Avropada aviasiya sektoru ciddi enerji böhranı ilə üz-üzə qalıb. Ekspertlərin xəbərdarlığına görə, yeni tədarüklər təmin olunmasa, bəzi ölkələr yaxın 8–10 gün ərzində aviasiya yanacağından məhrum ola bilər və bu, yay uçuş mövsümünü təhlükə altına salır.
Qaynarinfo-nun "Corriere della Sera" nəşrinə istinadən məlumatına görə, bir sıra Avropa ölkələrində kerosin ehtiyatları cəmi 8–10 günə tükənə bilər. Ümumilikdə isə mövcud ehtiyatların – son tədarüklər də daxil olmaqla – yalnız may ayının ikinci–üçüncü ongünlüyünə qədər kifayət edəcəyi bildirilir.
Mənbələrin sözlərinə görə, Avropada cəmi iki ölkə 90 günlük ehtiyata malikdir, əksər dövlətlər isə böhrana bir aydan artıq tab gətirə bilməyəcək. Xüsusilə Şərqi Avropa ölkələrində vəziyyət daha kritikdir – bəzi yerlərdə yanacaq ehtiyatlarının iki həftədən az müddətdə tükənəcəyi ehtimal olunur.
Böhranı dərinləşdirən əsas amillərdən biri Avropanın idxaldan asılılığıdır. Belə ki, aviasiya yanacağının təxminən 43 %-i Fars körfəzi regionundan gətirilir. Hörmüz boğazı ətrafında tankerlərin hərəkətində yaranan problemlər isə artıq tədarüklərin kəskin azalmasına səbəb olub.
Eyni zamanda Avropadakı neft emalı zavodlarının maksimum güclə işləməsi istehsalın qısa müddətdə artırılmasını mümkünsüz edir.
Məlumata görə, artıq bəzi hava limanlarında təyyarələrin yanacaqla təminatına məhdudiyyətlər tətbiq olunur, müntəzəm reyslərə üstünlük verilir, özəl uçuşlara isə xidmət dayandırılır. Təchizatçılarla aviaşirkətlər arasında daxili yazışmalar da resurs çatışmazlığının artdığını göstərir.
Ekspertlər bildirirlər ki, may ayı həlledici olacaq. Əgər yeni tədarüklər baş tutmasa, ölkələr strateji ehtiyatlardan istifadə etməyə başlayacaq və bəzi hava limanlarında yanacaq təminatı məhdudlaşdırıla və ya tam dayandırıla bilər. İtaliyada ilkin hesablamalara görə ehtiyatlar 30–60 gün kifayət edir.
Problemi çətinləşdirən digər amil isə logistika ilə bağlıdır. Hətta Hörmüz boğazında vəziyyət sabitləşsə belə, yanacağın Avropaya çatdırılması həftələr, böyük tankerlər üçün isə iki aya qədər vaxt apara bilər. Üstəlik, gəmi sığortasının yüksək qiyməti də daşınma xərclərini artırır.
Hazırda Avropa İttifaqı üçün alternativ əsasən ABŞ-dan tədarüklər hesab olunur, lakin bu variantın qiyməti və şərtləri hələlik məlum deyil. Yaxın günlərdə Brüsseldə ehtiyatların real həcmi qiymətləndiriləcək və böhranın yumşaldılması üçün addımlar müəyyənləşdiriləcək.
Qeyd edək ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Jannik Jorgonsen Aİ ölkələrini İranla bağlı müharibə fonunda enerji tədarükündə uzunmüddətli fasilələrə hazır olmağa çağırıb. Brüssel xüsusilə aviasiya yanacağı və dizel təminatından narahatdır.
Eyni zamanda İtaliyanın ən böyük hava limanlarından birində yanacağın tükənməsi səbəbindən reyslərin ləğv edildiyi bildirilir. Rəsmilər isə bu çatışmazlığın müvəqqəti olduğunu və Pasxa bayramı dövründə tələbin artması ilə əlaqəli olduğunu qeyd ediblər.
Günay
Şərhlər