Gitara ifaçısı Rəhman Məmmədov həkimləri savadsızlıqda ittiham edib.
İfaçı Qaynarinfo-ya açıqlamasında bir neçə gün əvvəl həyat yoldaşının səhhətində problem yarandığını bildirib.
O, hazırda vəziyyətin yaxşı olduğunu desə də, problemin səbəbi barədə danışmaq istəməyib.
Lakin sənətçi daha sonra sosial şəbəkə hesabında hadisə ilə bağlı paylaşım edib.
Videoçıxışında Rəhman Məmmədov bildirib ki, həyat yoldaşında qarın boşluğunda ağrılar yaranıb və üç gün ərzində evə 10 dəfə təcili yardım çağırılıb:
“Gələn həkimlərin hərəsi bir fikir səsləndirirdi. Biri ürəyini, digəri mədəsini yoxlatdırmağı məsləhət görürdü. Müxtəlif tövsiyələr verirdilər. Gələn bütün həkimlər xəstəyə yalnız ağrıkəsici vurub gedirdilər. Amma ağrının səbəbini bilən yox idi. Dördüncü gün xəstəni klinikaya apardıq. Orada məlum oldu ki, xəstənin kor bağırsağı partlayıb”.
Rəhman Məmmədov həyat yoldaşının təcili əməliyyata götürüldüyünü deyib:
“Xəstənin ölümlə həyat arasında 5 faiz şansı vardı. 10 təcili yardım briqadasından heç biri xəstənin kor bağırsağında problem ola biləcəyini dilə gətirmədi. Heç olmasa biriniz deyə bilərdiniz ki, xəstənin kor bağırsağını da yoxlatdırın”.
Bahar Rüstəmli
Şərhlər