Dünya 17:43 13.08.2022

Krımı humanitar fəlakət təhlükəsi gözləyir

2014-cü ildə yarımadanın de-fakto Rusiyaya qatılması respublika əhalisinə əlavə çətinlik və əziyyətdən başqa, heç nə verməyib 

Ukraynaya qarşı 6 aya yaxındır davam edən işğalçılıq müharibəsi zamanı vaxtaşırı Rusiya tərəfindən 8 il bundan qabaq ələ keçirilən Krım Muxtar Respublikasının azad olunması məsələsi və yarımadadakı indiki vəziyyət gündəmə gəlir. Bu yaxınlarda yarımadada yerləşən Rusiyanın əsas hərbi aerodromunda baş verən dəhşətli partlayışdan sonra Krımdakı ümumi durum, bundan sonra bölgəyə turistlərin gəlib-gəlməməsi (əsasən Rusiya Federasiyasından olan) məsələləri yenidən aktual mövzulara çevrilib.

Təbii ki, bu zaman 2014-cü ildən sonra Krımdakı sosial-iqtisadi vəziyyətin hansı istiqamətdə dəyişdiyi, əhalinin rifah halının artıb-artmaması suallarına cavab axtarmaq lazım gəlir. Məlum olduğu kimi, Krım Muxtar Respublikası Rusiyaya birləşdiriləndə yarımadanın Rusiya ilə quru əlaqəsi yox idi. Buna görə də  V. Putin ilhaq edilən yarımada ilə Rusiyanı birləşdirmək üçün Kerç boğazından körpünün inşası layihəsinə strat verdi. Düzdür, Krım körpüsü artıq neçə ildir (2018-ci ilin mayından) istifadəyə verilib. Lakin Krımın birləşdirilməsindən sonrakı dövrdə "ən böyük uğur” kimi adlandırılan layihənin həyata keçirilməsi heç nəyi dəyişmədi. Belə ki, Krım körpüsünün inşası guya mühəndislik, memarlıq  cəhətdən "möcüzə” və regionun Rusiya ilə inteqrasiyası baxımından mühüm hadisə elan edilsə də, bölgədəki vəziyyətin hərtərəfli müşahidəsi göstərir ki, reallıq tamam başqadır.

Yerli və xarici ekspertlərin qənaətinə görə, körpü ətrafında vaxtilə qaldırılan saxta səs-küy və ajiotaj əslində Krım yarımadasında baş verən digər mənfi tendensiyaları ört-basdır etmək üçün düşünülmüş addımlardan olub. Çünki Rusiyaya birləşdirildikdən sonra, rus rublundan istifadə istisna olmaqla, əhali "yenilik” deyə başqa heç nəyin şahidi olmayıb, əskinə son 8 il ərzində xüsusilə infrastruktur sahəsində yenidənqurma işlərinin aparılmaması, sosial-iqtisadi sahədə nümayiş etdirilən son dərəcə etinasızlıq nəticəsində Krım tatarları başda olmaqla, yerli əhalinin bir hissəsi yarımadanı tərk etmək məcburiyyətində qalıb. Belə ki, Ukraynaya qarşı Rusiya təcavüzünə qədər yarımadanın əhalisinin hiss etmədiyi su qıtlığı indiki dövrdə ciddi problemə çevrilib. Halbuki Ukraynanın Xerson vilayətinin əsas hissəsinin işğal edilməsindən sonra içməli su və təsərrüfat sahəsində işlədilən su sarıdan əhalinin durumu yaxşılaşmaq əvəzinə daha da pisləşib. Eyni zamanda, su kəmərlərinin və əhaliyə içməli suyun çatdırıldığı su borularının vəziyyəti acınacaqlı vəziyyətdədir. Qəribə olan odur ki, Rusiya hakimiyyəti infrastruktur sahəsində mövcud olan ciddi problemlərin yaranmasını  Ukrayna tərəfindən  düşünülmüş şəkildə  əməliyyatların həyata keçirilməsi ilə əlaqələndirir. Halbuki Krımdan əlavə, bu il Xerson və Zaporojye vilayətlərinin əksər ərazilərinin işğalından sonra yarımadadakı vəziyyətin daha da yaxşılaşacağını vəd edən elə Rusiya rəsmiləri və Krım Respublikasının qondarma rəhbərliyi idi. İndiki vaxtda Ukraynanı yarımadadakı əhalinin vəziyyətinin acınacaqlı olmasında günahlandırmaq yerinə düşmür, çünki nəinki bu cür əsassız ittihamları təsdiqləyə biləcək, hətta ona dəlalət edən heç bir məlumat yoxdur.

Bu ittihamların əsassızlığı bir də ondadır ki, Krımdakı vəziyyəti Ukrayna Ordusunun təxribatları ilə əlaqələndirən Putin hakimiyyətinin təmsilçiləri son səkkiz ildə rəsmi Kiyevin yarımada əhalisi üçün ciddi problem yaratmaması faktını unudurlar. Eyni zamanda qonşu dövlətin ərazisini raket və hava hücumuna məruz qoyanda heç bir ehtiyat tədbirlərini nəzərə almayan Rusiyadan fərqli olaraq, Ukrayna silahlı qüvvələrinin düşmənin hərbi-strateji cəhətdən əhəmiyyətli olan və möhkəmləndirilmiş döyüş mövqelərinə sərrast zərbələr endirməsi və mülki vətəndaşların itkilərindən yayınması ilə seçildiyi daha çox müşahidə edilir.

Bu yaxınlarda yarımadada baş verən partlayışlardan sonra bəzi sakinlərin təhlükəsizlik səbəbindən Krım körpüsünün bağlanması, işməli su və elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olması ilə bağlı mesajlar alması da, Ukraynanın təxribat fəaliyyəti ilə əlaqəli deyil. Əslində bütün bunlar Krımda baş verənlərə görə Ukrayna hakimiyyətini və hərbçilərini günahlandırmaq məqsədi güdən xüsusi təbliğatla bağlıdır. 

Beləliklə, Rusiyanın işğalçılıq müharibəsi ilə artıq yarım ildir regionda davam edən böhranın dərinləşməsi Krımda humanitar fəlakət təhlükəsini daha da artırır.  Buna görə də rəsmi Moskvanın verdiyi vədləri yerinə yetirmədiyi üçün üzləşdiyi vəziyyətdən çıxış yolu kimi Ukrayna hakimiyyətini hədəf seçməsi təsadüfi deyil. Halbuki Krım əhalisinin əziyyət çəkdiyi böhran və yarımadanı gözləyən humanitar fəlakət təhlükəsinin əsas günahkarı Putin Rusiyasıdır və bunların hamısının səbəbi Rusiyanın işğalçı müharibəsidir. Yəni 2014-cü ildə yarımadanın de-fakto Rusiyaya qatılması Krım əhalisinə əlavə çətinlik və əziyyətdən başqa, heç nə verməyib.

Nazim Əlizadə