XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Çin Yaxın Şərq böhranından necə istifadə edir? (ŞƏRH)
Dünya12:19 11.08.2026

Çin Yaxın Şərq böhranından necə istifadə edir? (ŞƏRH)

Yaxın Şərqdə davam edən müharibə və bunun fonunda Hörmüz boğazında yaranmış böhran enerji bazarlarını yalnız qiymət dəyişkənliyi ilə sınağa çəkmir. Daha mühüm proses gedir: dünyanın əsas enerji istehlakçıları öz təchizat zəncirlərinin nə qədər həssas olduğunu yenidən hesablayır. Bu baxımdan ən maraqlı ölkə Çindir. Çünki Pekinin problemi təkcə bahalaşan neft deyil. Çinin qarşısında daha fundamental sual dayanır-sənaye və nəqliyyat sisteminin, eləcə də iqtisadiyyatının enerji təminatını ABŞ-nin hərbi-siyasi təsirinin yüksək olduğu dəniz marşrutlarından nə qədər asılı saxlamaq olar?

2026-cı ilin Yaxın Şərq böhranı bu suala Çinin əvvəlkindən daha sərt cavab verməsinə səbəb ola bilər.

Çin dünyanın ən böyük xam neft idxalçısıdır. 2024-cü ildə ölkənin xam neft idxalı orta hesabla gündə 11,1 milyon barel olub. Eyni zamanda Çin gündə təxminən 16,3 milyon barel neft və digər maye yanacaq istehlak edib, daxili xam neft hasilatı isə 4,3 milyon barel təşkil edib. Başqa sözlə, enerji sisteminin miqyası Pekini xarici təchizatdan asılı olmağa məcbur edir.

Burada daha mühüm rəqəm mövcuddur -2024-cü ildə Çinin xam neft idxalının təxminən 54 faizi Yaxın Şərqdən gəlib. İranın payı 11 faiz, İraqın 10 faizi, Səudiyyə Ərəbistanının isə 14 faizi təşkil edib. Rusiyanın payı isə 20 faiz olub.

Deməli, Pekinin qarşısında klassik enerji təhlükəsizliyi paradoksu dayanır- ən böyük alternativ təchizatçı Rusiyadır, lakin idxalın böyük hissəsi yenə də dəniz yolu ilə daşınır və Yaxın Şərqdən gələn neftin mühüm hissəsi üçün Hörmüz boğazı həyati əhəmiyyət daşıyır.

EIA-nın məlumatına görə, Çinin xam neft idxalının təxminən 92 faizi dəniz yolu ilə həyata keçirilir. Qalan hissənin mühüm bölümünü Rusiya, Qazaxıstan və Myanma üzərindən gələn boru kəmərləri təşkil edir.

Bu mənzərə Pekinin strateji dilemma¬sını aydın göstərir - Çin enerjini kifayət qədər alır, amma enerjinin ölkəyə hansı marşrutla çatması üzərində tam nəzarətə malik deyil.

Hörmüz böhranının miqyası yalnız neft qiymətləri ilə ölçülə bilməz.

Reuters-in avqustun 6-da yaydığı məlumata görə, qlobal neft və LNG axınının təxminən 20 faizi bu strateji boğazdan keçir. Müharibə başlayandan əvvəl gündəlik 130-140 gəmi keçidinin qeydə alındığı Hörmüzdə avqustun əvvəlində gündə cəmi bir neçə gəminin keçməsi vəziyyətin miqyasını göstərirdi.

Avqustun 11-də Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti 87,62 dollar ətrafında qərarlaşıb. Lakin qiymətin özü əsas məsələ deyil. Əsas məsələ odur ki, bazar Hörmüzün nə vaxt və hansı şərtlərlə normal fəaliyyətə qayıdacağını bilmir.

Bu qeyri-müəyyənlik Çin üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Pekin üçün enerji təhlükəsizliyi yalnız kifayət qədər neftin mövcudluğu demək deyil. Enerjinin ABŞ və onun müttəfiqlərinin hərbi nəzarət imkanlarından mümkün qədər uzaq marşrutlarla ölkəyə çatdırılması da strateji məsələdir.

Məhz buna görə Çin son illərdə enerji siyasətini sadəcə “daha çox neft almaq” prinsipi üzərində deyil, “daha çox alternativ yaratmaq” prinsipi üzərində qurur.

Reuters-in avqustun 10-da dərc etdiyi təhlil bu baxımdan olduqca diqqətçəkəndir. Məlumata görə, Çin iyul ayında gündə 8,41 milyon barel xam neft idxal edib. Bu, iyun ayındakı təxminən 7,12 milyon barellə müqayisədə artım olsa da, 2025-ci ilin iyul göstəricisindən 24,3 faiz aşağıdır.

İyun və iyul aylarının orta göstəricisi isə gündə 7,78 milyon barel olub. Müharibədən əvvəlki orta göstərici 11,99 milyon barel idi. Eyni dövrdə Asiyanın ümumi xam neft idxalı da gündə təxminən 4 milyon barel azalıb.

Bu rəqəmlər bir mühüm məqamı ortaya qoyur- Çin böhran şəraitində yalnız əlavə neft axtarmır, həm də öz tələbatını bazarın yeni reallıqlarına uyğunlaşdırır.

Bunun arxasında iki amil dayanır. Birincisi, yüksək qiymətlər idxalı iqtisadi baxımdan daha az cəlbedici edir. İkincisi isə Çin illər ərzində böyük strateji neft ehtiyatları toplayıb. Reuters həmin ehtiyatların 1,2 milyard bareldən çox qiymətləndirildiyini bildirir. Bu ehtiyatlar Pekinə qısamüddətli təchizat şoklarına digər idxalçılardan daha dözümlü reaksiya vermək imkanı yaradır.

Beləliklə, Pekinin əlində həm bazar, həm də geosiyasi alət var.

Yaxın Şərq böhranı dərinləşdikcə Rusiya ilə enerji əlaqələrinin Çin üçün əhəmiyyəti artır. Bu, ilk növbədə neftlə bağlıdır. 2024-cü ildə Rusiya Çinə gündə orta hesabla 2,2 milyon barel xam neft və kondensat göndərib və Çinin ən böyük neft təchizatçısı olub. Rusiyanın Avropaya ixracının kəskin azalmasından sonra enerji axınlarının Asiyaya yönəlməsi Moskvanı Pekin üçün daha əhəmiyyətli təchizatçıya çevirib. 2024-cü ildə Rusiyanın xam neft və kondensat ixracının 81 faizi artıq Asiya və Okeaniyaya yönəlirdi. Burada iqtisadi maraqlar qarşılıqlıdır. Rusiya üçün Çin Avropa bazarlarının itirilməsindən sonra əsas alternativdir.

Çin üçün isə Rusiya Yaxın Şərqdən və dəniz yollarından asılılığı azaltmaq üçün nadir imkan yaradır. Bu münasibətin əsas üstünlüyü coğrafiyadır.

Rusiya nefti Çinə yalnız tankerlərlə deyil, boru kəmərləri ilə də çatdırıla bilir. Boru kəmərinin siyasi üstünlüyü isə ondadır ki, o, Hörmüz, Babül-Məndəb və Süveyş kimi dəniz boğazlarının yaratdığı risklərdən böyük ölçüdə kənarda qalır.

Bu səbəbdən Moskva-Pekin enerji əlaqələrinə yalnız kommersiya münasibəti kimi baxmaq düzgün olmaz. Burada tədricən quru enerji təhlükəsizliyi arxitekturası formalaşır. Lakin Çin Rusiyadan da asılı olmaq istəmir.Burada Pekinin siyasətində çox mühüm bir incəlik var. Çin Yaxın Şərqdən asılılığını azaltmaq istəyərkən Rusiyadan həddindən artıq asılı vəziyyətə düşmək niyyətində deyil.

Çünki enerji təhlükəsizliyinin bir mənbədən digərinə asılılığın dəyişdirilməsi ilə təmin olunmadığını Pekin yaxşı anlayır.

Məhz buna görə Mərkəzi Asiya xüsusi əhəmiyyət qazanır.

Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələri Pekinin enerji strategiyasında Rusiya ilə Yaxın Şərq arasında mühüm alternativ yaradır.

Çin artıq Qazaxıstanla neft boru kəməri, Türkmənistanla isə qaz infrastrukturu vasitəsilə uzunmüddətli enerji əlaqələri qurub.

Bu marşrutların strateji üstünlüyü onların quru üzərindən keçməsidir.

Xüsusilə Türkmənistan qazı Çin üçün mühüm nümunədir. Çünki Pekin təbii qazın bir hissəsini LNG şəklində dəniz yolu ilə almaq əvəzinə, Mərkəzi Asiyadan boru kəməri ilə qəbul edə bilir.

Bu, enerji təhlükəsizliyi baxımından “marşrut diversifikasiyası” deməkdir.

Çinin strategiyasının mahiyyəti də məhz budur: bir mənbədən digərinə keçmək yox, mümkün qədər çox mənbə və marşrut yaratmaq.

Rusiya ilə Çin arasında qaz sahəsində ən mühüm layihələrdən biri “Sibir gücü-2”dir.

Layihə reallaşarsa, Rusiyanın Yamal bölgəsindən Monqolustan üzərindən Çinə ildə təxminən 50 milyard kubmetr qaz ötürülməsi nəzərdə tutulur. 2025-ci ildə “Gazprom” layihə ilə bağlı hüquqi qüvvəyə malik razılaşmanın imzalandığını açıqlamışdı.

Lakin burada Moskva üçün problem var: Çin layihəyə Rusiyanın ehtiyacından daha çox Pekinin öz enerji strategiyası prizmasından baxır.

Rusiya üçün “Sibir gücü-2” Avropa qaz bazarının itirilməsinin kompensasiyasıdır.

Çin üçün isə bu, sadəcə əlavə qaz mənbəyidir.

Bu fərq danışıqlarda güc balansını dəyişir.

Pekin bilir ki, Moskvanın Avropadan sonra böyük və etibarlı alternativ bazara ehtiyacı var. Buna görə Çin qazın qiyməti, həcmi və müqavilənin şərtləri məsələsində daha sərt mövqe tuta bilər.

Bu, Rusiya-Çin münasibətlərinin mahiyyətini də göstərir: siyasi yaxınlıq yüksək olsa da, enerji məsələsində tərəflər öz milli maraqlarından çıxış edirlər.

Çin Yaxın Şərqdə ABŞ-ni sıxışdıra bilərmi? Bu suala cavab verərkən ehtiyatlı olmaq lazımdır.

Çinin Yaxın Şərqdə iqtisadi təsirinin artması ABŞ-nin regional rolunun avtomatik zəifləməsi demək deyil.

Əksinə, Hörmüz böhranı ABŞ-nin regionda hərbi gücünün hələ də nə qədər mühüm olduğunu göstərir. ABŞ üçün Yaxın Şərq artıq əvvəlki kimi əsas neft mənbəyi olmasa da, qlobal enerji axınlarının təhlükəsizliyi və dəniz kommunikasiyalarına nəzarət baxımından region strateji əhəmiyyətini qoruyur.

Çinin əsas üstünlüyü isə hərbi deyil, iqtisadi və diplomatik xarakter daşıyır.

Pekin region ölkələrinə böyük investisiyalar təklif edir, enerji alıcısı kimi uzunmüddətli bazar yaradır və siyasi münasibətlərində “rejim dəyişiklikləri” və ya təhlükəsizlik ittifaqları kimi şərtləri Vaşinqton qədər ön plana çıxarmır.

Bu, xüsusilə Səudiyyə Ərəbistanı, İran, BƏƏ və İraq kimi ölkələr üçün Çini cəlbedici tərəfdaşa çevirir.

Çinin məqsədi ABŞ-ni Yaxın Şərqdən çıxarmaqdan daha çox, ABŞ-nin regiondakı dominant mövqeyinin Çin üçün yaratdığı riskləri azaltmaqdır. Bu iki strategiya arasında ciddi fərq var.

İran Çinin Yaxın Şərq strategiyasında ayrıca yer tutur. Çin İran neftinin mühüm alıcısıdır və EIA-nın məlumatına görə, 2024-cü ildə İranın Çinə neft ixracı əhəmiyyətli dərəcədə artıb. İran neftinin təxminən 90 faizi Çindəki müstəqil “teapot” neft emalı zavodları tərəfindən alınırdı.

Bu münasibət Pekinə ucuz və alternativ neft əldə etmək imkanı verir.

Lakin İran eyni zamanda Çinin enerji təhlükəsizliyi baxımından paradoksal tərəfdaşdır.

Çünki İranla yaxınlaşma Çinin ABŞ sanksiyaları və maliyyə təzyiqləri ilə üzləşməsi riskini artırır.

Bundan başqa, İranın Hörmüz üzərindəki təsiri Çin üçün həm siyasi imkan, həm də təhlükə yaradır.

Pekin Tehranla yaxşı münasibətlərdən istifadə edərək regiondakı diplomatik təsirini artıra bilər. Amma eyni zamanda İranla ABŞ arasında açıq qarşıdurmanın dərinləşməsi Çinin öz enerji təchizatına zərbə vurur.

Deməli, Çin üçün ən optimal ssenari nə İranın tam məğlubiyyəti, nə də regionda sonsuz müharibədir.

Vaşinqton üçün uzunmüddətli problem neftin 80, 90 və ya 100 dollar olması deyil. Əsas məsələ ondan ibarətdir ki, enerji təhlükəsizliyi anlayışı getdikcə ABŞ-nin nəzarətində olan dəniz kommunikasiyalarından alternativ quru marşrutlarına keçə bilər.

Əgər Çin Rusiya, Qazaxıstan və Türkmənistan vasitəsilə daha böyük həcmdə enerji alırsa, Yaxın Şərqdən gələn neft və LNG-nin onun iqtisadiyyatı üçün kritik əhəmiyyəti nisbətən azalır. Bu isə geosiyasi nəticə doğurur. Enerji təchizatının coğrafiyası dəyişdikcə siyasi asılılığın coğrafiyası da dəyişir. Çin üçün Rusiya ilə Mərkəzi Asiya arasında formalaşan enerji infrastrukturu faktiki olaraq Avrasiya quru körpüsünü gücləndirir. Bu körpü yalnız neft və qaz daşımır.O, Pekinin Avrasiya üzərində iqtisadi və siyasi təsirini də genişləndirir.

Bütün bunlara baxmayaraq, Çin Yaxın Şərq böhranını asanlıqla öz xeyrinə çevirə bilməz.

Birinci problem dəniz asılılığıdır. Çin xam neft idxalının təxminən 92 faizini dəniz yolu ilə alır.

İkinci problem LNG-dir. Qaz tədarükündə də dəniz daşımalarının böyük əhəmiyyəti qalır.

Üçüncü problem Rusiya və Mərkəzi Asiyanın imkanlarının məhdud olmasıdır. Boru kəmərləri bütün Yaxın Şərq həcmlərini əvəz edə bilməz.

Dördüncü problem isə Çinin öz iqtisadiyyatıdır.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, Çin neft tələbatının artımı əvvəlki onillikdəki kimi davam etməyəcək. Elektrikli avtomobillərin sürətli yayılması, LNG ilə işləyən ağır nəqliyyat vasitələrinin artması və yüksək sürətli dəmir yollarının genişlənməsi nəticəsində Çinin neft tələbatının bu onillikdə pik həddinə çatması gözlənilir.

Bu, ilk baxışda paradoksal görünür. Çin enerji idxalından asılıdır, amma eyni zamanda neftə olan struktur tələbatını azaltmağa çalışır. Əslində isə bu, Pekinin strategiyasının əsas hissəsidir.

Pekinin uzunmüddətli məqsədi yalnız neft və qazı daha ucuz almaq deyil.

Çin öz enerji sistemini elə qurmağa çalışır ki, gələcəkdə neftin və qazın geosiyasi şokları iqtisadiyyata daha az təsir etsin.

Bunun üçün üç istiqamət paralel inkişaf edir- birincisi — enerji mənbələrinin diversifikasiyası.

Rusiya, İran, Səudiyyə Ərəbistanı, İraq, Mərkəzi Asiya və digər təchizatçılar arasında balans yaradılır.

İkincisi — marşrutların diversifikasiyasıdır.

Dəniz yolları ilə yanaşı, Rusiya və Mərkəzi Asiya üzərindən boru kəmərlərinin çəkisi artırılır.

Üçüncüsü — enerji istehlakının transformasiyasıdır.

Elektrikli avtomobillər, nüvə enerjisi, günəş və külək enerjisi, enerji saxlama sistemləri və yüksək sürətli dəmir yolları neftdən asılılığın azaldılmasına xidmət edir.

Bu baxımdan bugünkü böhran Pekinin zəifliyini göstərməklə yanaşı, son 15-20 ildə həyata keçirdiyi enerji strategiyasının bəzi üstünlüklərini də nümayiş etdirir.

Yaxın Şərq böhranının ən mühüm nəticəsi neftin qiymətinin neçə dollar olacağı ilə məhdudlaşmaya bilər. Əsas nəticə enerji xəritəsinin dəyişməsidir.

Əvvəllər enerji təhlükəsizliyi əsasən “kim neftə sahibdir?” sualı ətrafında formalaşırdı.

İndi isə daha mühüm sual yaranır: “Kim enerjinin hansı marşrutla hərəkət etdiyini idarə edə bilir?”

Bu baxımdan Çin üçün Rusiya, Qazaxıstan və Türkmənistanın əhəmiyyəti artır. Rusiya Çinə böyük həcmdə neft və gələcəkdə əlavə qaz verə biləcək nəhəng quru təchizatçısıdır. Qazaxıstan Çinin qərb sərhədinə enerji çıxışı təmin edən mühüm neft tərəfdaşıdır. Türkmənistan isə Çinin quru qaz təchizatında strateji rol oynayır.

Yaxın Şərq isə bütün bunlara baxmayaraq, Çinin enerji sistemindən birdən-birə çıxmayacaq. Əksinə, Pekin çox güman ki, Yaxın Şərqdən enerji almağa davam edəcək, lakin həmin regiondan asılılığı strateji zəiflik səviyyəsinə çatdırmamağa çalışacaq.

Yaxın Şərqdəki müharibənin Çini avtomatik olaraq geosiyasi qalibə çevirdiyini söyləmək tezdir. Çinin də ciddi itkiləri var: enerji qiymətləri yüksəlir, Asiyanın təchizat zəncirləri pozulur, dəniz daşımalarının riskləri artır və qlobal iqtisadi artım təhlükə altına düşür.

Amma böhran Pekinə başqa bir üstünlük verir: Çin öz enerji təhlükəsizliyini yenidən qurmaq üçün əlavə siyasi arqument əldə edir. Rusiya ilə enerji əlaqələrinin dərinləşdirilməsi, Mərkəzi Asiya üzərindən yeni marşrutların inkişafı, strateji ehtiyatların artırılması, İranla enerji əməkdaşlığının qorunması və neft tələbatının struktur olaraq azaldılması eyni strategiyanın ayrı-ayrı elementləridir.

Bu strategiyanın son məqsədi Yaxın Şərqi Çinin enerji xəritəsindən silmək deyil. Məqsəd daha sadə və daha böyükdür:

Pekin heç bir regionun, heç bir ölkənin və heç bir dəniz boğazının Çin iqtisadiyyatını şantaj edə biləcək qədər vacib olmasını istəmir.

Əgər bu strategiya uğur qazansa, Yaxın Şərq böhranının ən böyük geosiyasi nəticəsi neftin qiymətinin artması yox, enerji asılılığının coğrafiyasının dəyişməsi olacaq.

Bu halda Rusiya və Mərkəzi Asiya yalnız Çinin enerji təchizatçıları deyil, Pekinin Avrasiya strategiyasının strateji dayaqlarına çevriləcək.

Və belə bir dəyişiklik ABŞ-Çin rəqabətinin növbəti mərhələsini artıq Sakit okeandan daha geniş coğrafiyaya -Avrasiyanın enerji dəhlizlərinə keçirə bilər.

Siyasət şöbəsi