XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"The Guardian": Kiyev cəbhəyanı şəhərə çevrilir
Dünya16:30 29.09.2026

"The Guardian": Kiyev cəbhəyanı şəhərə çevrilir

Yalnız ötən həftə Rusiya raketləri və reaktiv PUA-ları Kiyevin müxtəlif ərazilərində yaşayış binalarını, ofisləri, anbarları və məlumat emalı mərkəzlərini vurub.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Nəşrin qeyd etdiyi kimi, demək olar ki, hər gün Ukrayna paytaxtına endirilən Rusiya zərbələri nəticəsində mülki şəxslər ölür və ya yaralanır. Bu isə Kiyevin cəbhəyanı şəhərə çevrildiyi barədə təsəvvürü getdikcə gücləndirir. Hazırda şəhər Rusiyanın 2022-ci ildə başlatdığı genişmiqyaslı işğaldan bəri ən güclü hücumlarla üzləşir.

“Dron və raketlərdən istifadə edilən kampaniya əhalinin dayanıqlığını sarsıtmaq və iqtisadiyyata zərər vurmaq məqsədi daşıyır. Bazar ertəsi baş verən ikiqat zərbə Ukraynanın hətta paytaxtın ən yaxşı qorunan hissələrini müdafiə etmək qabiliyyəti ilə bağlı yeni narahatlıqlara səbəb ola bilər”, deyə nəşr bildirir.

Jurnalistlər yazırlar ki, Rusiyanın yeni reaktiv “Şahed”ləri Moskvanın hava kampaniyasının əsasını təşkil edən əvvəlki modellərlə müqayisədə daha sürətlə uçur və onların qarşısını almaq daha çətindir. Hazırda Ukrayna yeni təhlükəyə qarşı mübarizə apara biləcək havadan müdaxilə vasitələrinin hazırlanması üzərində işləyir.

Bundan başqa, Moskva “Şahed”lərdən istifadə taktikasını dəyişərək onları gündüz saatlarında da buraxmağa başlayıb. Bu isə böyük şəhərlərin sakinlərinin günün əhəmiyyətli hissəsini zərbə təhlükəsi altında keçirməsinə səbəb olur. Rusiya hücumları nəticəsində zərər görən binalarda əsasən insanların olduğu vaxtlarda zərbələr endirilir. Çünki bir çox ukraynalı həyəcan siqnalı zamanı sığınacaqlarda saatlarla qalmaq əvəzinə işləməyə davam edir.

Nəşr həmçinin Rusiyanın Ukraynanın sərhəd-keçid məntəqələrinə zərbələr endirmək kampaniyasını davam etdirdiyini qeyd edir. Bu yaxınlarda belə hücumlar Polşanı mümkün hava hücumu ilə bağlı xəbərdarlıq etməyə və Lyublin vilayətinin şərqində yaşayan sakinləri sığınacaqlara getməyə çağırmağa vadar edib.

Nəşrin fikrincə, bu təhdidlər Rusiyanın hücumlarını daha da gücləndirə biləcəyini göstərmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda, ABŞ-ın müharibəni dayandırmaq səylərində demək olar ki, heç bir irəliləyiş əlaməti görünmür.

Aydın