XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Sağlamlıq14:33 28.09.2026

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur.

Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və “Queen’s Reading Room” təşkilatının alimləri oxumağın beyin və psixi sağlamlığa təsirini araşdırmaq üçün müxtəlif sorğuların, uzunmüddətli tədqiqatların və beyin görüntüləmə nəticələrinin məlumatlarını birləşdiriblər.

“Psychological Medicine” jurnalında dərc olunan nəticələrə əsasən, insanın öz seçimi ilə, zövq üçün mütaliə etməsi stress səviyyəsinin azalması, əhvalın yaxşılaşması və sosial əlaqələrin möhkəmlənməsi ilə əlaqələndirilir. Eyni zamanda, müntəzəm oxuyan insanlarda yaşlandıqca koqnitiv funksiyaların zəifləməsi riskinin daha aşağı olduğu müşahidə edilib.

55 yaşdan yuxarı 5400-dən çox sağlam insanın iştirak etdiyi araşdırmada mütəmadi kitab oxuyanların beşillik müşahidə dövründə koqnitiv pozuntularla üzləşmə ehtimalının daha aşağı olduğu müəyyənləşdirilib. 65 yaşdan yuxarı şəxslərlə aparılan başqa bir tədqiqatda isə mütaliənin Alzheimer xəstəliyi riskinin azalması ilə əlaqəli olduğu aşkarlanıb.

75 yaşdan yuxarı insanlar arasında aparılan başqa araşdırmada müntəzəm oxuyanlarda beş il ərzində demensiya inkişafı riskinin 35 faiz daha aşağı olduğu bildirilib.

Mütəxəssislər oxumağın stressin azalmasına da kömək edə biləcəyini qeyd edirlər. Araşdırmalardan birində cəmi altı dəqiqəlik mütaliənin stress səviyyəsinin aşağı düşməsi ilə əlaqəli olduğu müəyyən olunub. Sorğularda iştirak edənlərin böyük hissəsi isə kitab oxumağın psixi sağlamlıqlarına və ümumi əhvallarına müsbət təsir etdiyini bildirib.

Beyin görüntüləmə tədqiqatları da ömrü boyu daha çox oxuyan insanlarda dil məlumatlarının emalı ilə əlaqəli bəzi beyin bölgələrində toxuma qalınlığının daha çox olduğunu göstərib. Bədii əsər oxuyanlarda isə başqalarının düşüncə və baxışlarını anlamaqla əlaqəli beyin şəbəkələrində xüsusi aktivlik müşahidə edilib.

Bununla belə, alimlər vurğulayırlar ki, araşdırmaların əhəmiyyətli hissəsi müşahidə xarakterlidir. Bu səbəbdən mütaliənin qeyd olunan faydaların birbaşa səbəbi olduğunu qəti şəkildə demək mümkün deyil.

Mütəxəssislərin fikrincə, əsas məsələ oxunan səhifələrin sayı deyil, mütaliənin müntəzəm olmasıdır. Hətta gündə bir neçə dəqiqə, o cümlədən yatmazdan əvvəl təxminən 10 dəqiqə kitab oxumaq vərdişi uzunmüddətli perspektivdə faydalı ola bilər.

Aydın