XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kolumbiyada fəlakət: Binalar uçdu, hava limanları fəaliyyətini dayandırdı (FOTO)
Dünya11:53 11.08.2026

Kolumbiyada fəlakət: Binalar uçdu, hava limanları fəaliyyətini dayandırdı (FOTO)

Kolumbiyada XXI əsrdə baş verən ən güclü zəlzələdən sonra dağıntılar altında qalan insanların xilas edilməsi üçün zamana qarşı yarış başlayıb.

Qaynarinfo xəbər verir ki, episentri Çoko bölgəsi olan 7,4 maqnitudalı zəlzələ nəticəsində azı onlarla bina uçub, hava limanları istifadəyə yararsız hala düşüb və ölkənin həyati əhəmiyyətli infrastrukturu ciddi zərər görüb. Dağlıq ərazilərə çıxışın çətin olması səbəbindən zəlzələdən zərər çəkən əksər bölgələrdə dağıntıların miqyasını müəyyənləşdirmək hələ mümkün olmayıb.

Kolumbiyanı vuran 7,4 maqnitudalı zəlzələ nəticəsində ən azı 132 nəfər həyatını itirib. Yüzlərlə insanın axtarış-xilasetmə işləri davam edir. Ölkənin qərbində yerləşən Kali, Pereira və Kibdo kimi şəhərlərdə binalar uçub, minlərlə insan evsiz qalıb. Kolumbiyanın yeni prezidenti Abelardo de La Espriella milli səviyyədə fövqəladə vəziyyət elan edərək xilasetmə işlərinə başlanılması barədə göstəriş verib.

Kolumbiya Geologiya Xidməti bazar ertəsi baş verən 7,4 maqnitudalı zəlzələnin ölkədə XXI əsrdə qeydə alınan ən güclü yeraltı təkan olduğunu açıqlayıb. Zəlzələ paytaxt Boqotadan təxminən 400 kilometr qərbdə, Çoko bölgəsinin San Xose del Palmar ərazisində baş verib. 107 kilometr dərinlikdə qeydə alınan təkan qonşu Ekvador və Panamada da hiss olunub. Bölgədə bir neçə saat ərzində ən azı 21 afterşok qeydə alınıb. Kolumbiyalı rəsmilər ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər.

Ən böyük zərər Kalidədir

Zəlzələnin ən ağır nəticələri ölkənin üçüncü böyük şəhəri olan Kalidə müşahidə olunub. Kolumbiyalı rəsmilər ən azı 20 binanın tamamilə dağıldığını, 380 binanın isə ciddi zərər gördüyünü bildiriblər.

Pereirada dördmərtəbəli binanın uçması və hava limanının tavanının çökməsi sərnişinlər arasında böyük panikaya səbəb olub. Manizalesdə neoqotik katedralın yan qüllələrindən biri uçub və dağıntılar ətraf küçələrə yayılıb.

Risaralda bölgəsində ən azı 40 nəfərin həyatını itirdiyi bildirilib. Valye del Kauka bölgəsində ilkin məlumatlara görə, üçü uşaq olmaqla 27 nəfər ölüb. Çoko bölgəsində isə 12 nəfərin öldüyü, 84 nəfərin yaralandığı qeyd edilir.

Zəlzələnin episentrinə yaxın San Xose del Palmar şəhərində rabitənin kəsilməsi səbəbindən dağıntıların miqyasını tam müəyyənləşdirmək hələ mümkün olmayıb. Zəlzələdən saatlar sonra mobil rabitə xətləri böyük ölçüdə fəaliyyət göstərməyib. Rəqəmsal məlumat bazalarında itkin kimi qeydə alınan şəxslərin sayı 1400-ü keçib.

Çox sayda insan dağıntılar altında qalıb

Kalidə axtarış-xilasetmə qrupları və yerli sakinlər uçmuş binaların dağıntıları altında sağ qalanları tapmaq üçün insan zəncirləri yaradaraq çalışırlar.

Associated Press-ə zəlzələ anını danışan taksi sürücüsü Xorxe Monkayo deyib:

“Bütün evim silkələndi. Həyatımda heç vaxt belə güclü zəlzələ yaşamamışdım. Sağ qaldığımız üçün Allaha şükür edirik”.

Xuan Karlos Osorio adlı digər Kolumbiya sakini isə uçan binanın səsini “bomba partlayışına” bənzədərək bildirib:

“Ağır texnikaya ehtiyacımız var. Çox sayda dağıntının altında insanlar qalıb”.

Pereira şəhərinin meri Maurisio Salazar ən azı 15 binanın uçduğunu və dağıntılar altında qalan insanlara çatmağa çalışdıqlarını açıqlayıb.

De La Espriella fövqəladə vəziyyət elan edib

Prezident Abelardo de La Espriella vəzifəyə başlamasından cəmi bir neçə gün sonra qarşılaşdığı ilk böyük böhranla əlaqədar ölkə üzrə fövqəladə vəziyyət elan edib.

De La Espriella bildirib: “Milli hökumət insanların təhlükəsizliyini qorumaq, zərər çəkmiş icmalara yardım etmək və ehtiyac olan bütün ərazilərə kömək çatdırmaq üçün bütün imkanlarını səfərbər edib. Əsas məqsədimiz dağıntılar altında qalan insanları xilas etməkdir”.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində 132 nəfər ölüb, 87 nəfər yaralanıb. De La Espriella müxtəlif şəhərlərdə onlarla binanın uçduğunu açıqlayıb.

Hava limanlarında uçuşlar dayandırılıb

Kolumbiyanın mülki aviasiya qurumu qərbdəki bir sıra hava limanlarında, o cümlədən Pereyra, Manizales, Kibdo, Armenia, Kartaqo və Buenaventura hava limanlarında fəaliyyətin dayandırıldığını açıqlayıb.

Mühəndislər binaların konstruksiyalarını yoxlayarkən avtomobil yollarına da ciddi ziyan dəydiyi bildirilib. Çoko bölgəsinin böyük hissəsinə yalnız qayıq və ya təyyarə ilə getməyin mümkün olması zəlzələnin nəticələrinin qiymətləndirilməsini çətinləşdirir.

Vadilərdə dağıntıların miqyası böyük ola bilər

Seysmik baxımdan aktiv Sakit okean “Od halqası” üzərində yerləşən Kolumbiyada kiçik zəlzələlər geniş yayılıb. Lakin 6,0-dan yuxarı maqnitudalı təkanlara nadir hallarda rast gəlinir.

Mütəxəssislər bildirirlər ki, zəlzələnin gücü, ölkənin daxili hissəsində baş verməsi və sürüşmə xarakterli hərəkəti səbəbindən dərinliyi kifayət qədər böyük olsa da, əhalinin sıx məskunlaşdığı vadilərdə dağıntılar ciddi ola bilər.

Axtarış-xilasetmə qrupları ölkənin dağlıq ərazilərində yerləşən bəzi kəndlərə hələ çata bilməyib. Buna görə də zəlzələnin səbəb olduğu dağıntıların ümumi miqyası hələ tam məlum deyil.

Geoloqlar zəlzələ ilə bağlı belə qiymətləndirmə veriblər:

“Bu zəlzələ yer qabığının çox dərinliyində baş verib və nəzəri olaraq bu qədər güclü silkələnməyə səbəb olmamalı idi. Lakin zəlzələ gözlənilənin əksinə olaraq çox güclü təkanlara səbəb olub”.

1999-cu ildə Armenia şəhəri yaxınlığında baş verən 6,2 maqnitudalı zəlzələdə 1100-dən çox insan həyatını itirmişdi.

Dünyadan ard-arda yardım təklifləri

ABŞ Dövlət Departamenti zəlzələdən zərər çəkənlərə təcili sığınacaq, ərzaq və digər yardımların göstərilməsi üçün 15,5 milyon dollar ayıracağını açıqlayıb. Dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsindəki paylaşımında Vaşinqtonun “Kolumbiyanı vuran böyük zəlzələni yaxından izlədiyini və Kolumbiya xalqına dəstək verməyə hazır olduğunu” bildirib.

Salvador prezidenti Nayib Bukele, Meksika prezidenti Klaudiya Şeynbaum, Çili prezidenti Xose Antonio Kast, İsrail, Ekvador və Fransa da yardım təklif edib.

Bukele bildirib: “El Salvador olaraq əlaqə saxlayırıq və kolumbiyalı qardaşlarımızın zəruri hesab etdiyi xilasetmə qrupları, tibb işçiləri və ləvazimatlarla dərhal dəstək göstərməyə hazırıq”.

Aydın