XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Saxta nikah", məcburiyyət, aldatma – Nikah hansı hallarda etibarsız sayılır?
Ölkə13:03 11.08.2026

"Saxta nikah", məcburiyyət, aldatma – Nikah hansı hallarda etibarsız sayılır?

Azərbaycanda nikahın bağlanması üçün müəyyən edilmiş tələblər pozulduqda həmin nikah məhkəmə qaydasında etibarsız sayıla bilər.

Bəs hansı hallarda nikah etibarsız hesab olunur və bunun tərəflər üçün hansı hüquqi nəticələri var?

Qaynarinfo xəbər verir ki, Ailə Məcəlləsinə əsasən, nikah yalnız məhkəmə qaydasında etibarsız sayıla bilər. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

Nikah hansı hallarda etibarsız sayılır?

Qanunvericiliyə görə, nikahın bağlanması zamanı Ailə Məcəlləsində müəyyən edilmiş tələblər pozulubsa, həmin nikah etibarsız hesab edilə bilər.

Bura nikah yaşına dair tələblərin pozulması, nikaha daxil olmaq üçün tərəflərin qarşılıqlı və könüllü razılığının olmaması, tərəflərdən birinin nikahın dövlət qeydiyyatı zamanı öz hərəkətlərinin mahiyyətini anlamaması və onları idarə edə bilməməsi kimi hallar daxildir.

Eyni zamanda nikah tərəflərdən birinin əvvəlki nikahı pozulmadan bağlanıbsa, bu da nikahın etibarsız sayılması üçün əsas yarada bilər.

Nikahın bağlanmasına qanunla mane olan digər hallar da məhkəmə tərəfindən nəzərə alınır.

Bundan başqa, tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq məqsədi olmadan nikaha daxil olması da saxta nikah hesab edilir. Belə nikah da məhkəmə qaydasında etibarsız sayıla bilər.

Kim məhkəməyə müraciət edə bilər?

Ailə Məcəlləsi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də müəyyənləşdirir.

Nikah yaşı çatmayan şəxslə qanunun tələbləri pozulmaqla nikah bağlanıbsa, yetkinlik yaşına çatmayan ər və ya arvad, onun valideynləri və ya onları əvəz edən şəxslər, həmçinin müvafiq icra hakimiyyəti orqanı nikahın etibarsız sayılmasını tələb edə bilər.

Belə nikaha daxil olan şəxs sonradan 18 yaşına çatıbsa, nikahın etibarsız sayılmasını yalnız həmin şəxs tələb edə bilər.

Nikah tərəflərdən birinin razılığı olmadan, məcburiyyət, aldatma və ya yanılma nəticəsində bağlanıbsa, hüquqları pozulan ər və ya arvad məhkəməyə müraciət edə bilər.

Nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər və ya arvad da nikahın etibarsız sayılmasını tələb edə bilər.

Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin qəyyumu, həmçinin əvvəlki pozulmamış nikah üzrə ər və ya arvad da bu hüquqa malikdir.

Qanunun nikahın bağlanmasına dair tələblərinin pozulması nəticəsində hüquqları pozulan digər şəxslər və müvafiq icra hakimiyyəti orqanı da məhkəməyə müraciət edə bilər.

Saxta nikah bağlandığı halda isə nikahın saxta olduğunu bilməyən ər və ya arvad həmin nikahın etibarsız sayılmasını tələb edə bilər.

Məhkəmə nikahı etibarsız saydıqdan sonra nə baş verir?

Nikah etibarsız sayıldıqda, ümumi qayda olaraq, həmin nikah ər-arvad arasında şəxsi hüquq və vəzifələr yaratmır.

Belə nikah zamanı tərəflərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikasının Mülki Məcəlləsində ümumi paylı mülkiyyətlə bağlı nəzərdə tutulan müddəalar tətbiq olunur.

Nikah müqaviləsi bağlanıbsa, nikahın etibarsız sayılması həmin müqavilənin də etibarsız hesab edilməsinə səbəb olur.

Lakin qanun uşaqların hüquqlarını ayrıca qoruyur.

Belə ki, nikahın etibarsız sayılması həmin nikahdan doğulan və ya nikahın etibarsız sayılmasından sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir.

Hüquqları pozulan tərəf təzminat tələb edə bilərmi?

Qanun bəzi hallarda nikah bağlanarkən hüquqları pozulmuş ər və ya arvadın maraqlarının qorunmasına imkan verir.

Məhkəmə belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ər və ya arvadın xeyrinə digər tərəfdən vəsait tutulmasına qərar verə bilər.

Həmçinin nikah etibarsız hesab edilənədək əldə olunmuş əmlakın bölünməsi zamanı məhkəmə hüquqları pozulmuş tərəfin maraqlarını nəzərə ala və müəyyən hallarda nikah müqaviləsini tam və ya qismən etibarlı hesab edə bilər.

Bundan başqa, hüquqları pozulmuş ər və ya arvad ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsini tələb edə bilər.

Soyad məsələsi necə tənzimlənir?

Nikah etibarsız hesab edildikdə, ər və ya arvad nikah bağlanarkən götürdüyü soyadı saxlaya bilər.

Yəni nikahın sonradan etibarsız sayılması avtomatik olaraq şəxsin nikah zamanı dəyişdirdiyi soyadından imtina etməsi ilə nəticələnmir.

Günay