"Koronavirusun Azərbaycanda olması real görsənir..." - Professor

"Azərbaycanda mövsümi xəstəlikləri hər il görürük, amma bu il xeyli xəstələnən, hətta ölüm halları da var. Bəlkə də məlumatlar artıq mətbuata da çıxıb. Bütün bunlar göstərir ki, infeksiyalar ciddi şəkildə araşdırılmalıdır". 

Bu sözləri Qaynarinfo-ya tibb üzrə ekspert Adil Qeybulla bu qış ölkədə mövsümi xəstəliyə tutulanların sayının ötən illərə nisbətən daha çox olması məsələsini şərh edərkən bildirib. 

Professorun sözlərinə görə, hazırda Çində tüğyan edən koronavirusun Azərbaycanda da olması real görsənir: "Əgər koronavirus Çində qeydə alınıbsa, onun Azərbaycanda da olması tam real və mümkündür. Çinlə Azərbaycan arasında intensiv ticari əlaqələr var. Bizim insnlarımız ora çox gedib-gəlirlər deyə, bu virusu ölkəmizə daşıya bilərlər. Əgər Çində bu virus artıq ölümə gətirib çıxarırsa, bizdə də karantin tədbirləri görülməlidir". 
 


Adil Qeybulla onu da qeyd edib ki, Səhiyyə Nazirliyinin edəcəyi vaksinin faydası olmaya da bilər: "Vaksinasiya özünü doğrultmur. Bu gün virus peydə olunubsa, onun qarşısını alacaq vaksinın hazırlanması üçün müəyyən vaxt lazımdır. Qripin A, B, C stereotipləri var və bu xəstəlik hər il yeni formada peyda olur. Donuz qripi, ispan qripi və s... Hava-damcı yolu ilə yayılanları götürsək, bu virus hər il müxtəlif formada yayılır. Ona görə də builki virus üçün hazırlanmış vaksinin növbəti qışda yayılan virus növünə nə dərəcədə təsir edəcəyini bilə bilmərik". 
 


Həkim həm sağlam olan, həm də hazırda qripdən əziyyət çəkən insanlara diqqətli olmağı tövsiyə edib: "İnsanları bu barədə marifləndirmək lazımdır. Xəstələnənlər də, xəstə olmayanlar da vitaminli qidalar qəbul etməli, idmanla məşğul olmalı, geyimlərinə nəzarət etməlidirlər. Xəstələnəndə isə yataq rejiminə keçib, müayinə olunmalı və çoxsaylı karantin tədbirləri görülməlidir". 

Röya Kərimli

XƏBƏRLƏR
BLOGLAR