Ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Nadir Səlifov (Lotu Quli) və onun klanına qarşı əks cəbhədə dayanan gürcü əsilli "qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) kriminal aləmin ali statusundan məhrum edilə bilər.
Qaynarinfo xəbər verir ki, artıq Şakro Molodoya qarşı böyük bir cəbhə formalaşıb. Nüfuzli "qanuni oğru”lar Tariel Onianı (Taro) və Merab Canqveladzenin (Merab Suxumski) rəhbərlik etdiyi Suxumi klanı Zaxari Kalaşovla son dəfə haqq-hesab çəkmək niyyətindədir.
Məlumatlara görə, bu günlərdə Şakro Molodoyla bağlı son qərarın verilməsi üçün Türkiyədə böyük "sxodka” təşkil olunub. Toplantıya Suxumu klanına daxil olan "qanuni oğru”larla yanaşı, Şakro Molodoyu qəbul etməyən kriminalitetlər də dəvət olunub.
"Sxodka”nın Şakro Molodoya yaxınlığı ilə seçilən "qanuni oğru” Aslan Kobuladzenin Kutaisi türməsindən və Rustavidəki koloniyadan onun adına gələn "qara pullar”ın taleyinə aydınlıq gətirilməsi üçün təşkil olunduğu bildirilsə də, əsas məqsəd Zaxari Kalaşovu küncə sıxışdırmaq olub.
Aslan Kobuladze əvvəlcə rəsmi dəvət tələb edib. Sonra ümumiyyətlə "yox”a çıxıb.
Məlumat üçün deyək ki, Kobuladze "obşak”ın pullarına nəzarət üçün oğlunu mükəlləf edib ki, bu da kriminal qaydalara ziddir. Bildirilir ki, Kobuladzenin oğlu bu məsul vəzifəni icra edəcək qədər nüfuza malik deyil. İkincisi isə kriminal dünyada "obşak” "ailə təsərrüfatı" hesab edilmir.
Suxumi klanı düşünür ki, Kobuladze bu üsulla "qara pullar”ı təyinatı üzrə xərcləməyib. Onun "sxodka”ya gəlməkdən imtina etməsi isə şübhələrin təsdiqi kimi qəbul edilə bilər. Çünki qaydalara əsasən, "sxodka”dan yayınan "qanuni oğru” artıq ittihamları qəbul etmiş hesab olunur. Ən yaxşı halda ona qarşı şübhələrin əsassız olmadığına və qarşı tərəfin müvafiq qərar çıxarmasına rəvac verir. Beləliklə, Aslan Kobuladze hər an "qanuni oğru” statusunu itirə bilər.
İddialara görə, Suxumi klanı mövzunu Şakro Molodoyun sıradan çıxarılmasına qədər uzatmaq niyyətindədir.
Zaxari Kalaşov Nadir Səlifov və onun klanını sıradan çıxarmaq üçün ən çox çalışan kriminalitet olub. "Lotu Quli" ilə Suxumi klanının yaxınlaşması da bu üzdən baş verib. Şakro Molodoyun sıradan çıxarılması Nadir Səlifovun qisasının alınması kimi də qəbul edilə bilər.
Seyid
Şərhlər