XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sevgilinizlə yemək yeməyin gözlənilməz faydası - Alimlərdən maraqlı nəticə
Sağlamlıq22:21 28.09.2026

Sevgilinizlə yemək yeməyin gözlənilməz faydası - Alimlərdən maraqlı nəticə

Romantik partnyorla birlikdə yemək yemək orqanizmin qida maddələrinə reaksiyasına təsir göstərə bilər. Sağlam insanlarda ağ çörək qəbulundan sonra qanda şəkərin səviyyəsi tək yeməklə müqayisədə daha az yüksəlib və daha sürətlə ilkin göstəriciyə qayıdıb.

Qaynarinfo xəıbər verir ki, bu nəticə Qüds İvrit Universiteti və Şeba Tibb Mərkəzinin apardığı araşdırmada əldə edilib. Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Eksperimentdə 108 sağlam yetkin şəxs – ən azı doqquz aydır münasibətdə olan 54 cütlük iştirak edib. Hər bir iştirakçı təxminən 50 qram karbohidrat ehtiva edən 102 qram ağ çörəyi iki dəfə yeyib: bir dəfə tək, digər dəfə isə partnyorunun iştirakı ilə. Yeməklərin ardıcıllığı təsadüfi müəyyənləşdirilib və onların arasında ən azı dörd saat fasilə olub.

Qanda şəkərin səviyyəsi yeməkdən əvvəl və növbəti iki saat ərzində daha altı dəfə ölçülüb. Partnyorun iştirakı zamanı qlükozanın yüksəlməsi təxminən 15 faiz daha az olub. Fərq yeməkdən 45 dəqiqə, bir saat və iki saat sonra aparılan ölçmələrdə də qorunub.

Mümkün əvvəlki eksperimentin təsirini istisna etmək üçün yalnız ilk qida qəbulunun təhlili də partnyoru ilə birlikdə yemək yeyən insanların qanında şəkərin daha az yüksəldiyini göstərib.

Alimlər nəticənin stressin azalması ilə izah olunub-olunmadığını da yoxlayıblar. Tər vəzilərinin fəaliyyətini izləyən dəri sensorları tək və partnyorla birlikdə yemək arasında fərq göstərməyib. Partnyorlar arasında toxunuşların tezliyi də müşahidə olunan effekti izah etməyib.

Müəlliflər müşahidə olunan hadisəni sosial fiziologiya – sosial mühitin orqanizmin fəaliyyətinə təsiri adlandırırlar. Əlavə eksperimentlərdə partnyorun iştirakı soyuğa məruz qaldıqdan sonra dəri temperaturunun daha sürətlə bərpa olunması və zəif elektrik impulslarına reaksiyanın daha az olması ilə əlaqələndirilib.

Bununla belə, araşdırma birgə yemək yeməyin diabetin müalicəsinə və ya qarşısının alınmasına kömək etdiyini göstərmir. Tədqiqat iştirakçılarının hamısı gənc və sağlam insanlar olub, alimlər isə yalnız orqanizmin qısamüddətli reaksiyasını qiymətləndiriblər.

Effektin müntəzəm olaraq birlikdə qidalanma zamanı da davam edib-etmədiyi və şəkərli diabeti olan insanlarda müşahidə olunub-olunmayacağı hələ məlum deyil.

Aydın