Yaş artdıqca sümüklərin sağlamlığına daha çox diqqət yetirmək lazımdır. Çünki orqanizm yaşlandıqca onları əvvəlki kimi dəstəkləyə bilmir və sümüklər kövrəkləşir. Buna görə də kifayət qədər zülal qəbul etmək vacibdir. Bəs səhərlər içilən sevimli içki sümüklərə təsir göstərə bilərmi?
Qaynarinfo xəbər verir ki, Health.com bu suala cavab axtarıb.
Həm qəhvə, həm də çay sümüklər üçün sağlam qidalanmanın bir hissəsi ola bilər. Lakin araşdırmalar göstərir ki, çay bir qədər daha faydalı ola bilər. 2025-ci ildə alimlərin apardığı və təxminən 10 min yaşlı qadının iştirak etdiyi araşdırma çay içən qadınların bud nahiyəsində sümük mineral sıxlığının çay içməyənlərə nisbətən bir qədər yüksək olduğunu göstərib.
Eyni zamanda, orta miqdarda qəhvə istehlakı — gündə təxminən 2-3 fincan — sümük sağlamlığı baxımından nə xüsusi fayda, nə də zərərlə əlaqələndirilib. Lakin gündə 5 fincandan çox qəhvə içən qadınlarda sümük sıxlığının daha aşağı olduğu müşahidə edilib. Bu isə həddindən artıq qəhvə istehlakının mənfi nəticələrə səbəb ola biləcəyini göstərir.
2025-ci ildə təxminən 50 min postmenopauza dövründə olan qadının iştirakı ilə aparılan başqa bir araşdırma da çay istehlakının skeletin bir neçə nahiyəsində daha yüksək sümük sıxlığı ilə əlaqəli olduğunu göstərib. Həmçinin çay içən qadınlarda osteoporoz və sınıq ehtimalının daha aşağı olduğu müəyyənləşdirilib.
Çayın sümüklər üçün mümkün faydalarından biri onun tərkibindəki antioksidantlarla bağlı ola bilər. Britaniya Kolumbiyası Universitetinin endokrinologiya kafedrasının professoru, tibb elmləri doktoru Fedi Hanna-Şmuninin fikrincə, çay hüceyrələri qorumağa kömək edən faydalı bitki birləşmələri olan polifenollarla zəngindir.
Bu birləşmələr iltihabı azaltmağa, həmçinin sümük toxumasının normal formalaşması və qorunması prosesini dəstəkləməyə kömək edə bilər.
Qəhvənin tərkibində də xlorogen turşusu kimi polifenollar var. Lakin qəhvədə kalsiumun mənimsənilməsinə mane ola bilən kofein daha çoxdur. Bu təsir, xüsusilə kifayət qədər kalsium qəbul edən insanlarda cüzi olsa da, bəzi araşdırmalar yüksək kofein istehlakını sümük sağlamlığının pisləşməsi ilə əlaqələndirir.
Qidalanmanı dəyişmək lazımdırmı?
İçki seçimi sümüklərin sağlamlığı üçün digər, daha mühüm amillərlə müqayisədə ikinci dərəcəli əhəmiyyət daşıyır.
Əsas məsələ kifayət qədər kalsium və D vitamini qəbul etmək, müntəzəm olaraq güc məşqləri etmək, alkoqol istehlakını məhdudlaşdırmaq və siqaretdən imtina etməkdir.
Çay və qəhvəyə gəlincə, alimlər orta miqdarda kofein qəbul etməyi və rasiona zülal əlavə etmək üçün bu içkilərə süd qatmağı nəzərdən keçirməyi məsləhət görürlər.
Aydın
Şərhlər