isə
cameyə tərəf gedirəm... Yolun sağ tərəfində Fəth Şəhidlərinin uyuduğu yaşıllığa
qərq olmuş kiçik bir məzarlıq var. 1453-cü ildə İstanbulun fəthi zamanı şəhid
olan 18 alpərənin məzarı burdadır.
Altı əsrdir
ki, bu millət öz şəhidlərini belə əzizləyir...
***
İstanbul
Fəth olunanda Amerika qitəsi kəşf olunmamışdı.
Amerikanın
kəşfi İstanbulun fəthindən sonra gerçəkləşdi.
"Məlumdur
ki, Amerikanın kəşfi şərəfi Kristofor Kolumba aiddir... Bir neçə millətlər
vardır ki, bu şərəfə iştirak iddiasında bulunuyorlar... Osmanlı türkləri deyirlər
ki, biz İstanbulu fəth etməsəydik, avropalılar Hindistana ayrı yollar arayıb,
Amerikanın kəşfinə müvəffəq olmaz idilər... Fransızca "Fiqaro" qəzetəsinin
verdiyi xəbərə baxılarsa, türklərin Kolumdan çox əvvəl Amerikaya getmiş
olduqları anlaşıyor". (Əli bəy Hüseynzadə).
Amerika
kəşf olundu. Burda min illərdən bəri qızıldərili bir toplumun yaşadığı görüldü.
Amerika qitəsində yaşayan qızıldərililər bu qitəyə nə zaman yerləşib? Qitənin
ilk sakinləri kimlərdir? Bu sual daha çox XX yüzildən etibarən gündəmə gəlir.
Bakıda isə bu məsələ 1905-ci ildən sonra araşdırılmağa başlanıb. Durub-dururkən,
Əli bəy Hüseynzadə yuxarıda da bir-iki cümləsini xatırlatdığım "Kristof
Kolumbmu, yoxsa türklərmi?!" adlı məqalə ilə çıxış edib. Avropa mətbuatına
istinadən Amerika qitəsinin bəzi qəbilə və əşirətlərinin dilinin türkcəliyinə
dair tədqiqatlardan bəhs edib. Yazı "Həyat" qəzetində dərc olunandan
bir-iki ay sonra Amerikanın mətbuat vəkilləri Hovard Tomson və Heliks Gerson
hansı səbəbləsə Bakıya gəlib, Hüseynzadə ilə görüşmüşdülər. Hovard Tomson da
söhbət əsnasında qızıldərili bəzi qəbilə və əşirətlərin dilində türkcə elementlər
olduğunu bir daha təsbit etmişdi. Amerika qızıldərililərinin leksikasında Araz,
Bərdə, Alma, Çala, Çənə, Sapul, Kara, Kara Ayaq, Keçə, Törə kimi sözlərin yer
aldığını yüz il sonrakı tədqiqatlar da təsdiqlədi. Amma daha əvvəl, ötən əsrin
ilk illərində bu məsələlərin əsassız olmadığını qeyd edən Hüseynzadə yazırdı
ki, "bir tərəfdən türkoloqlar Baykal gölü sahillərində "Orxon mədəniyyəti"
adlanan qədim bir türk mədəniyyəti kəşf etmiş olduqlarını və digər tərəfdən,
Sibirin uzaq şərqinə qədər yakut qəbilələri kibi ancaq türk əqvamının yayılmış
olduğunu və Amerikaya ən qədim zamanlarda Berinq boğazı vasitəsilə ancaq
Sibirin müntəhasından yol olduğunu nəzərə alırsaq, "Fiqaro" qəzetəsində
yayılmış xəbərin həqiqətdən xali olmadığını anlarız".
Hüseynzadə
həmin məqaləsində o günlərdə dünyasını dəyişmiş Amerika etnoqrafi Kuşinqi
xatırlatmışdı. "Kuşinq bədəvi qövmlərin (qızıldərililərin) əhvalını mütaliə
üçün gedib həmin qəbilənin içində 15 ilə qədər yaşayıb. Kuşinq məzkur xalqın əhvalına
dair bir çox hekayət, tarixi rəvayətlər və əfsanələr toplamışdır. Bunlar vasitəsilə
isbat etmişdir ki, Zuni qövmi Berinq boğazından keçib Amerika qitəsinə gəlmişdir.
Hətta bunların həyat hekayətlərində gəldikləri yollara dair işarət və məlumat
vardır". Sonrakı, yəni çağdaş tədqiqatlarda məhz 14-18 min il əvvəl Berinq
boğazından bura keçən Zuni qəbiləsinin nağıllarının bəzi türk nağılları ilə
eyniyyət təşkil etdiyi təsbit edildi.
Amerika
qızıldərililərinin mənşəyi ilə bağlı məlumatlar bilirəm ki, indi çoxları üçün
yenilik deyil. Amma nəinki Azərbaycanda, hətta Türkiyənin özündə belə
türkoloqlar, etnoqraf və linqvist alimlər bu məsələlərin türk dünyasında ilk dəfə
Bakıda, özü də XX yüzilin əvvəllərində elmi dövriyyəyə buraxıldığını bilmir.
"Kolumbmu, yoxsa türklərmi?!" məqaləsini həm də o səbəbdən təfərrüatı
ilə xatırladıram. Həmin məqaləsində Əli bəy onu da qeyd etmişdi ki, "Türklər
kimdir və kimlərdən ibarətdir" ünvanlı məqaləmizdə xatırlatdığımız kimi,
Baykal yaxınlığında Orxon çayı kənarlarında tuk-yu, yaxud türk-oğuz türklərinə
dair fövqəladə mühüm araşdırmalar aparan Peterburq və Helsink-fors
türkoloqlarının Meksikaya elmi heyətlər göndərəcəklərini ümid ediyoruz.
İstanbulda hənuz böylə şeylərin qədrini biləcək dərəcədə hazırlıq
yoxdur..."
Sonrakı
təşəbbüs 1930-cu illərdə Atatürkdən gəldi. Prototürklərin yayılma arealı və köç
yolları diqqəti çəkdi. Şimali Amerikada da bir çox yer adlarının türkcə olduğu
bilindi və Atatürk, hətta yaxınlarından birinə, yəni Ənvər Paşanın qudası Təhsin
bəyə Mayatəpək soyadını verdi (qızıldərili mayaların dilində "təpə" təpək
deməkdir) və Atatürk Təhsin Mayatəpəki qızıldərililərin mədəniyyətini, Maya
uyğarlığını araşdırmaq üçün Şimali Amerikaya diplomatik nümayəndə olaraq göndərdi...
...1906-cı
ildə Amerika mətbuat vəkili Hovard Tomson Bakıda Hüseynzadəyə bir də bu xəbəri
vermişdi: "Qızıldərililərə məxsus bir çox qədim əsərlər, üzərində heroqlif
yazısı olan daşlar, rəsmlər, fotoqrafiyalar və sairə bu gün Birləşmiş Ştatların
paytaxtı olan Vaşinqtonda hifz olunmaqdadır".
İndi
Amerikada belə muzeylər çoxdur. Və yəqin, ötən həftə, aprelin 24-də "erməni
soyqırımı" ifadəsini işlədən Amerika Prezidenti Co Bayden həmin muzeylərə
baş çəkməmiş deyil.
Yenə də
tarixə qayıdaq. "İstanbul fəth edildi, Amerika kəşf olundu. Avropalıların
kəşf olunan Amerikada etdikləri vəhşilikləri, qaniçiciliyi tarix kitablarında
oxuduqca insanın tükləri biz-biz duruyor!" (Ə.B.Hüseynzadə).
Bayden
də Amerika qitəsinə köç etmiş, orada vəhşiliklər törətmiş həmin avropalıların
soyundandır. Dövlət Baxçalının sırağagün Türkiyə Böyük Millət Məclisində
İstanbulun fəthi tarixini - 1453-cü ili xatırladıb söylədiyi kimi: "ABŞ
yönətiminə soruyorum, pəki, o zaman siz hardaydınız? Avropadan qaçanlar və ya
sonu məlum olmayan bir macəraya atılıb okeanı aşanlar belə o tarixlərdə hənuz
ortalıqda görülmürdü. İndi yaşadığınız coğrafiyanın əsl sahibləri, hətta dərilərinin
rəngindən dolayı qətl etdiyiniz milyonlarca insan mutlu və hüzurlu bir şəkildə
həyatlarını yaşayırdılar".
Baydenin
soyqırım bənzətməsi ilə anımsadığı 1915-ci il hadisələrinə, Çanaqqala və erməni
məsələsinə diqqəti cəlb edən və Avropanı Türkiyə qarşısında sorumlu tutan Əli bəy
Hüseynzadə 1917-ci ildə "Stokholmda, Dünya savaşının önünə keçib müharibələri
bir an əvvəl ümumi bir sülhə qovuşdurmağa bir yol bulmaq üçün toplanan"
beynəlmiləl sosialist konqresində məruzə etmişdi. Məruzənin indiyə qədər Azərbaycanda
çap olunmamasını nəzərə alıb onun tam mətnini sitat gətirmək istəyirəm:
"Osmanlı dövlətindəki millətlərin bağımsızlığını qazanması üçün, eyni
zamanda, Asiya və Afrikadakı bütün qövmlərin bağımsızlıqlarını qazanmaları
lazım gəlir. Kapitalist imperializminin bu savaşda meydana çıxardığı problemlər
arasında türk məsələsinin sosialistlər tərəfindən diqqətlə ələ alınması gərəkdir.
Sosialistlərin bir qismi bu xüsusda kapitalist dünyanın, islam aləminə qarşı
aldıqları tövrü, tələsik hökmləri kontrolsuzca mənimsəməkdədir. Labour Party
(Leyboristlər Partiyası), Türkiyənin gələcəkdə Millətlər Cəmiyyətindən
çıxarılmasını istəməkdədir. Yəni bu sosialist partiya Osmanlı İmperatorluğunu
yıxmaq və parçalamaq istəyən istilaçı kapitalist görüşü qəbul etmiş,
sosialistlik iddiasına rəğmən kapitalist zehniyyət içində qalmışdır. Burada bir
məsələ meydana çıxır. Sosialist Partiyaların əsaslı vəzifələrindən biri
kapitalist və imperialist görüşün tələsik hökmlərindən qurtulmaq olacaqdır. Müsəlman
düşmənliyi, türk düşmənliyi bu hökmlərin başında gəlir. Halbuki yalnız Labour
Party deyil, alman və fransız sosial-demokrat partiyalarından bir çoxunda bu
hökmlər davam etməkdədir. Buna qarşı 1908-ci il Türk inqilabı bu şikəst
dünyagörüşünü ortadan qaldırmaq amacını güdməkdə idi. İmperatorluğa girən
ünsürlərdən hər birinin haqlarını qəbula, onlar arasında bərabər haqlara görə
hür bir nizam qurmağa doğru gedirdi. Bunun üçün öncə Türkiyənin səhhətini
qazanması və bu səhhət yardımıyla Şərqdə yeni bir barış düşünüləcəkdi. Fəqət
imperialist dünya Türkiyəyə bir dəqiqə nəfəs aldırmadı: Daha bu təşəbbüsün üzərində
düşünməyə vaxt qalmadan... səbəbsiz olaraq Trablisə hücum etdi. Sonra da böyük
kapitalist dövlətlər Türkiyəni parçalamanın tətbiqatına girmək və hazırlanmağa
vaxt buraxmamaq üçün Balkan savaşını icad etdilər. Sosialistlər arasında yalnız
böyük Jaures Osmanlı dövlətinin parçalanmasının sosialist idealına ayqırı
olduğunu gördü və bunu çox açıq olaraq ifadə və müdafiə etdi. Ona görə türk
inqilabına dəyər verilməli, Şərqdə parçalama siyasətindən vaz keçilməlidir.
Türkiyənin gələcəkdə Societe des Nations-a (Millətlər Cəmiyyətinə) həqiqi bir
üzv olması üçün ixtilalın bütün əsərini tamamlamasına imkan verilməlidir. Müsəlmanların
və Osmanlı dövlətinin millətlərarası təşkilatdan çıxarılması böyük bir ədalətsizlik
olduğu kimi, ayrıca çox böyük bəsirətsizlik olacaqdır. Çünki bu surətlə İslam
aləmini gələcəkdəki barış baxımından təhlükəli bir qaynaşma içində buraxmış
olacaqdır. Halbuki bu aləm modern mədəniyyətdə bir yer almağa böyük bir istək
duymaqdadır. Əgər böyük Jaures tragik bir surətdə ölməmiş, Stokholm Konqresində
aramızda bulunmuş olsaydı, bu çox yayğın olan türk düşmənliyi (turcophobie) ilə
mücadilə edərdi. Çünki o, Türkiyənin mühafizəsinə və bağımsız Türkiyənin Şərqdə
barışı davam etdirmək üçün biricik təminat olduğuna qane idi. Türklərin dünya
savaşına girmələri də imperialist saldırmaların doğurduğu bir əmrivaki
olmuşdur. Çanaqqala zəfəri imperialist dünyanın irəliləməsi üçün bir baraj
olmuş və bu böyük hadisə Doğu millətlərinin oyanmasına imkan
hazırlamışdır...".
Azərbaycanlı
professor beynəlxalq tribunada Türkiyənin və türk millətinin haqqını bu şəkildə
və bu sözlərlə müdafiə edirdi. Onda hələ Birinci Dünya savaşı bitməmiş, Osmanlı
imperatorluğu tamam çökməmiş, Türkiyə Cümhuriyyətinin qurulmasına isə sayılı
illər qalırdı...
XX
yüzilin əvvəllərindəki həqiqətlər Amerikanın tarix kitablarında varmı,
yazılıbmı? Varsa, necə var? Məsələn, amerikalı gənclərin orta və ali məktəblərdə
"Avropa cəmiyyət tarixi", "Dünya tarixi" kimi kitablardan
oxuyub-öyrəndikləri bunlardır: "Osmanlı sultanı Abduhəmid 1915-ci ildə erməniləri
ruslara yardım etməklə haqsız yerə suçlayaraq, ölkədə yaşayan bütün ermənilərin
öldürülməsini əmr etdi... Soyqırım iki yüz min erməninin ölümü ilə nəticələndi.
(M.Perry). "Ənvər Paşaya görə, türk və müsəlman olmayan kimsələr Türkiyəyə
sadiq ola bilməzdilər. Paşa 1915-ci ildə bir milyon erməninin öldürülməsi əmrini
verdi. (B.L.Linder).
Kitabdan-kitaba
ötürülən bu tezislərdə göründüyü kimi, dəyişən yalnız guya genosidə məruz
qalmış ermənilərin sayıdır...
Ədəbiyyat
kitabları da belə yalanlarla nəfəs alır... Bu yalanlar yüz ildir ki, Amerika gəncliyinin
süuraltısına yeridilməkdədir.
Bizdə
isə 1914-15-ci illərdə Osmanlının sınırları daxilində ermənilərin törətdiyi məzalimlər,
vəhşiliklər barədə Hüseyn Cavidin "Qars və Oltu ətrafında alçaqcasına qətl
və yağma edilən məzlumlar üçün" başlığı ilə yazdığı şeirdən başqa modern
bir ədəbi örnək tapmayacaqsınız. Fəqət o şeir də sovetlər dönəmində Cavidin əsərlərinə,
sadəcə, "Məzlumlar üçün" adı ilə daxil edilib. Qars və Oltu ətrafında
alçaqcasına qətl və yağma edilən məzlumların kimliyi mətndən çıxarılıb. Şeirdə
Cavidin həm ənənəvi humanizmi, həm də milliyyətçi görüşləri iç-içədir. Həm
indiki kimi erməni məzaliminə nəinki seyirçi qalan, hətta bəzən ona dəstək olan
dünyaya, həm də erməni təcavüzünə məruz qalan türklərə - bizə xitabdır...
Qars və
Oltudakı vəhşətlərin mənzərəsi isə tükürpədicidir. Bütün kişilər qətl edilmiş,
1500-ə yaxın qadın və uşaq Oltu çayında boğulmuşdu. Qars və Oltudakı türk zərərdidələrinə
maddi və mənəvi yardımları isə Bakıda İslam Xeyriyyə Cəmiyyətini quraraq və özü
də yarım milyon qızıl pul ianə edərək Hacı Zeynalabdin Tağıyev gerçəkləşdirmişdi.
Tağıyevin rəhbərliyi ilə Bakı və gəncəli sahibkarların və ziyalıların
timsalında Azərbaycan cəmiyyəti Qars və Oltunun fəlakətdən qurtulması üçün,
Qars zərərdidələrini - sağ qalsalar da, canlı cənazə kimi çöllərə səbil olmuş
kimsəsizləri himayə etmişdi... Əsas məsələ yetim qalmış türk çocuqlarını
qorumaq idi.
Cavidin
şeiri isə 1915-ci ildən qabaq, 1914-cü ilin dekabrında Naxçıvanda yazılıb...
Şeirin varlığı da isbat edir ki, soyqırımını, genosidi 1915-ci ildə türklər ermənilərə
qarşı deyil, 1914-cü ildə ermənilər türklərə qarşı törədib. Hüseyn Cavid
1914-cü ildə Qarsda, Oltuda öldürülən körpələrin, qadınların faciəsinə bu
misilsiz poetik lövhəni yaratmaqla ayna tutmuşdu:
Kəfənli
çölləri al lalələr qılar təmcid.
O
qarlı dağları təzyin edən qızılgüllər
Deyil
cənazə... birər xəndədir, həyata gülər.
Gülər
bəni-bəşərin duyğusuz səfillərinə,..
Fəqət
qalanlar, o bikəslər - ah ya Rəbbi!
Nə
yapsın!? İştə qoşar canlı bir cənazə kibi.
Qoşar
zəlami-fəlakətdə ac, soluq, bihuş,
Qoşar
ümidi-səadətlə müztərib, mədhuş.
Qoşar,
qoşar da arar bir şərareyi-iman,
Arar zəlami-fəlakətdə
şöleyi-vicdan.
Fəqət
nə çarə!? Sönər həpsi, yoq ümidi-nicat.
Qulaqlar
iştə sağır, kimsə dinləməz, heyhat!..
...Ah,
əvət, həp dəyişdi ruhi-bəşər,
Hökm
edər şimdi başqa fəlsəfələr.
Haq, ədalət,
təbiət iştə bu gün
Əbdi-məzluma
qarşı pək küskün...
Yaşadan
kainatı qüvvətdir,
Gücsüzün
həp nəsibi zillətdir.
Yaşamaq
istəsən çalış, çabala,
Rəd
olub gurla, bərq olub parla!
Yoqsa
fəryadü nalə zaiddir,
Bir həqiqət
bu: "əzməyən əzilir!..".
Maraqlıdır,
iki həftə əvvəl Paşinyanın Ermənistan parlamentindəki sərsəm çıxışına cavab
olaraq Azərbaycan Xarici İşlər Nazirliyi 1937-ci ildə erməni müstəntiqlərinin
zavalına uğramış Hüseyn Cavidin Siyavuşun dilindən yazdığı sözlərlə cavab
verdi: "Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun
istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:
Yurdumuzu
çiynəyən
Sayğısız
hər kim olsa
İnan
ki, çox sürmədən
Diz
çökəcək qarşıda".
Məncə,
bu, həm milli-məfkurəvi ədəbiyyatımızın, həm də bu ədəbiyyatın dilində danışan
diplomatiyamızın mənəvi zəfəri idi.
Bayden
İstanbulu Konstantinopol adlandırdı.
Dövlət
Baxçalı demişkən, Bayden "bir de Konstantinopolis ibarəsini kullanmışdır.
Osmanlı İmperatorluğunda böylə bir isimləndirməylə anılan bölgə və ya bir şəhər
yoxdur. Bizim İstanbulumuz vardır və dünyanın ən böyük Türk şəhəridir. Okeanın
ötəsindən baxınca necə gördüklərinin, nəyi görmək istədiklərinin bizim nəzərimizdə
bit qədər dəyəri olmayacaqdır. Konstantinopolis səhifəsi 568 il öncə
qapanmışdır".
568 il
öncə İstanbulun fəthi "o vaxtın şərtlərinə görə Asiyanı Avropanın
istilalarına qapamış olurdu" (Yahya Kamal Bayatlı).
Bir də
1915-ci ildə Əli bəy Hüseynzadənin təbirincə, "Çanaqqala zəfəri
imperialist dünyanın irəliləməsi üçün bir baraj olmuş və bu böyük hadisə Doğu
millətlərinin oyanmasına imkan hazırlamışdır".
Söz
sözü gətirir. Uzun illər Azərbaycanda Hüseynzadənin Stokholm konqresinə qatıla
bilmədiyini yazdılar. Türkiyədə də bu məsələlər geniş araşdırılmadı. Amma nəinki
konqresə qatıla bilməmək, nəinki konqresdə çıxış... O günlərdə İsveç paytaxtına
gəlmiş Hüseynzadə rus sosialist nümayəndələriylə faydalı təmaslarda bulunmuş,
alman sosialistlərinin liderləri ilə, o cümlədən Birinci Dünya müharibəsindən
sonra Almaniyanın ilk prezidenti olan Evertlə görüşüb söhbətləşmiş, hələ üstəlik,
ermənilərin türk milləti əleyhinə apardıqları propaqandaya qarşı antipropaqanda
yapmaq məcburiyyətində qalmışdı.
Bayden
erməni soyqırımı məsələsini yenidən dünyanın gündəminə gətirdi. Əslində, Bayden
təkcə Türkiyə-Amerika münasibətləri baxımından deyil, ümumilikdə, Amerika
tarixi baxımından yanlış addım atdı. Bununla Bayden öz əcdadlarının əməllərini
də dünyanın siyasi gündəminə gətirdi. Hamı yenidən xatırladı ki, onlar
Amerikada yerli əhalini - qızıldərililəri kütləvi şəkildə qırıblar.
Aprelin
24-dən üzü bəri keçən bu bir neçə gündə politoloqlarımız Baydenin bu açıqlamasının
ardından daha nələr ola biləcəyini çözür, proqnozlar verir. Kədərli gözləntilərdən
biri də budur ki, Amerikadan sonra ondan çəkinən bəzi Avropa ölkələrində də
uyğun açıqlamalar verilə bilər...
Hansı
Avropa?
XX
yüzildə Amerika qızıldərililərinin mifolojisini tədqiq edən struktural
antropologiyanın qurucularından Levi Stross "bəlli mədəniyyətlərin və
sivilizasiyaların başlanğıcındakı ilk halqa qızıldərililərdir", - deyə
Avropasentrizmin ehkamlarını dağıtdı.
Dünya
tarixində ilk sistemli genosid isə Amerika qitəsində qızıldərililərin kütləvi şəkildə
məhv edildiyi illərdə baş verib...
Şərhlər