Nigeriyanın şimal-şərqində təhlükəsizlik vəziyyəti yenidən gərginləşib. Boko Haram terror qruplaşmasının həyata keçirdiyi son hücum nəticəsində hərbçilər arasında itkilər qeydə alınıb.
Qaynarinfo-nun yerli KİV-lərə istinadın məlumatına görə, ölkənin Borno ştatı ərazisində fəaliyyət göstərən terrorçular Benisheikh bölgəsində koordinasiyalı hücum təşkil ediblər.
Hücum zamanı hərbi mövqelər ələ keçirilib və terrorçularla ordu arasında şiddətli toqquşma baş verib.
Hadisə nəticəsində aralarında Tuğgeneral O.O. Braimahın da olduğu 10 hərbçi həlak olub, çox sayda insan isə yaralanıb.
Nigeriya Ordusunun yaydığı açıqlamada həlak olan hərbçilərin dəqiq sayı göstərilməsə də, "Təəssüf ki, bu qarşıdurmada vəzifə başında ən böyük fədakarlığı göstərən bir neçə cəsur və qəhrəman əsgərimizi itirdik” ifadəsi yer alıb.
Qeyd edək ki, Boko Haram 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərir və xüsusilə 2009-cu ildən etibarən həyata keçirdiyi terror aktları nəticəsində on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən sonra fəaliyyətini genişləndirərək Kamerun, Çad və Niger ərazilərində də hücumlar təşkil edib. Çad gölü hövzəsində baş verən hücumlarda ən azı 2 min nəfər həyatını itirib.
Ölkədə davam edən terror hücumları və silahlı qarşıdurmalar səbəbindən yüz minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb.
Günay
Şərhlər