Rusiyadan Azərbaycana 1 milyon rubldan (20 140 manat-red.) çox nağd Rusiya valyutasının gətirilməsinə qoyulan məhdudiyyət Rusiyada yaşayan və çalışan azərbaycanlılar üçün çətinlik yarada bilər.
İqtisadçı Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında Rusiyadan Azərbaycana nağd pul gətirilməsinə qoyulan məhdudiyyəti şərh edib.
Onun sözlərinə görə, Azərbaycanda da nağd pulun ölkədən çıxarılması ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur:
"Bizdə də nağd pula məhdudiyyətlər qoyulub. Ölkədən böyük məbləğdə nağd pul çıxarmaq mümkün deyil. Rusiyada çoxlu azərbaycanlı yaşayır və onlar Azərbaycandakı ailələrinə pul göndərirlər. Bu qərar həmin şəxslər üçün müəyyən çətinliklər yaradacaq. Məqsəd də Rusiyadan nağd pul çıxarılmasını məhdudlaşdırmaqdır".

Əkrəm Həsənovun fikrincə, qərar Azərbaycanda Rusiyadan göndərilən vəsait hesabına yaşayan ailələr üçün də problem yarada bilər:
“Rusiyadan gələn pulla Azərbaycanda dolanan çoxlu ailə var. Bunu etiraf etmək lazımdır. Hətta indiki böhran dövründə belə Rusiya iqtisadiyyatı Azərbaycan iqtisadiyyatından daha sürətlə inkişaf edir”.
Qeyd edək ki, Rusiyadan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd Rusiya valyutasının çıxarılması qadağan edilib.
Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, fiziki şəxslər qeyd olunan ölkələrə 1 milyon rubldan çox nağd Rusiya valyutası apara bilməzlər. Hüquqi şəxslərə və fərdi sahibkarlara isə bu məhdudiyyətlər məbləğindən asılı olmayaraq, müəyyən istisnalar nəzərə alınmaqla tətbiq edilir.
Bahar Rüstəmli
Şərhlər