Bakıda 2 manatlıq çay pulu üstündə yaranan mübahisə xəsarətlə nəticələnib.
Qaynarinfo-nun məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə materiallarına əsasən, hadisə 2025-ci ildə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.
2007-ci il təvəllüdlü Elvin Rüfət oğlu əvvəlcə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə quldurluqda ittiham olunub.
İttihama görə, Elvin qardaşı Süleyman və dostu Nihatla birlikdə Ramil adlı şəxsdən 2 manat çay pulu istəyib. Daha sonra Elvin əlindəki taxta parçası ilə Ramilin baş nahiyəsinə zərbə endirib. Ekspertiza xəsarətləri sağlamlığa yüngül zərər kimi qiymətləndirib.
Lakin Ramil məhkəmədə bildirib ki, ona qarşı quldurluq olmayıb və Elvin onu vurarkən pul tələb etməyib. Məhkəmə də özgənin əmlakını ələ keçirmək məqsədilə basqın edilməsi və qabaqcadan əlbirlik barədə ittihamların sübuta yetirilmədiyi qənaətinə gəlib.
Bu səbəbdən Elvinin əməli CM-nin 181.2.1 və 181.2.5-ci maddələrindən 128-ci maddəyə tövsif edilib.
Ramil sonradan Elvinlə barışıb, dəymiş ziyan tam ödənilib və şikayətinin olmadığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsi Elvini CM-nin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edib və cinayət təqibinə xitam verib.
Elvin barəsində seçilmiş həbs qətimkan tədbiri də ləğv olunub və o, məhkəmə zalından azad edilib.
Aydın
Şərhlər