“FlyDubai” Dubay–Təl-Əviv reysinin göyərtəsində pilotlar arasında dava düşdüyünü təsdiqləyib
Qaynarinfo xəbər verir ki, “FlyDubai” aviaşirkəti Dubay–Təl-Əviv reysinin göyərtəsində iki pilot arasında dava baş verdiyini təsdiqləyib. İsrailin 12-ci kanalının məlumatına görə, pilotlardan biri Rusiya, digəri isə Ukrayna vətəndaşıdır.
Kanalın məlumatına görə, münaqişə “bir neçə dəqiqə” davam edib. “Uçuş zamanı pilotlar kabinədə bir-biri ilə mübahisə ediblər, onlardan biri huşunu itirib”, deyə “FlyDubai”dən bildirilib. Mübahisənin səbəbi açıqlanmayıb. Hər iki pilot təyyarə yerə endikdən sonra laynerdən çıxarılıb.
Hadisə bu səhər baş verib. “Boeing 737” təyyarəsinin ekipajı fövqəladə vəziyyət siqnalı verib və təyyarənin qaçırılmasına cəhd edildiyi barədə xəbərdarlıq edib. İsrail layneri müşayiət etmək üçün havaya iki qırıcı təyyarə qaldırıb.
Daha sonra məlum olub ki, siqnalın verilməsinə səbəb pilotlar arasında baş verən dava olub və fövqəladə vəziyyət düyməsinə təsadüfən basılıb. “FlyDubai” reysi Səudiyyə Ərəbistanına enib.
11.20
Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ələ keçirilmə siqnalının verilməsindən sonra Səudiyyə Ərəbistanına eniş edib.
Qaynarinfo “Ynet”ə istinadən xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində 180 sərnişin olub. Onlardan 100-nün İsrail vətəndaşı olduğu bildirilir.
Məlumata görə, hava gəmisinin ələ keçirilməsini bildirən 7500 kodu iki pilot arasında yaranan münaqişədən sonra aktivləşdirilib. Münaqişənin səbəbləri hələ açıqlanmayıb.
İlkin məlumatlara əsasən, təyyarə İordaniya hava məkanına daxil olduqdan sonra əvvəlcə beynəlxalq qəza vəziyyətini bildirən 7700 kodu, daha sonra isə ələ keçirilmə siqnalı olan 7500 kodu ötürüb.
Bundan sonra hava gəmisi istiqamətini dəyişərək Səudiyyə Ərəbistanı hava məkanına qayıdıb və uçuş hündürlüyünü azaldıb. Hadisə ilə əlaqədar İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları da havaya qaldırılıb.
Təyyarənin saat 07:05-də Dubaydan yola düşdüyü və təxminən 09:30-da Ben-Qurion hava limanına çatmasının planlaşdırıldığı qeyd olunur. Lakin uçuşun təxminən yarısından sonra hava gəmisi istiqamətini dəyişib.
Hadisə ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə nazirinin təhlükəsizlik məsələləri üzrə təcili müşavirə keçirdiyi bildirilib.
Bununla yanaşı, İsrail təhlükəsizlik xidmətinin nümayəndəsi təyyarənin həqiqətən ələ keçirildiyinə dair təsdiqlənmiş məlumatın olmadığını bildirib: "Təyyarənin ələ keçirilməsi barədə mötəbər məlumat yoxdur, pilot həyəcan siqnalını aktivləşdirib".
Son məlumata görə, “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanında uğurla eniş edib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Aydın
Şərhlər