XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əlyazmalar 3500 illik xəstəliyin sirrini açdı: Alimlər virusu perqamentdə tapdı
Sağlamlıq20:29 25.09.2026

Əlyazmalar 3500 illik xəstəliyin sirrini açdı: Alimlər virusu perqamentdə tapdı

Tarixi əlyazmaların hazırlanmasında istifadə olunan heyvan dərilərinin analizi qoyun çiçəyi virusunun 3500 illik tarixini izləməyə imkan verib. Tədqiqatçılar məşhur York İncilindən virus DNT-sini əldə edərək xəstəliyin Tunc dövründə və orta əsrlər Avropasında Avrasiya ərazisində yayılmasını izləyiblər. Araşdırmaya Dublin Universitet Kollecinin rəhbərliyi ilə genetiklər, tarixçilər, virusoloqlar, zülal kimyası üzrə mütəxəssislər və bərpaçılar cəlb olunub.

Qaynarinfo "Scitechdaily" nəşrinə istinadən xəbər verir ki, əldə edilən nəticələr qoyun çiçəyinin müasir baytarlıq qeydləri meydana çıxmazdan əsrlər əvvəl Avropadakı qoyun sürülərinə təsir etdiyini göstərən ilk genetik sübutdur.

Qoyun çiçəyi sürü daxilində sürətlə yayılan xəstəlikdir. Xüsusilə balaca heyvanlar üçün təhlükəli olan xəstəlik yüksək ölüm hallarına səbəb ola bilər.

Perqament qoyun, keçi və ya iribuynuzlu heyvanların dərisindən hazırlanırdı. Emal prosesində heyvanın izlərinin böyük hissəsi yox olsa da, DNT fraqmentləri və patogenlərin izləri qorunub qala bilirdi. Buna görə də qorunmuş hər bir səhifə onun hazırlandığı heyvan haqqında məlumat daşıya bilər.

Tədqiqatın aparıcı müəllifi Lui L’Otu bu kəşfi şərh edərkən bildirib ki, perqamentdə qoyun çiçəyinin qədim DNT-sinin aşkarlanması keçmişdəki xəstəliklərlə bağlı elmi təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişib. Alim ehtimal edir ki, dünyanın müxtəlif yerlərindəki arxiv və kitabxanalarda keçmişdə heyvan xəstəliklərinin yayılmasına dair genetik izlər qorunub saxlanılır.

"Bu genomların öyrənilməsi patogenlərin necə təkamül etdiyini və keçmişdə cəmiyyətlərə necə təsir göstərdiyini anlamağa kömək edir. Bu, qoyun çiçəyi virusuna da aiddir: biz sübut etdik ki, virus ən azı 3500 il ərzində Avrasiyanın qoyun sürülərinə təsir edib".

“Science Advances” jurnalında dərc olunan tədqiqat çərçivəsində alimlər qoyun çiçəyi virusunun 3500 ildən artıq müddətdə təkamül tarixini yenidən qurublar. Tədqiqatçılar virusun DNT-sini bir neçə orta əsr əlyazmasında, o cümlədən böyük tarixi əhəmiyyət daşıyan sənədlərdə aşkar ediblər.

Belə sənədlərdən biri təxminən 1000 il əvvəl yazılmış York İncilidir. Tədqiqatçılar həmçinin ən qədim ingilis lüğətlərindən biri olan “Corpus Glossary”ni və Britaniya ilə Avropadan digər orta əsr əsərlərini araşdırıblar.

Bu əlyazmaların bəzi səhifələrində qoyun çiçəyi virusunun DNT-si aşkarlanıb. Bu isə kitabların hazırlanması zamanı xəstə heyvanların dərilərindən istifadə edilmiş ola biləcəyini göstərir.

Alimlərin sözlərinə görə, maldarlıq orta əsr kənd təsərrüfatında, geyim və ərzaq istehsalında, eləcə də ticarətdə mühüm rol oynadığından, perqamentdə qorunub qalan xəstəlik izləri keçmişdəki icmaların üzləşdiyi iqtisadi çətinliklər haqqında da məlumat verə bilər.

Ən gözlənilməz nəticələrdən biri qoyun çiçəyi virusunun buzov və keçi dərilərindən hazırlanmış perqamentdə də aşkarlanması olub. Bu, infeksiyanın növlərarası ötürülməsi hallarının baş verdiyini göstərə bilər.

Tədqiqatın rəhbəri, doktor Kevin G. Deylinin sözlərinə görə, araşdırma perqament əlyazmalarının əsrlər boyu yalnız mədəni tariximizi deyil, həm də orta əsrlərdə mal-qara arasında xəstəliklərin yayılması haqqında məlumatları qoruyub saxladığını göstərib.

Aydın