Gənc qızlar dodaqlarını dolğu vasitəsilə böyütmək üçün tez-tez kosmetoloqlara müraciət edirlər. Lakin preparatın yeridilməsi təkcə dodaqların həcmini deyil, toxumaların strukturunu da dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “kp.ru” ilə söhbətində dermatoveneroloq və kosmetoloq Alla Korolyova xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, sadə görünən prosedur da daxil olmaqla istənilən kosmetoloji müdaxilə toxumaların vəziyyətini dəyişir. Pasiyent belə bir prosedura qərar verərkən onun bütün mümkün nəticələrini başa düşməlidir.
Eyni zamanda nəticəyə görə məsuliyyət həm prosedurun üstünlükləri və çatışmazlıqları barədə məlumat verməli olan həkimin, həm də müdaxiləyə razılıq verərək könüllü məlumatlandırılmış razılıq sənədini imzalayan müştərinin üzərinə düşür.
Kosmetoloq izah edib ki, dodaqların böyüdülməsindən sonra əsas problemlərdən biri keyfiyyətsiz preparatdan və ya həddindən artıq sıx dolğudan istifadə edilməsi ola bilər. Belə gel dodaqların qırmızı haşiyəsindən kənara miqrasiya edə bilər. Nəticədə toxumalarda bərkimələr, təbəssümün asimmetriyası və ya “hialuron bığları” adlandırılan görüntü yarana bilər.
Dodaqların üzün ən hərəkətli hissələrindən biri olması da xüsusi əhəmiyyət daşıyır. Həddindən artıq sıx geldən istifadə edildikdə fibroz – birləşdirici toxumanın artması və sərtləşməsi inkişaf edə bilər. Bundan əlavə, həssaslıq da azala bilər.
“Dodaqların korreksiyasında hazırkı tendensiyalar daha fizioloji və yumşaq preparatlardan istifadəyə yönəlib. Onu da qeyd etmək lazımdır ki, daha şüurlu və yetkin yaşda dolğular səbəbindən toxumalarda problem yaranma ehtimalı daha azdır. Çünki gənc qızlarda mimika daha canlı olur və emosiyalar daha güclü ifadə edilir. Buna görə də biz gənc qızlara klinika və mütəxəssis seçimi barədə ciddi düşünməyi, estetikaya sağlamlıq və təhlükəsizlik prizmasından yanaşan həkimə müraciət etməyi tövsiyə edirik”, deyə həkim vurğulayıb.
Aydın
Şərhlər