XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda keçmiş ər-arvadın 1,7 milyon manatlıq əmlakı hərraca çıxarılır
Ölkə16:19 29.09.2026

Bakıda keçmiş ər-arvadın 1,7 milyon manatlıq əmlakı hərraca çıxarılır

Bakı şəhəri Səbail Rayon Məhkəməsi keçmiş ər-arvad arasında ümumi paylı mülkiyyətdə olan iki mənzilin və dörd qarajın açıq hərracda satılması barədə qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, məhkəməyə müraciət edən iddiaçı Rzazadə Sitarə Azər qızı tərəflərin ümumi mülkiyyətində olan əmlakların naturada bölünməsini, bu mümkün olmadığı halda isə payına uyğun kompensasiya ödənilməsini istəyib.

Cavabdeh tərəf isə Hacıyev Rəşad Tofiq oğludur.

Sitarə Rzazadə məhkəmədən kompensasiya da mümkün olmadıqda əmlakların hərracda satılaraq əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun bölüşdürülməsini tələb edib.

İş materiallarından məlum olub ki, əvvəlki məhkəmə qərarları ilə mübahisəli əmlakların üzərində tərəflərin hər birinin 1/2 payı müəyyən edilib.

Ekspertiza nəticəsində hər iki mənzilin tərəflərin paylarına uyğun olaraq iki ayrı, təcrid olunmuş mənzil şəklində bölünməsinin texniki baxımdan mümkün olmadığı müəyyənləşdirilib. Qarajların da fiziki olaraq bölünməsinin mümkün olmadığı tərəflər tərəfindən təsdiqlənib.

Məhkəmə tərəflərin kompensasiya məsələsində razılığa gəlmədiyini nəzərə alıb. Cavabdehin nümayəndəsi kompensasiya ödəməyə maddi imkanlarının olmadığını bildirib və əmlakların açıq hərraca çıxarılmasını istəyib.

Mütəxəssis rəyinə əsasən, hərraca çıxarılacaq əmlakların ümumi ilkin satış qiyməti 1 milyon 694 min manat müəyyən edilib.

Qətnaməyə əsasən, əmlaklar açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə olunan vəsait tərəflərin hər birinin 1/2 payına uyğun olaraq bölüşdürülməlidir.

Qeyd edək ki, tərəflərin “Toyota Camry” və “Mercedes GL500” markalı avtomobillərlə bağlı barışıq sazişi imzalaması səbəbindən həmin nəqliyyat vasitələri üzrə işə xitam verilib.

Məhkəmə həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına qərar verib.

Aydın