“Mançester Siti”yə qarşı irəli sürülən və mediada 115 pozuntu işi kimi tanınan maliyyə qaydalarının pozulması ilə bağlı məsələ, başda norveçli Erlinq Haaland olmaqla, komandanın bəzi aparıcı ulduzlarının gələcəyi ilə bağlı ehtimalları yenidən gündəmə gətirib. Klubun qarşıdakı illərdəki taleyinə təsir göstərə biləcək cəzaların tətbiqi ehtimalı da müzakirə olunur.
Qaynarinfo "Goal"a istinadən xəbər verir ki, iş uzun sürə biləcək hüquqi proses çərçivəsində davam edir. “Mançester Siti”nin özünün əleyhinə qərar çıxarılacağı təqdirdə apellyasiya şikayəti verəcəyi gözlənilir.
Lakin komandanın Premyer Liqada qalmasına təsir göstərə biləcək səviyyədə cəzaların, o cümlədən xalların silinməsi kimi idman sanksiyalarının tətbiqi ehtimalı bəzi ulduzların klubdan ayrılması ssenarisinə zəmin yaradır.
İngiltərənin “The Sun” qəzetinin məlumatına görə, klubun gələcəyi tətbiq olunacaq cəzalardan təsirlənərsə, “Real Madrid” və “Barselona” “Mançester Siti”nin bəzi futbolçuları uğrunda rəqabətə girə bilər. Bu siyahıda Joşko Qvardiol, Enso Fernandes, Rayan Şerki və Ayub Buaddi də yer alır. Lakin Haaland diqqəti ən çox cəlb edən futbolçu olaraq qalır.
Norveçli hücumçunun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədər qüvvədədir. Məlumatlara görə, komandanın aşağı liqaya düşməsi halında futbolçunun avtomatik ayrılmasına imkan verən bənd müqavilədə yoxdur. Bu isə ingilis klubuna mümkün danışıqlarda güclü mövqe qazandırır. Bundan əlavə, “Siti” cəzaya məruz qalsa belə, ulduz futbolçularından asanlıqla imtina etməyə hazır görünmür.
“Barselona”, yoxsa “Real Madrid”?
İspaniyanın “Sport” qəzetinin məlumatına görə, Haalandın adı bir müddətdir “Real Madrid” və “Barselona” ilə yanaşı çəkilir. Lakin hər iki klub onunla müqavilə imzalamaq üçün hələlik rəsmi addım atmayıb.
“Barselona”da norveçli hücumçu üçün xüsusilə Raphinyanın həm hücumçu, həm də cinah futbolçusu kimi çıxış edə bilməsi və klubun daha əvvəl hücum xəttini gücləndirmək üçün Xulian Alvaresə maraq göstərməsi nəzərə alınmaqla, taktiki baxımdan uyğun yer yarana bilər.
“Real Madrid”də isə vəziyyət daha mürəkkəb görünür. Çünki hücum xəttində Kilian Mbappe ilə yanaşı Vinisius Junior, Bellingem və digər hücumçular da var. Bu isə Haalandın transferinin komanda daxilində futbolçuların rollarının yenidən bölüşdürülməsini tələb edə biləcəyi anlamına gəlir.
Beləliklə, Haalandın “Mançester Siti”dən ayrılması hələlik məhkəmə prosesinin gedişindən, futbolçunun və klubun istəyindən asılı olan ehtimal olaraq qalır. Bununla belə, İngiltərə klubuna qarşı böyük sanksiyanın tətbiqi transfer bazarında yeni imkanlar yarada və norveçli hücumçunu yenidən “Real Madrid” və “Barselona”nın diqqət mərkəzinə gətirə bilər.
Aydın
Şərhlər