"Kreml istəyir ki, Bakı ilə İrəvan sülh müqaviləsini Moskvanın nəzarəti altında imzalansın".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiyanın Azərbaycanla gerçəkdən bərabərhüquqlu əməkdaşlıqda maraqlı olub-olmadığını şərh edərkən deyib.
Ekspert hesab edir ki, Kremlin səmimiyyətinə inanmaq mümkün deyil:
"Rusiyanın səmiyyətinə inanmıram. Siyasi oyun oynayır. Kremldə Azərbaycanın hazırda güclü mövqeyə sahib olduğunu anlayıblar. Ona görə də indiki halda ölkəmizə münasibətdə özlərini guya səmimi aparırlar. İstədikləri də odur ki, Ermənistanla Azərbaycan sülh müqaviləsini məhz onların nəzarati altında imzalasınlar. Bu mənada da Kremlin səmimiyyətinə inanmaq mümkün deyil".
Politoloq Zərdüşt Əlizadə isə qeyd edib ki, Azərbaycanla Rusiyanı ümumi mənafə əsasında birləşdirən xeyli sayda layihələr var:
"Energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlıqdan hər iki tərəf udur. Aradan soyuqluq yarandı. Sonradan Rusiyada başa düşdülər ki, Azərbaycan öz nüfuzunu qorumaqda israrlıdır. Ona görə də Kremldə hücumları bir qədər səngitdilər. Bu səbəbdən indi də Rusiya rəsmiləri Azərbaycanla bağlı xoş ifadələr səsləndirməyə başlayıblar. Yenidən yuxarıdan Azərbaycanı təhqir etmək əmri gəlsə, həmin andan buyruq qulları ölkəmizə qarşı yeni hücumlara start verəcəklər. Əslində hər iki xalqa əməkdaşlıq əl verir. Hər bir dövlət maraqlıdır ki, qonşuları tərəfindən təhlükəsizliyə xətər gəlməsin".
Qeyd edək ki, son günlər, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında Düşənbədə baş tutan görüşdən sonra Rusiya rəsmiləri əvvəlki ritorikadan fərqli olaraq Azərbaycana qarşı "isti" fikirlər səsləndirməyə başlayıblar. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da brifinqdə bildirib ki, Moskva Bakı ilə sıx əməkdaşlıqda maraqlıdır.
Zaxarova vurğulayıb ki, Rusiya Azərbaycanla müxtəlif regional formatlarda, o cümlədən MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Xəzər beşliyi və 3+3 regional əməkdaşlıq platformasında, eləcə də Avrasiya təhlükəsizlik arxitekturasının qurulması çərçivəsində sıx əməkdaşlıq etməkdə maraqlıdır.
Rüfət Sultan
Şərhlər