Analitiklər və tədqiqatçılar bildirirlər ki, İran hakimiyyəti ticarət əməliyyatlarını həyata keçirmək üçün milyardlarla dollar həcmində kriptovalyutalardan istifadə edib.
Qaynarinfo "Wall Street Journal"a istinadən xəbər verir ki, İran Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının nümayəndəsi Hamid Xoseyni Tehranın Hörmüz boğazından keçən tankerlərdən hər barel neft üçün 1 dollar rüsum aldığını və bu ödənişlərin sanksiyalar səbəbindən izlənilə və ya müsadirə edilə bilməməsi üçün kriptovalyuta ilə qəbul edilməsini istədiyini bildirib.
"Chainalysis" şirkətinin məlumatına görə, İranın kriptovalyuta ekosistemi son illərdə sanksiyalar, milli valyutanın devalvasiyası və xarici hərbi təhdidlər fonunda sürətlə böyüyüb və 2025-ci ildə təxminən 7,8 milyard dollara çatıb.
Analitiklər və tədqiqatçılar qeyd edirlər ki, İran rejimi kriptovalyutalardan ticarət əməliyyatlarının aparılması, silah və xammal alınması, eləcə də vəsaitlərin toplanması üçün istifadə edib. Eyni zamanda, rəqəmsal valyutalar yüksək inflyasiya və İran rialının dəyər itirməsi ilə mübarizə aparan sıravi iranlılar üçün də çıxış yolu olub.
İsfahanın mərkəzində yaşayan peşəkar bitkoin treyderinin sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin kriptovalyuta bazarında ən aktiv iştirakçılardan biridir və tez-tez mədənçilik üçün ölkənin onsuz da məhdud elektrik enerjisi resurslarını tükədir.
"İstənilən geniş sanksiyalara məruz qalan yurisdiksiyada kriptovalyuta faydalı olur. Onun vasitəsilə sərhədlərarası ticarət əməliyyatları və hesablaşmalar çox asan həyata keçirilir. Bu, sürətlidir və İranda mövcud güclü kripto mühiti nəzərə alınaraq nisbətən asan əldə olunur", deyə "Chainalysis” şirkətinin kəşfiyyat üzrə baş analitiki Keytlin Martin bildirib.
Kriptoanalitiklərin fikrincə, gəmiçilik şirkətləri böyük həcmdə tokenləri qısa müddətdə almaq və köçürməkdə çətinlik çəkə bilər. Rəqəmsal aktivlərin alınması, saxlanması və hərəkəti hətta ideal şəraitdə belə əməliyyat maneələri yarada bilər.
Qeyd olunur ki, İranın rəqəmsal infrastrukturuna ABŞ tərəfindən artıq sanksiyalar tətbiq edilib. Belə ki, yanvar ayında ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Böyük Britaniyada qeydiyyatdan keçmiş "Zedcex” və "Zedxion” kriptobirjalarını İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli təxminən 1 milyard dollarlıq əməliyyatlara yardım etdiklərinə görə "qara siyahı”ya əlavə edib.
2 martda İran Hörmüz boğazının bağlandığını elan edib ki, bu da Yaxın Şərqdən neft, qaz, mühüm metallar, xammal və gübrə tədarükünü faktiki olaraq dayandırıb.
Vaşinqton və Tehran arasında aparılan danışıqlar zamanı ABŞ prezidenti Donald Tramp hücumları iki həftəlik dayandırmağa razılaşıb və ABŞ-ın əvvəlcədən qoyduğu hərbi məqsədlərin artıq tam və ya daha artıq şəkildə əldə edildiyini bildirib.
Bunun qarşılığında İran Hörmüz boğazını atəşkəs müddətində açmağa razılaşıb. Həmçinin iki həftəlik atəşkəs planı İran və Omanın boğazdan keçən gəmilərdən rüsum almasına icazə verilməsini də nəzərdə tutur.
Aydın
Şərhlər