Yəmənin mərkəzi hökuməti radikal “Ənsar Allah” hərəkatının (husilər) silahlılarının hücumunu dayandırmaq məqsədilə səfərbərlik elan edib. Ümumi hərbi çağırış barədə sentyabrın 28-də ölkənin ali qanunverici orqanı olan Nümayəndələr Palatası məlumat verib.
Qaynarinfo xəbər verir ki, bundan üç gün əvvəl Prezident Rəhbərlik Şurasının (PRŞ, mərkəzi hakimiyyət orqanı) rəhbəri Rəşad əl-Əlimi Yəmən ordusunda kəskin şəxsi heyət çatışmazlığının olduğunu və səfərbərlik hesabına ordunun sıralarının genişləndirilməsinin zəruriliyini bildirib. Bu qərar husilərin davam edən hücumları fonunda qəbul edilib. Hərəkatın silahlıları Bab əl-Məndəb boğazı ərazisində Qırmızı dəniz sahillərinə çıxıb, ölkənin cənub və şərq istiqamətlərində hücumu inkişaf etdirirlər.
Yəmən Nümayəndələr Palatası sentyabrın 28-də hökumətin ümumi səfərbərlik elan edilməsi ilə bağlı müraciətini təsdiqləyib. Təşəbbüs hökumətin nəzarətində olan Yəmən ərazilərinin sakinlərinin “respublika quruluşunu və konstitusion legitimliyi qorumaq naminə” kütləvi şəkildə nizami ordu sıralarına qoşulmasını nəzərdə tutur. Hökumət qüvvələri sentyabrın əvvəlindən etibarən sahilyanı əyalətlərdə husilərin təzyiqi altında geri çəkilir. Ümumi səfərbərlik haqqında qanun elan edildiyi andan qüvvəyə minir və husilər məğlub edilənədək qüvvədə qalacaq.
Rəşad əl-Əlimi sentyabrın 25-də yəmənliləri hökumət ordusunun sıralarına qoşulmağa çağırıb.
“Mən böyük xalqımızı ümumi səfərbərliyə, silahlı qüvvələrimiz və təhlükəsizlik orqanlarımız ətrafında birləşməyə, onların sıralarına qoşulmağa çağırıram”, – Yəmən lideri bildirib.
PRŞ rəhbəri bildirib ki, elan edilən tədbirlərin əsas məqsədi “dövlət institutlarının tam bərpası və suverenliyin milli ərazinin bütün hissəsinə, o cümlədən husilərin hələ 2014-cü ilin sentyabrında ələ keçirdiyi paytaxt Sənaya yayılmasıdır”.
Əl-Əliminin çağırışı yalnız beynəlxalq səviyyədə tanınan hökumətin tərəfdarlarına ünvanlanmayıb. PRŞ rəhbəri “Ənsar Allah” sıralarında hökumət ordusunun və hakimiyyətə sadiq qüvvələrin tərəfinə keçmək istəyən şəxslərin də tapılacağına ümid etdiyini bildirib. Bununla əlaqədar o, genişmiqyaslı amnistiyanın hazırlanacağını açıqlayıb. Amnistiya mərkəzi hakimiyyətin tərəfinə keçəcək husilərin silahlı qüvvələrinin üzvlərinin və hərəkatın siyasi qanadının nümayəndələrinin tam əfv edilməsini, hətta onlara pul ödənişlərinin verilməsini nəzərdə tutur.
Son günlər husilər cənubdakı Ləhic və Təiz əyalətlərində strateji yüksəkliklər üzərində nəzarət yaratmağa çalışırlar. Bununla yanaşı, “Ənsar Allah” dəstələri şərq cəbhəsində şiddətli döyüşləri davam etdirir və ölkənin iqtisadi mərkəzi hesab olunan, ən böyük neft-qaz yataqlarının yerləşdiyi Məarib əyalətinə böyük qüvvələr cəmləşdirirlər.
Hökumət ordusu isə Səudiyyə Ərəbistanının dəstəyi ilə əks-hücumları gücləndirməyə çalışır. Hökumət qüvvələrinin nümayəndələri bildiriblər ki, yalnız son 24 saat ərzində husilərə qarşı 356 “dəqiq hədəfli əməliyyat” keçirilib, üsyançıların qərargahları və logistika obyektləri vurulub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sentyabrın 28-də yaydığı məlumata görə, avqustun sonu – sentyabrın əvvəlində münaqişənin intensivləşməsindən sonra Yəməndə ölənlərin sayı 838 nəfərə çatıb.
ÜST-nin məlumatına görə, ölənlərin sayı gündə təxminən 100 nəfər artmaqda davam edir. Təşkilat Ləhic əyalətinin hazırda “ən ağır cəbhə olaraq qaldığını” bildirib.
Yəməndəki vəziyyət sentyabrın 28-də Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə ABŞ-a səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan arasında keçirilən danışıqların əsas mövzusu olub.
“Səudiyyə Ərəbistanı və ABŞ tərəfləri beynəlxalq dəniz dəhlizlərində, xüsusilə Hörmüz və Bab əl-Məndəb boğazlarında naviqasiyanın təhlükəsizliyinin və gəmiçilik azadlığının təmin edilməsinin vacibliyinə toxunublar”, – Səudiyyə diplomatik idarəsi X sosial şəbəkəsində bildirib.
### Yəmənin rəsmi hakimiyyəti ABŞ-dan hərbi yardım gözləyir
Şahzadə Feysəl və Marko Rubio həmçinin Ər-Riyadla Vaşinqton arasındakı münasibətlərin vəziyyətini və onların möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
Məlumata görə, sentyabrın əvvəlindən Yəməndən həyata keçirilən kütləvi atəşə məruz qalan Ər-Riyad Vaşinqtondan dəfələrlə hərbi yardım istəyib. Lakin ABŞ prezidenti Donald Trampın husilərə qarşı 2025-ci ilin mayında dayandırılmış hərbi əməliyyatı bərpa edib-etməyəcəyi ilə bağlı hələ yekun qərar vermədiyi bildirilir. Əməliyyat ABŞ ilə “Ənsar Allah” arasında ayrıca razılaşmalar əldə edildikdən sonra dayandırılmışdı.
Aydın
Şərhlər